Məhkəmə qərarları › İş №2-1(112)-6046/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6046/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6046/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 18 avqust 1964-cü il tarixdə doğulmuşdur, 1 iyun 1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. 1 sentyabr 1979-cu il tarixdən 14 iyul 1982-ci il tarixədək Bakı şəhərində yerləşən 2 saylı orta ŞPTM-də təhsil almış, 5 noyabr 1982-ci il tarixdən 6 dekabr 1984-cü il tarixədək həqiqi hərbi xidmətdə xidmət keçmişdir. ИТ-1 ******* nömrəli əmək kitabçasına əsasən Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda 1 iyun 1985-ci il tarixdə 31 may 1985-ci il tarixli 208k nömrəli əmrlə Periodik sexə hərəkətli tərkibinin təmiri üzrə 3-cü dərəcəli çilingər qəbul edilmiş, 22 oktyabr 1985-ci il tarixdə həmin tarixli 483k nömrəli əmrlə Mühərrik-vaqon seksiyanın maşinisti köməkçisinin dublyoru keçirilmiş, 28 oktyabr 1985-ci il tarixdə həmin tarixli 492k nömrəli əmrlə Mühərrik-vaqon seksiyanın maşinisti köməkçisi kimi müstəqil olaraq işə buraxılmış, 1 aprel 1991-ci il tarixdə 3 aprel 1991-ci il tarixli 198k nömrəli əmrlə Mühərrik-vaqon seksiyanın maşinisti ixtisası verilmiş, 22 oktyabr 1993-cü il tarixdə 20 oktyabr 1993-cü il tarixli 525k nömrəli əmrlə Depo yanında MVS manevr maşinisti keçirilmiş, 26 noyabr 993-cü il tarixdə həmin tarixli 589k nömrəli əmrlə Mühərrik-vaqon seksiyanın maşinisti keçirilmiş, 3 oktyabr 2002-ci il tarixdə həmin tarixli 291 nömrəli əmrlə elektrik qatarlarının 3-cü dərəcəli maşinisti keçirilmiş, 15 aprel 2009-cu il tarixdə həmin tarixli 126k nömrəli əmrlə Elektrik qatarlarının maşinisti köməkçisi keçirilmiş, 13 may 2015-ci il tarixdə həmin tarixli 71k nömrəli əmrlə Elektrik qatarlarının maşinisti əvəzedicisi, 4 iyun 2015-ci il tarixdə həmin tarixli 96k nömrəli əmrlə Elektrik qatarlarının maşinisti keçirilmiş, 11 sentyabr 2015-ci il tarixdə həmin tarixli 245k nömrəli əmrlə 3 ay müddətində “Stadler” elektrik qatarının maşinisti keçirilmiş, 15 dekabr 2015-ci il tarixdə 329k nömrəli əmrlə “Stadler” elektrik qatarının maşinisti keçirilmiş, 4 aprel 2018-ci il tarixdə həmin tarixli 153 nömrəli əmrkə 2-ci dərəcəli elektrik qatarların maşinisti adı verilmiş, 23 iyun 2021-ci il tarixdə həmin tarixli 41 nömrəli əmrlə Lokomotiv briqadalarında stadler elektrik qatarlarının maşinisti vəzifəsinə işə qəbul edilmiş, 25 oktyabr 2021-ci il tarixli 652 nömrəli əımrlə ştat cədvəlində dəyişikliklə əlaqədar vəzifəsi elektrik qatar maşinisti adına dəyişdirilmişdir. Beləliklə onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə zərərli əmək şəraiti hesab edilir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş çilingər, maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi, maşinist peşəsində bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də, 12 yanvar 2022-ci il tarixdə cavabdeh məsələnin həllindən rəsmi qaydada imtina etmişdir. İmtina səbəbi isə onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmk pensiyası hüququ verən istehsalatlarını, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyaların maşinisti vəzifəsi nəzərdə tutulmadığı, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrininn və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcəli diapazonda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Həmçinin 1 iyul 1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motorvaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi”də nəzərdə tutulduğu qeyd edilmişdir. Belə olarsa, absurd bir qaydada 1 iyul 1993-cü il tarixədək onun işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunduğundan, müraciətdə qaldırılan məsələnin həllindən imtina olunmuşdur. «Əmək pensiyaları haqqında»’ Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən həmin qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilən halları nəzərə alaraq onun kifayət qədər stajı toplanır və 2021-ci ildən 57 yaşı tamam olduqdan sonra ona verilməli olan əmək pensiyasının hesablanaraq ödənilməsi təmin olunmalı idi. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr baxır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 aprel 2022-ci il tarixli məktubunda iddiaya etiraz olaraq qeyd olunur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, İPM-in 1.2 və 47-ci maddələrini rəhbər tutaraq işə dair etiraz təqdim olunur. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 dekabr 2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş 12 yanvar 2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsinin nəzərdə tutulmadığı, həmçinin “Vahid Tarif- İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor maşinisti vəzifəsinin qeyd edilmədiyi və yalnız 1 iyul 1993-cü il tarixədək işlədiyi motor-vaqon maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunduğu barədə məlumat verilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir ki, İddiaçı 31 may 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 28 oktyabr 1985-ci il tarixdən 3 oktyabr 2002-ci il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar xidmətində motor-vaqon seksiyalarının maşinist köməkçisi və motorvaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisənin İddiaçı dair 22 dekabr 2021-ci il tarixli 63 nömrəli arayışında əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırıldığı və həmin vəzifənin yuxarıda qeyd olunan vəzifə ilə eynilik təşkil etdiyi qeyd olunmuşdurr. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib-edilməməsi barədə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmiş, cavab olaraq aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmadığı, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilmədiyi bildirilmişdir. Bundan başqa 1 iyul 1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, qanunvericilikdə yalnız 1 iyul 1993-cü il tarixədək onun işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 3 gün (28 oktyabr 1985-ci il tarixdən 1 iyul 1993-cü il tarixədək olan dövrr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62,3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar xidmətinin 10 dekabr 2021-ci il tarixli 04 saylı arayışında qeyd olunur ki, İddiaçı həqiqətən "xxxx" QSC-nin Lokomotiv deposunda çilingər, maşinist köməkçisi, Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətində elektrik qatarının maşinist köməkçisi, elektrik qatarının maşinisti peşələrində çalışıb. Onun "xxxx" QSC-də güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 1 iyun 1985-ci il tarixdən 21 oktyabr 1985-ci il tarixədək 4 ay, 21 gün Lokomotiv Deposunda çilingər peşəsində çalışmışdır. 22 oktyabr 1985-ci tarixədək 22 iyun 2021-ci il tarixədək 35 il, 7 ay, 25 gün Lokomotiv deposunda maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi, maşinist peşəsində çalışmışdır. 23 iyun 2021-ci il tarixdən hal- hazıradək 5 ay, 16 gün İstismar xidmətində elektrik qatar maşinist köməkçisi peşəsində çalışır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 21.4ci maddəsində “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş çilingər, maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi, maşinist peşəsində bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Dəmir Yolu Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 20 dekabr 2021-ci il tarixli 260 nömrəli arayışında bildirilir ki, Şəmsəddinov (Mameşov) Qubaxan Pirməmməd oğlu həqiqətən 1979-cu ildə indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 nömrəli Peşə Məktəbi) “Elektrovoz maşinisti köməkçisi” ixtisas qrupuna daxil olmuş və 1982-ci ildə həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış 602745 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan "xxxx" QSC Sərnişin Daşımaları Departamenti İstehsal Xidmətinin 22 dekabr 2021-ci il tarixli 63 nömrəli arayışında qeyd olunur ki, İstismar Xidmətində işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə qərarının “21. Nəqliyyat” bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları eynilik təşkil edir. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X2 1982 – 1984-cü illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-1 ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Şəmsəddinov (Məmişov) Qubaxan Pirməmməd oğlu Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda 1 iyun 1985-ci il tarixdən 22 oktyabr 1985-ci il tarixədək Periodik sexə hərəkətli tərkibinin təmiri üzrə 3-cü dərəcəli çilingər, 22 oktyabr 1985-ci il tarixdən 28 oktyabr 1985-ci il tarixədək Mühərrik-vaqon seksiyanın maşinisti köməkçisinin dublyoru, 28 oktyabr 1985-ci il tarixdən 1 aprel 1991-ci il tarixədək Mühərrik-vaqon seksiyanın maşinisti köməkçisi (müstəqil olaraq işə buraxılmaqla), 1 aprel 1991-ci il tarixdə ona Mühərrik-vaqon seksiyanın maşinisti ixtisası verilmiş, 22 oktyabr 1993-cü il tarixdən 26 noyabr 1993-cü il tarixədək Depo yanında MVS manevr maşinisti, 26 noyabr 1993-cü il tarixdən 3 oktyabr 2002-ci il tarixədək elektrik qatarlarının 3-cü dərəcəli maşinisti, 3 oktyabr 2002-ci il tarixdən 15 aprel 2009-cu il tarixədək elektrik qatarlarının maşinisti köməkçisi, 13 may 2015-ci il tarixdən 4 iyun 2015-ci il tarixədək elektrik qatarlarının maşinisti əvəzedicisi, 4 iyun 2015-ci il tarixdən 11 sentyabr 2015-ci il tarixədək elektrik qatarlarının maşinisti, 11 sentyabr 2015-ci il tarixdən 15 dekabr 2015-ci il tarixədək 3 ay sınaq müddətinə “Stadler” elektrik qatarının maşinisti vəzifələrində işləmiş, 15 dekabr 2015-ci il tarixdə “Stadler” elektrik qatarının maşinisti vəzifəsinə keçirlmiş, 4 aprel 2018-ci il tarixdə 2-ci dərəcəli elektrik qatarının maşinisti adı verilmiş, 22 iyun 2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. Məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Nazirliyin tabeliyində X5 Xidmətinə) 29 aprel 2022-ci il tarixdə aşağıdakı məzmunda sorğu ünvanlamışdır: - Nəqliyyat bölməsində “motor-vaqon seksiyalarının maşinistləri və maşinist köməkçiləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri” peşələrinin eynilik təşkil etməsi, fərqli peşələr olması, fərqli olduğu halda “motor-vaqon seksiyalarının maşinistləri və maşinist köməkçiləri” peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya və (və ya) 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıya aid olub-olmamasının müəyyənləşdirilməsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sorğuya cavab olraq məhkəməyə ünvanlanmış 20 iyun 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Məhkəmənin 29 aprel 2022-ci il tarixli (peşələrin uyğunluğu haqqında) məktubuna baxılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Dəmir yolu nəqliyyat sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası»nda (hissə 56-1) məktubda qeyd edilən peşələrin adları və onların tarif-ixtisas xüsusiyyətləri olmadığı üçün adları şəkilən peşələrin uyğunluğunu müəyyən etmək məqsədilə "xxxx" ASC-yə müraciət olunması məqsədəmüvafiq hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin (a) yarımbəndində elektrik qatarlarının (seksiyalarının) maşinistləri 23001000 – 14409 kodu ilə, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri isə 23001000 – 16887 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “motor-vaqon seksiyalarının maşinistləri və maşinist köməkçiləri” peşələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan “elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri” peşələrinin eynilik təşkil etməsi təkzib olunmur. Bu qənaət ondan irəli gəlir ki, 1) müvafiq sahələrdə, o cümlədən əmək münasibətləri sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı qismində çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin peşələrin uyğunluğunun müəyyən edilməsinə münasibət bildirərərkən bununla bağlı "xxxx" QSC-yə müraciət olunmasını tövsiyə etmiuş, sonuncu isə, adıçəkilən peşələrin eynilik təşkil etdiyini təsdiqləyir; 2) iddianın növünə və işin faktiki hallarına görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan məhkəmə icraatında hər hansı əks arqument gətirməmiş və sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, əmək pensiyaları haqqında qanunvericilik normalarına görə 2006-cı ilin 1 yanvar tarixinədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə vurğulayır ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən artıq ümumi sığorta stajına malik olması həm işdə olan əmək kitabçası ilə təsdiqlənir, həm işin mübahisələndirilməyən hallarına daxildir. Belə olan halda, hazırkı işin hallarına görə də İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 57 yaşın tamam olması, 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi stajın, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı X1 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranr və bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17, 24-cü maddələrinə ziddir. Bir xüsusatı da məhkəmə diqqətə çəkir ki, iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaş göstərilməməklə təyin olunması tələb edilsə də, iddia ərizəsinin mətnindən və əsaslandırmanın dəlillərindən aydın olur ki, iddiaçı ona həmin pensiyanın 57 yaşdan təyin olunmasını arzulayır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar