Məhkəmə qərarları › İş №2-1(112)-6045/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6045/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6045/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Cavabdehin pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının pensiyaya çıxdığı tarixdən hazırki günə qədər pensiyaya çıxdığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin avqust ayından başlayaraq, cavabdeh tərəfindən ona hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya yəni, 338 manat məbləğində pensiya ödənilməsi barədə qərar verilib. Belə ki, 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələb edilib. Belə ki, iddia ərizəsində ümumilikdə, ona 14300.88 manat məbləğində artıq vəsait ödənildiyi göstərilərək, bu vəsaitin geri qaytarılmalı olduğu bildirilib. Artıq vəsaitin ödənilməsi isə onunla əsaslandırılıb ki, guya onun pensiya məbləğim düzgün olmayaraq artıq hesablanıb. Pensiya məbləğinin düzgün hesablanmaması iddia ərizəsində iki dövrə bölünərək, aşağıdakı qaydada əsaslandırılıb:

1. xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasında olan dövr - 01 avqust 2016-cı il tarixdə sabiq dövlət qulluqçusu kimi pensiyaya çıxdığı zaman orta aylıq əmək haqqı 598.86 manat təşkil edib. İş üzrə cavabdeh DSMF-in fikrincə, ona ödənilməli olan pensiya “Əmək pensiyaları haqqında" qanunun 20.11.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasına əsasən, orta aylıq əmək haqqının 45%-i məbləğində müəyyən edilərək, 269,49 manat məbləğində olmalı idi. Lakin, bunun əksinə olaraq, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ona 269,49 manat əvəzinə, 488,17 manat məbləğində pensiya ödənilib. Hesab edilib ki, bununda nəticəsində, qeyd edilən dövr ərzində ona 4154,92 manat artıq vəsait ödənilib. 2. xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasında olan dövr - Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanı ilə “2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Bu Qaydanın 2.2.3-cü bəndinə əsasən, şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavəni hesablamaq üçün, minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50%/15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Əmək pensiyasına əlavəni hesablamaq üçün DSMF müəyyən edib ki, onun vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 01 mart 2018-ci il tarixdən etibarən 664.77 manat təşkil edib. 01 mart 2018-ci il tarixədək isə o, işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 598.86 manat təşkil edib. DSMF hesablayıb ki, 01 mart 2018-ci il tarixdə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı ilə pensiyaya çıxdığı dövrdəki orta aylıq əmək haqqı arasındakı fərq məbləği 65.91 manat təşkil edir və Fərmana əsasən, pensiya məbləğinə artım isə 65.91 manatın 18,06%-i olmaqla, 11.90 manat təşkil edir. Beləliklə, DSMF hesab edib ki, 2017-ci ildən əvvəl pensiyaya çıxdığı üçün Prezidentin yuxarıda qeyd edilən Fərmanına əsasən, 1 mart 2018-ci il tarixədək olan pensiya məbləği, yəni 269,49 manat məbləği 11.90 manat məbləğində artırılaraq, 1 mart 2018-ci il tarixdə pensiyası 281.39 manat olmalı idi. Ona isə, 281.39 manat əvəzinə 01 mart 2018-ci il tarixdən 31 avqust 2019-cu il tarixədək 574.32 manat məbləğində pensiya ödənilib. Bunun da, nəticəsində DSMF hesab edib ki, ona 5274.74 manat məbləğində artıq vəsait ödənilib. İddia ərizəsinə baxan Bakı İnzibati Məhkəməsi 21 aprel 2022-ci il tarixli qərarı ilə DSMF-in iddia tələblərini təmin etməyib. Bu qərardan verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılıb və kassasiya şikayəti verilmədiyi üçün qərar qüvvəyə minib. Pensiya məbləğinin artırılması və indeksasiya nəticəsində sonuncu dəfə ona təyin edilmiş pensiya məbləği 780 manat olsa da, 2020-ci ilin avqust ayından başlayaraq, hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya yəni, 338 manat məbləğində pensiya alır. Lakin, bugünədək bunun səbəbləri haqqında DSMF ona hər hansı rəsmi məlumat verməyib. Hətta bunun səbəbləri haqqında DSMF-ə sorğu versə də, bu sorğusu da, bugünədək cavalandırılmayb. DSMF-nin ona qarşı olan iddiası üzrə aparılan məhkəmə işində appellyasiya şikayətindən məlum olub ki, ona hazırda 338 manat pensiya ödənilməsinin səbəbi odur ki, DSMF hesab edib ki, onun pensiyası 338 manat olmalıdır və yalnız bu məbləği ona ödəməyə başlayıb. Beləliklə, yuxarıda göstərilən hesablamalar əsasında cavabdeh 2020-ci ilin avqust ayından ona 442 manat məbləğində daha az pensiya ödəyir ki, hesab edir ki, bu hesablama yanlışdır və pensiyasını məbləği yenidən hesablanmalıdır və 2020-ci ilin avqust ayından hesablanmaqla ödənilməyən 442 manat pensiya məbləği ona ödənilməlidir. DSMF-in iddia ərizəsi üzrə məhkəmə işindən məlum olduğu üzrə, DSMF yenidən hesablama apararaq hesab edib ki, o, dövlət qulluqçusu kimi pensiyaya çıxdığı zaman onun pensiya məbləği 269.49 manat olmalı idi. Bunu əsaslandırmaq üçün isə DSMF “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasına istinad edib ki, qeyd edilən maddəyə əsasən ona, orta aylıq əmək haqqının 45%-i məbləğində pensiya təyin edilməli idi. Onun da, orta aylıq əmək haqqı 598.86 manat olduğundan, bu məbləğin 45 %-i isə 269.49 manat təşkil edir. DSMF əmək pensiyasını hesablayarkən yalnız “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinə istinad etməsi tamamilə yanlışdır. Belə ki, DSMF-in istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin başlığına baxmaq DSMF-nin əmək pensiyasının məbləğini yenidən hesablayarkən kobud səhvə yol verildiyini müəyyən etməyə kifayət edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddasi belə adlanır “Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr”. Göründüyü kimi, DSMF-nin pensiyanın məbləğini müəyyən etmək üçün istinad etdiyi qanunun 20-ci maddəsi pensiyanın özünü deyil, sadəcə qulluq stajına görə əlavənin məbləğini müəyyən edir. Bəli, qeyd edilən maddəyə əsasən, pensiyaya çıxdığı zaman əmək pensiyasına əlavənin məbləği 269.49 manat təşkil edib. Bu əlavə məbləği isə ona ödənilməli olan pensiya məbləğinin üzərinə gəlinməli idi. O, pensiyaya çıxdığı zaman yəni 01 avqust 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının özü aşağıdakı qaydada hesablanırdı: “Əmək pensiyaları haqqında” Qanunun 4.2-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, yaşa görə əmək pensiyası baza, sığorta və yığım hissələrindən ibarət idi. “Əmək pensiyaları haqqında qanunun” 10.1-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən isə, yaşa görə əmək pensiyasının baza hissəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilirdi. Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 1704 saylı Sərəncamının 1 -ci bəndinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı ilin fevralın 1-dən 110 manat məbləğində müəyyən edilib. Deməli, aydın olduğu kimi, mən pensiyaya çıxdığı zaman pensiyasının baza hissəsi 110 manat idi. İndi isə pensiyasının sığorta hissəsinin hesablanmasına keçdikdə, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1 -ci maddəsinin 10 mart 2017-ci il tarixinədək qüvədə olan redaksiyasına əsasən. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” Qanun 2006-cı ildə qüvvəyə minib. 2006-cı ilədək isə 1967-ci ildən hesablanmaqla 39 il ümumi iş stajı olub. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 27.1 –ci maddəsinə əsasən, 39 illik stajının hər bir ili üçün 170 manat hesabla bu, 6630 manat edir. Deməli, 2006-cı ilədək onun pensiya kapitalı 6630 manat məbləğində hesablanıb. Ona pensiya 2016-cı ildə təyin edildiyi üçün 2006-cı ildə 6630 manat olan məbləğ 2016-cı il tarixdə indeksləşdirilərək nəzərə alınmalıdır. Belə ki, Əmək pensiyaları haqqında qanunun 29.2-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının sığorta hissəsi (o cümlədən, bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Dövlət Statistika Komitəsinin onlayn kalkulyatoruna (https://www.azstat.org/pr03101011/) əsasən, 2016-cı ildə avqust ayında 2006-cı ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 206.0 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır. Bu o deməkdir ki, pensiya məbləğim hesablanarkən 2006-cı ilədək hesablanmış 6630 manat pensiya kapitalı 2016-cı ildə pensiya təyin edilərkən 2,1ə vurularaq 13,923 manat olaraq nəzərə alınmalıdır. 2006-cı ildən sonra isə işləməyə davam etdiyindən 2006-cı ildən pensiyaya çıxdığı 2016-cı ilədək yığılmış pensiya kapitalı isə təxminən ən azı 10,000 manat həcmində olar. Beləliklə, xx.xx.2011-ci il tarixli DSMFin Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na əsasən, 10,000 manatın üzərinə 2006-cı ilədək hesablanmış 6630 manatın indeksləşdirilmiş məbləğini (13,923) gəlsək, edir 23,923. Deməli, onun pensiya kapitalı 23,923 manat olub. Bu rəqəmi isə yuxarıdakı düsturda göstərildiyi kimi, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 144-ə (qeyd edilən Qaydalara əsasən) bölsək, edəcək 166,13. Nəticədə, alınır ki, onun pensiyasının sığorta hissəsi təxmini 166,13 manat olub. Hazıradək, yuxarıda hesablanmış rəqəmlərə əsasən yaşa görə əmək pensiyası hesablansa aşağıdakı rəqəm alınacaq: 110 manat (baza hissəsi) + 166,13 manat (sığorta hissəsi) + 0 (yığım hissəsi) + 269.49 (qulluq stajına görə əlavə) = 545.62 manat. Deməli, onun pensiyası DSMF-in iddia etdiyi kimi yalnız əlavədən ibarət olaraq 269.49 manat ola bilməzdi. Əslində DSMF tərəfindən də, ilkin olaraq ona 01 avqust 2016-cı il tarixdə 488.17 manat məbləğində pensiya təyin edib. Onun sığorta hissəsini təxmini hesabladığı rəqəmlə pensiya məbləği 545.62 manat alındı. Buradan da, göründüyü kimi, pensiyası DSMF-nin ilkin olaraq təyin etdiyi 488.17 rəqəmindən az ola bilməzdi. Yuxarıda qanunlara əsasən apardıqları hesablamalardan da, göründüyü kimi, DSMF-nin ona artıq pensiya ödənildiyinə dair iddiasının heç bir hüquqi əsası yoxdur. Ona pensiya az təyin edilib, nəinki artıq. Üstəlik, onu da nəzərə çatdırmışdır ki, ona ilk dəfə yaşa görə pensiya 2008-ci ildə, 57 yaşında təyin edilib və bu zaman ona təyin edilmiş pensiyanın məbləği 269 manat olub. O, daha sonra 8 il işləmiş və dövlət qulluçusu olaraq pensiyaya çıxmışdır. Bu zaman yenidən hesablanan pensiyası necə ola bilərdi ki, DSMFin iddia etdiyi kimi 269 manat olsun?! DSMF onun əmək pensiyanın məbləğinin yalnız qulluq stajlna görə əlavəyə əsasən hesablayarkən hər hansı qanununa istinad edərək göstərməyib ki, nəyə görə onun pensiyası yalnız əlavədən ibarət olmalıdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 37.2-ci maddəsinə əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Yəni gərək öncə pensiya olsun ki, onun əlavəsi də, ola bilsin. Pensiya olmadan onun əlavəsinin olması absurddur. DSMF isə tamamilə yanlış olaraq yalnız pensiyaya əlavə məbləğini ona təyin edilməli olan pensiya məbləği kimi hesablayıb ki, bunun da, yanlış olduğunu yuxarıda kifayət qədər geniş şəkildə əsaslandırmışlar. Beləliklə, DSMF-in yanlış hesablama apararaq iki ildən artıqdır ki, ona 442 manat daha az pensiya ödəyir. Bütün bunlar isə onun mülkiyyət hüququnu pozub.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən 1 avqust 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına görə əlavə 23,26 manat, ixtisas dərəcəsinə görə əlavə 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavə 155,60 manat olmaqla, orta aylıq əmək haqqı 598,86 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 5 ay 19 gün qulluq stajına uyğun (xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr müddəti) olaraq orta aylıq əmək haqqının (598,86 manat) 45 faizi-269,49 manat məbləğində müəyyən edilmişdir. Lakin, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı hər ay 488,17 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində iddiaçıya 4154,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 5 ay 19 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə işlədiyi vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavəsi 25,98 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 173.79 manat olmaqla orta aylıq əmək haqqısı 664.77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə onun işlədyi vəzifə üzrə orta aylıq əmək haqqısı (598.86 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (664.77 manat) arasındakı fərq məbləğinin (65.91 manat) 18,06 faizi 11.90 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (269.49 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 281,39 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 574.32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 5272,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 645,00 manat, qulluq stajına görə əlavəsi 38,97 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 260,69 manat olmaqla, orta aylıq əmək haqqısı 979,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (664,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (979,66 manat) arasındakı fərq məbləğinin (314,89 manat) 18,06 faizi-56,87 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (281,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 338,26 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2019-xx.xx.2020-cı il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 781.28 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində İddiaçı 4873,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən dövlət qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüquqları vardır. Həmin Qanunun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təyinatı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1- ci maddəsinə əsasən isə Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respubliksaı Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrləi Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən vəzifələrlə uyğunlaşdırılır. Eyni zamanda bildirirlər ki, “Dövlət qulluğu haqqında” Qanunun 11.4-cü maddəsinin ikinci bazasına uyğun olaraq dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi öz izahatında bildirdi ki, iddiaçının pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əlavələrin məbləği iddiaçıya düzgün hesablanmışdır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən 17 may 2023-cü il tarixli 3-17-1/2-109338/2023 nömrəli məktubla iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının və iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9-3/2-1983/2023 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. X2 Sadıxovnanın 1999-2011-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində bağban-dalandar, dalandar və fəhlə vəzifələrində iş müddəti ilə bağlı bildirirlər ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2004-cü il 142 nömrəli Qərarının 2-ci hissəsinə əsasən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində çalışdığı bağban-dalandar, dalandar və fəhlə vəzifələri dövlət qulluğu vəzifələri olmadığı üçün onun 1999-2011-ci illərdəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.

16. Belə ki, hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının əmək pensiyasının məbləğinin azalmasına əsas səbəb olan hal onun 1999-2011-ci illərdəki iş müddətinin (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində çalışdığı bağban-dalandar, dalandar və fəhlə vəzifələri) dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmaması olmuşdur.

17. Cavabdehin bu dəlilinin əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmiş, məhkəmənin sorğusuna sonuncu tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2004-cü il 142 nömrəli Qərarının 2-ci hissəsinə əsasən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində çalışdığı bağban-dalandar, dalandar və fəhlə vəzifələri dövlət qulluğu vəzifələri olmadığı üçün onun 1999-2011-ci illərdəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

18. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qulluq stajının hesablanması zamanı dövlət qulluğunda qulluq stajının azaldılması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.

19. Digər tərəfindən iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin onun əmək pensiyasının məbləğinin düzgün hesablanmamasının əsası kimi dəlili qulluq stajına görə əlavələrin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin (qulluq stajına görə əmək pensiyasına əlavələr) tələblərinə uyğun hesablanmaması olmuşdur.

20. İddiaçının bununla bağlı əsaslandırması odur ki, cavabdehin pensiyanın məbləğini müəyyən etmək üçün istinad ediyi 20-ci maddə pensiyanın özünü deyil, sadəcə qulluq stajına görə əlavənin məbləğini müəyyən edir. Yəni, qeyd edilən maddəyə əsasən pensiyaya çıxdığı zaman əmək pensiyasına əlavənin məbləği 269.49 manat (orta aylıq əmək haqqısı 598.86 manatın 45%-i) təşkil edib və bu əlavə isə ona ödənilməli olan pensiya məbləğinin üzərinə gəlinməli idi.

21. Məhkəmə iddiaçının həmin bu dəlilinə münasibətdə qanunvericiliyin aşağıda sadalanan normalarına istinad etməyi zəruri hesab edir.

22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. ... Maddə 14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. ... Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. ...

Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); ... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Qanunun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redakasiyasına əsasən dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 26.3. 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.

25. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən dövlət qulluqçularının onlara pensiya təyin edilməsi zamanı üstünlükləri vardır. Pensiyanın məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibin məbləğindən asılıdır. Dövlət qulluqçu kimi iddiaçının pensiyası dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redakasiyasına əsasən dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir.

26. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar