Məhkəmə qərarları › İş №2-1(112)-6044/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6044/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6044/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı İnzibati Məhkəməsinin 5.04.2021-ci il tarixli 2-1(112)-3029/2021 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2-1(112)-3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək icraatın təzələnməsi barədə ərizənin ləğv edilməsi və ona dəymiş 20.000 manat maddi ziyanın ödənilməsini xahiş etmiş, iddiaçının müraciətinə cavab verilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20000 manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, 3 il əvvəl Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3029/2021 nömrəli 5.04.2021-ci il tarixli qanuni qüvvəsini almış və icra edilmiş qərarı ilə bağlı Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli icraatın təzələnməsinə dair ərizəsi yazmaqla, hüquqlarını pozmaqla qanunların aliliyinə biganə münasibət bəslədikləri üçün ona külli miqdarda maddi zərər vurmuşdur. Yəni haqsız-əsassız olaraq qanuni qüvvəsini almış qərarı mübahisələndirdiyi, müraciətinə müsbət cavab verməməklə məhkəmə çəkişmələrinə cəlb edilməyi, məhkəməyə sənədləri hazırlamağı, yol gedib gələrkən yol xərci, sənədləri toplayarkən bir çox hüquq müdafiəçilərindən ödənişli məsləhət almağı və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 20000 (iyirmi min) manat maddi zərər vurulmuşdur. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətlə bağlı hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3029/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2-1(112)-3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi icraatın təzələnməsi barədə ərizə verdiyindən iddiaçı hazırkı tələbi irəli sürmüşdür. İddiaçı hesab edir ki, Nazirlik icraatın təzələnməsi barədə ərizə verməklə ona maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. – Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı tələbində iddiaçı Nazirlik tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə işi üzrə icraatın təzələnməsi barədə ərizə verilməsi nəticəsində ona maddi ziyan vurulduğunu iddia edir. İddiaçı maddi ziyanın vurulmasını məhkəməyə getməklə bağlı yol xərci, hüquqşunaslardan ödənişli hüquqi yardım alması, məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı ona 20.000 manat maddi ziyan dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu halı sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilən inzibati iş üzrə məhkəmə icraatı bir məhkəmə iclası ilə yekunlaşmışdır. Digər tərəfdən iddiaçı hüquqi yardımın göstərilməsi ilə hər hansı vəsait ödəməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı elektron kabinetə malikdir və hazırkı iş üzrə məhkəmə qərarının layihəsi hazır edilib elektron imza ilə imzalanmamış artıq məhkəmə qərarından formal apellyasiya şikayətini elektron kabinetə yerləşdirmişdir. Bundan başqa İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Məhkəmə qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermək hüququ inzibati məhkəmə icraatının iştirakçılarının məhkəməyə müraciət etmək hüququdur. Nazirlik ərizə verməklə məhkəməyə müraciət hüqqundan istifadə etmişdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 aprel 2004-cü il tarixli Qərar). Demokratik cəmiyyətin və hüquqi dövlətin möhkəmlənməsi və inkişafına təkan verən əsas hüquqlar sırasında müraciət etmək hüququ xüsusi yer tutur. Həmin hüququn təmin olunması hər kəsin sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının, o cümlədən təhlükəsizliyinin qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, onların daha dolğun həyata keçirilməsinə zəmin yaradır (“M.A.Muradovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 aprel 2004-cü il tarixli Qərar). Bundan başqa məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3029/2021 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadınan müəyyən edilir ki, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-1(112)-3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya hər hansı maddi ziyan dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi rədd eidlməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar