Məhkəmə qərarları › İş №2-1(112)-6046/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6046/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6046/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Əyyubzadə Fuad Azad oğlunun, Cavabdehin nümayəndəsi Sadıqov İlkin Faiq oğlunun iştirakları ilə, İddiaçı “Qara İnək Fermer Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı “Qara İnək Fermer Təsərrüfatı” MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Aqrolizinq” ASC ilə iddiaçı “Qara İnək Fermer Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “Qara İnək Fermer Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 30.05.2023-cü il tarixdə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin də cavabdeh olaraq hazırkı işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə “Qara İnək Fermer Təsərfüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02- LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən müxtəlif avadanlıqlar, o cümlədən, 1 ədəd yempaylayan avadanlıq “Qara İnək Fermer Təsərrüfatı” MMC-yə lizinqə verilmişdir. 26 dekabr 2016-cı il tarixdə iddiaçı və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti arasında 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə D-02-LA/12 nömrəli razılaşma imzalanmışdır və həmin razılaşmaya əsasən tərəflər 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsində dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. Cəmiyyət tərəfindən 1 ədəd yempaylayan avadanlıq üçün müqavilənin 20%-i məbləğində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ilkin ödəniş edilmişdir. Lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır və kardan vasitəsilə traktora qoşularaq işə salınır və yalnız yemi doğrayıb paylamaq üçün istifadə olunur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 273 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Buna baxmayaraq “Aqrolizinq” ASC tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Bununla bağlı olaraq cəmiyyət tərəfindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin araşdırması zamanı isə məlum olmuşdur ki, “Aqrolizinq” ASC müəyyən olunmuş qaydaları pozaraq ona ünvanlanmış müraciətləri xüsusi komissiyanın baxışına verməmişdir və buna görə də komissiyanın müraciətlə bağlı hər hansı bir qərarı olmamışdır. Eyni zamanda məhkəmənin mövqeyi ondan ibarətdir ki, bu məsələ müqavilədən irəli gələn öhdəliyin pozulması deyil, subsidiyaların tətbiqi ilə bağlı ümumi qanunvericilik tələblərinin pozulması ilə bağlı olduğuna görə iddia inzibati qaydada komissiyaya qarşı verilməli idi. Lakin qeyd olunan komissiya hüquqi şəxs deyil. Bu baxımdan iddia onun yuxarı orqanı olan Kənd Təsərrüfatı Nazirliyinə yönəldilməlidir. Belə ki, “Qara İnək Fermer Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə məktubla cəmiyyət tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunmuşdur. Cavabdehin 28.12.2022-ci il tarixli cavab məktubu ilə texnikaya 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır, kardan vasitəsilə traktora qoşularaq işə salınır. Bu texnikanın birbaşa və yeganə təyinatı heyvan yemlərinin doğranması, qarışdırılması və paylanmasından ibarətdir. Buna görə də, bu texnika Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına aiddir. Buna görə də, “Qara İnək Fermer Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməli və cavabdehin üzərinə həmin güzəştin tətbiq edilməsi barədə öhdəlik qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, "Aqrolizinq” ASC ilə MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən müxtəlif avadanlıqlar, o cümlədən 1 ədəd yempaylayan avadanlıq iddiaçıya lizinqə verilmişdir. 26.12.2016-cı il tarixində tərəflər arasında 02-LA/12 nömrəli 18 yanvar 2012- ci il tarixli lizinq müqaviləsində dəyişiklik edilməsi barədə 26 dekabr 2016-cı il tarixli D-02-LA/12 nömrəli Razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən, paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası "Aqrolizinq” ASC-nin zərəri hesabına silindiyi və həmin məbləğdə öhdəliklərə xitam verildiyi üçün 2012-ci il üzrə lizinqə götürülmüş digər texnikalar, o cümlədən 1 ədəd yempaylayan avadanlığa görə qalıq məbləğ üzrə yeni ödəniş qrafiki əlavə olunmuşdur. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarının (bundan sonra - Qərar) 3-cü bəndinə əsasən bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Bununla da MMC ilə müqavilənin 2012-ci ildə bağlanılmasına və texnikaların 2012-ci ildə lizinqə götürülməsinə əsasən Qərarın həmin dövr üzrə bağlanılmış müqaviləyə şamil edilməsi mümkün deyildir. 2012-ci il 18 yanvar tarixli 02- LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli 2-2(103)-100/2022 nömrəli Qətnaməsi ilə hüquqi qiymət verilərək təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 21.12.2023-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “Aqrolizinq” ASC ilə “Qara İnək Fermer Təsərrüfatı” MMC arasında bağlanmış “Aqrolizinq” ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilədən görünür ki, lizinq verən dəyəri 635.250,0 (altı yüz otuz beş min iki yüz əlli) manat olan bu müqaviləyə 1-3 nömrəli əlavələrdə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafıkində (4 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verməyi, lizinq alan avadanlığın dəyərindən 61.500,0 (altmış bir min beş yüz) manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 4) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş 18.12.2012-ci il tarixli ödəniş qrafikindən görünür ki, lizinq alan müqavilə üzrə lizinq verənə cəmi 573750 manat ödəniş etməlidir (ödəniş qarfiki 02.08.2010-cu il tarixli ödəniş tappşırığına əsasən əvvəlcədən ödənilmiş 61500 manat nəzərə alınmaqla tərtib edilmişdir). “Aqrolizinq” ASC-nin 25.01.2012-ci il tarixli 121/ü saylı əmrindən görünür ki, “Aqrolizinq” ASC ilə “Qara İnək Fermer Təsərrüfatı” MMC arasında bağlanmış 18.01.2012ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 dəst 635.250,0 manat dəyərində beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə ona 10 il müddətinə MMC-yə lizinqə verilmiş, “Qara İnək Fermer Təsərrüfatı” MMC tərəfindən texnoloji avadanlığın dəyərindən 61 500,0 (altmış bir min beş yüz) manat ödənildiyi nəzərə alınmışdır. “Aqrolizinq” ASC-nin “Qara İnək Fermer Təsərrüfatı” MMC-nin heyvandarlıq kompleksinə dəymiş ziyanla bağlı 21.09.2016-cı il tarixli 4052/ü saylı əmrindən görünür ki, “Qara İnək Fermer Təsərrüfatı” MMC-nin “Aqrolizinq” ASC ilə bağladığı 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə götürdüyü paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının 373.600,0 manat məbləğində qalıq dəyəri və 18.11.2010-cu il tarixli 36-LD nömrəli və 31.03.2014-cü il tarixli 27-LD/14 nömrəli müqavilələr üzrə lizinqə götürdüyü 500 baş damazlıq heyvanlardan tələf olmuş və məcburi kəsilmiş heyvanlara görə 49.588,0 manat olmaqla cəmi 423.188,0 manat məbləğində vəsait təsərrüfata dəymiş ziyanın aradan qaldırılması məqsədilə “Aqrolizinq” ASC-nin zərəri hesabına silinərək həmin məbləğdə “Qara İnək Fermer Təsərrüfatı” MMC-nin Cəmiyyət qarşısında olan öhdəliklərinə xitam verilmiş, “Aqrolizinq" ASC ilə "Qara İnək Fermer Təsərrüfatı" MMC arasında bağlanmış texnoloji avadanlıqların lizinqə verilməsi barədə 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli və damazlıq heyvanların lizinqə verilməsi barədə 18.11.2010-cu il tarixli 36-LD nömrəli və 31.03.2014-cü il tarixli 27-LD/14 nömrəli müqavilələrdə müvafiq dəyişikliklər edilərək qalıq dəyəri ilə yeni ödəniş qrafikinin tərtib olunması qərara alınmışdır. İşdə olan 18.01.2012-ci il tarixli, 02-LA/12 nömrəli lizinq müqaviləsində dəyişiklik edilməsi barədə 26.12.2016-cı il tarixli D-02-LA/12 saylı razılaşmadan görünür ki, «Aqrolizinq» ASC-nin 2016-cı il 21 sentyabr tarixli 4052/ü nömrəli əmrini əsas götürərək, "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin "Aqrolizinq" ASC ilə bağladığı 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə götürdüyü paralel tipli 2 x 12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının 373600,0 manat məbləğində qalıq dəyərinin təsərrüfata dəymiş ziyanın aradan qaldırılması məqsədilə "Aqrolizinq" ASC-nin zərəri hesabına silindiyi üçün "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin Cəmiyyət qarşısında olan həmin məbləğdə öhdəliklərinə xitam verildiyini nəzərə alaraq, tərəflər müqavilədə “Lizinq verən qalıq dəyəri 182.950,0 (yüz səksən iki min doqquz yüz əlli) manat olan bu müqaviləyə 1-2 nömrəli əlavələrdə göstərilən peyin təmizləyən və yempaylayan avadanlıqların dəyəri lizinq ödəniş qrafikində (3 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 6 (altı) il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılmışdır” kimi dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş 26.12.2016-cı il tarixli ödəniş qrafikindən görünür ki, iddiaçı 31.12.2022-ci il tarixədək ümumilikdə 182850 manat ödəniş etməlidir. İşdə olan "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin “Aqrolizinq” ASC-yə ünvanlanmış 22.01.2018-ci il tarixli 01/18/Qİ nömrəli məktubundan görünür ki, 18.01.2012-ci il tarixli D- 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40% miqdarında güzəşt tətbiq edilməsini xahiş edilmişdir. “Aqrolizinq” ASC-nin "Qara İnək Fermer Təsərrüfatı" MMC-yə ünvanladığı 30.01.2018-ci il tarixli, ASC/2-369 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə “Qara İnək Fermer Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi üzrə lizinqə götürülən avadanlıqlar heyvandarlıq kompleksində istifadə etmək üçün ümumi dəst halında verilmişdir və həmin müqaviləyə daxil olan hər hansı bir avadanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nda nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, iddiaçı eyni tələblə 28.09.2022-ci il tarixdə Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmiş, Agentlik “Qara İnək Fermer Təsərrüfatı" MMC-yə ünvanladığı 13.10.2022-ci il tarixli MİHO/1.2.2-2-2022-3836 nömrəli məktubda göstərmişdir ki, “Aqroservis" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki “Aqrolizinq” ASC) ilə cəmiyyət arasında ümumi dəyəri 355.400 AZN olan D-02-LA/12 və 08-LA/16 nömrəli lizinq müqavilələri bağlanmışdır. Hazırda lizinq müqaviləsi üzrə 225.428 AZN həcmində borc məbləği mövcuddur ki, bu məbləğin 181.922 AZN həcmində hissəsi gecikdirilmiş borc məbləğidir. Güzəştlərin tətbiq edilməsi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust 273 nömrəli Qərarı (Qərar) ilə təsdiq edilmiş “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti terəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilmiş və Qərar 5 il müddətinə qüvvədə olmuşdur. Həmin Qərar "Aqrolizinq" ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının (2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən alınan), habelə özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq edilməsi barədə qərar Xüsusi Komissiya tərəfindən qəbul edilirdi. Sözügedən dövrdə müraciətdə qeyd olunan avadanlığa güzəşt tətbiq edilməmişdir. Eyni zamanda, “Aqroservis" ASC-dən alınmış məlumata əsasən cəmiyyət ilə bağlanmış lizinq müqavilələri ilə bağlı Cəmiyyət tərəfindən müvafiq məhkəmə orqanına müraciət edilmiş və hazırda hüquqi proseslər davam etməkdədir. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə öhdəliklərin yerinə yetiriİməsi tövsiyə olunmuşdur. İddiaçı hazırda bu imtinaları mübahisələndirərək, 18.01.2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40% miqdarında güzəşt tətbiq edilməsini xahiş edir. İşdən görünür ki, cavabdeh bu tələbin əsassız olduğunu bildirir və bu zaman ona istinad edir ki:

1. MMC ilə müqavilənin 2012-ci ildə bağlanılmasına və texnikaların 2012-ci ildə lizinqə götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarının 3-cü bəndinə əsasən həmin dövr üzrə bağlanılmış müqaviləyə şamil edilməsi mümkünsüzdür.

2. Hazırkı iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli 2-2(103)-100/2022 nömrəli Qətnaməsi ilə hüquqi qiymət verilərək təmin edilməmişdir. Məhkəmə ilk əvvəl hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia tələbinə hüquqi qiymət verilməsi məsələsinə dair qeyd edir ki, işdə olan Bakı Kommersiya Məhkəməsinin 03.11.2020-ci il tarixli e-2-2(113)-1928/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı «Qara İnək Fermer Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «Aqroservis» Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh ilə iddiaçı arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası rədd edilmişdir. Qətnamə bununla əsaslandırılmışdır ki, “İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tərəfindən müqavilə ilə ona verilmiş avadanlığa 40 faiz güzəştin tətbiq edilməsinə əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 273 nömrəli qərarı ilə təsdiq edilmiş ““Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalar”ı 13 avqust 2014-cü il tarixdə təsdiq edilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 20.07.2020-cı il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddia müddəti keçmişdir.” İş materiallarından görünür ki, iddiaçı bu qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-100/2022 nömrəli iş üzrə 21.10.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə bununla əsaslandırılmışdır ki, “...hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır. ... iddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalardan göründüyü kimi, “Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti hazırkı iş üzrə cavabdehə deyil, Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə yaradılan xüsusi komissiyaya aiddir. Adıçəkilən Qaydalarla cavabdehin sadəcə müvafiq sənədləri həmin xüsusi komissiyaya təqdim etmək vəzifəsi müəyyən edilmişdi ki, iddiaçı da hazırkı iddia ilə cavabdehdən bunu, yəni sənədləri xüsusi komissiyaya təqdim etməyi tələb etmir. O, cavabdehdən qanunvericiliklə bilavasitə inzibatı orqanın səlahiyyətlərinə aid edilmiş vəzifələrin həyata keçirilməsini istəyir. Prosessual qanunvericiliyə əsasən də cavabdehin əsl cavabdehlə əvəz edilməsinə apellyasiya instansiyası mərhələsində yol verilmədiyindən və məhkəmə verilən tələbdən kənara çıxa bilmədiyindən, mübahisəyə MPM-in 54-cü maddəsi tətbiq olunmur. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daimi fəaliyyət göstərən göstərən xüsusi komissiyanın hüquqi şəxs olması da zəruri deyildi. Xüsusi komissiya hüquqi şəxs statusuna malik olmadığı halda, iddia onu yaradan subyektə qarşı qaldırıla bilərdi. ... Belə ki, hazırkı cavabdeh işin heç bir halında lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi öhdəliyinin qoyulması tələbinə cavab verməli olan subyekt olmamışdır, deyil. Odur ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia əsaslı sayıla bilməz.” Göründüyü kimi, iddiaçının hazırkı tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, həmin məhkəmə işində cavabdeh qismində “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (əvvəlki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti) çıxış etmiş, məhkəmə də həmin cavabdehin tələbə cavab verməli olmayan şəxs olmasına istinad edərək, iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə həmçinin bu zaman, mübahisənin publik münasibətlərə aid olmaqla güzəşt tətbiq etməli olan inzibati orqanla iddiaçı arasında yarandığını da göstərmişdir. Belə olan halda ayındır ki, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli 2-2(103)-100/2022 nömrəli qətnaməsi hazırkı mübahisənin mahiyyəti üzrə həll olunması ilə bağlı qəbul edilmiş qərar kimi qiymətləndirilə bilməz. İşin mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” təsdiq edilmişdir. Qərarın 2-ci hissəsinə görə həmin qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilməsi qərara alınmışdır. Həmin Qərarla təsdiq edilmiş Qaydalara əsasən: -bənd 1.1-ci bəndinə görə bu Qaydalar “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçıları (bundan sonra - istifadəçi) tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - Cəmiyyət) lizinqə götürülmüş, lizinqə götürüləcək və satın alınacaq, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnikalar istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının (bundan sonra - kənd təsərrüfatı texnikası), Cəmiyyət tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının dəyərinə güzəştlərin tətbiq edilməsi ilə bağlı prosedurları müəyyən edir. -bənd 2.1. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. - bənd 2.2. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır. -bənd 2.3. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. -bənd 2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. -bənd 2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. İstinad olunan normalardan görünür ki, 2014-cü ildə qəbul edilmiş qərara əsasən həmin tarixədək “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə güzəşt tətbiq edilməsi, bu güzəştin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə yaradılmış Xüsusi Komissiya tərəfindən qəbul edilmiş qərarla tətbiq edilməsi qərara alınmışdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı 15.08.2014-cü il tarixdə qüvvəyə minmiş, həmin qərarın 6-cı hissəsinə əsasən qərar 5 (beş) il müddətində qüvvədədir. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 13 avqust tarixli 273 nömrəli qərarı, 15.08.2019-cu il tarixdə öz qüvvəsini itirmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsinin yeni qaydası müəyyən edilmiş, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. Həmin Fərmanın 4-cü bəndinə əsasən mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəliklərinin Cəmiyyətin zərəri hesabına ödənilməsi, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) müvafiq hesabına köçürülməsi qərara alınmışdır. Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın: - 1.2-ci bəndinə görə Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir. -6.1-ci bəndinə əsasən kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.1.1. texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir; 6.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir; 6.1.3. texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və ya lizinq yolu ilə maliyyələşdirirlər. Maliyyələşmə məbləğinə bu Qaydanın 5.7-ci bəndinə uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir. Göründüyü kimi, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı 15.08.2019-cu ildə öz qüvvəsini itirsə də, həmin güzəştin tətbiqi ilə bağlı yeni qaydalar qəbul edilmiş, həmin Qaydalara əsasən güzəştin Xüsusi Komissiya tərəfindən deyil, Agentlik tərəfindən tətbiq edilməsi müəyyən edilmişdir. Eyni zamanda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020ci il tarixli 1137 saylı Fərmanının 2.2-ci bəndinə əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçməsi qərara alınmışdır. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən cavabdehə ünvanlanmış sorğuya cavab olaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 11.12.2023-cü il tarixli 3-22-2/2-2520/2023 nömrəli məktubda göstərilmişdir ki, lizinq portfeli üzrə hüquq və öhdəliklər Agentliyə ötürüldükdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı (bundan sonra - qərar), qərarın 6-ci hissəsinə əsasən 5 il müddətinə qüvvədə olmaqla 2019-cu il 13 avqust tarixində qüvvədən düşdüyünə görə qərar ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” əsasında Agentlik tərəfindən avadanlıqlara güzəşt tətbiq edilməmişdir. Eyni zamanda Agentlik tərəfindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq yolu ilə satılmış, habelə lizinq müqavilələrində güzəştin tətbiq olunması müddəası nəzərdə tutulduğu halda güzəşt tətbiq edilməmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlığı və suvarma sistemləri dəsti və avadanlığına müqavilə üzrə lizinqalanın öhdəlikləri tam icra olunduğu (ödənildiyi) halda, qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən çox olmamaq şərtilə güzəşt tətbiq edilir. Göründüyü kimi, cavabdeh kənd təsərrüfatı texnikasına onun qalıq dəyəri həcmində, lakin ilkin dəyərinin 40 faizindən çox olmamaq şərtilə güzəşt tətbiq edilməsinin mümkünlüyünü bildirmiş, lakin bunu bir neçə halla şərtləndirmişdir:

1. texnikanın “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq yolu ilə satılması;

2. lizinq müqaviləsində güzəştin tətbiq olunması müddəasının nəzərdə tutulması;

3. lizinqalanın öhdəliklərinin tam icra olunması. Məhkəmə qeyd edir ki, mübahisəli texnikanın “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq yolu ilə alınması işin mübahisəsiz halını təşkil edir. Müqavilədə güzəştin nəzərdə tutulması məsələsinə gəldikdə, iş materiallarından görünür ki, mübahisəli müqavilə 2012-ci ildə bağlanmış, həmin vaxt lizinq yolu ilə alınan kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi ilə bağlı hüquq norması olmadığından bununla bağlı müqavilədə hər hansı bir halın nəzərdə tutulması mümkünsüz olmuş, sonradan qəbul edilmiş qanunvericilik isə müvafiq normanın geriyə tətbiqini mümkün hesab etmişdir. Lizinqalanın öhdəliklərinin tam icra olunması məsələsinə gəldikdə, istər hazırda qüvvədə olan, istərsə də, əvvəlki qanunvericiliyin tələbi ilkin məbləğinin ən azı 20 faizinin ödənilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən bir neçə faktiki şərtə istinad etsə də, bu hallar əsassız olmuş, sonuncu istinad üzrə isə, ümumiyyətlə, inzibati araşdırma aparmamış, iddiaçının lizinq müqaviləsi əsasında əldə etdiyi kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi məbləğində ödəniş edilib edilməməsini, texnikanın qalıq dəyərini araşdırmamışdır. Məhkəmə qeyd edir ki, inzibati orqan işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi hallarda məhkəmə işin faktiki hallarını tam araşdırılmalıdır. Lakin məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda, məsələn, məhkəmənin inzibati orqanın əvəzinə aparmalı olduğu araşdırma xeyli vaxt tələb etdikdə, məhkəmə işi araşdırılması üçün inzibati orqana geri göndərə bilər. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparmaqla inzibati orqanın yerinə onun işini görən orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarını təmin etməkdən ibarətdir. İPM-in 73.3.3-cü maddəsində də göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hazırkı halda cavabdeh iddiaçının müraciətini Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 saylı Fərmanının 2.2-ci bəndində göstərilənlər nəzərə alınmaqla qiymətləndirməmiş, zəruri inzibati araşdırma aparmadan iddiaçının müraciətini məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad edərək təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçı “Qara İnək Fermer Təsərrüfatı” MMC-nin “Aqrolizinq” ASC ilə arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “Qara İnək Fermer Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar