Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6047/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sovxozda əmək vəzifələrinin yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş, məhkəmə qərarı ilə ona aylıq 107,20 manat kompensasiya ödənilməsi qərara alınmışdır. Lakin 2018ci ilin apprel ayından iddiaçıya kompensasiya ödənişi dayandırılmışdır. İddiaçı kompensasiya ödənişinin dayandırılmasının qanunsuz olduğunu iddia edərək bərpa edilməsini xahiş edir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Eyni zamanda cavabdeh hesab edir ki, işçinin ümumiyyətlə aylıq müavinəti almaq hüququ da mövcud deyil. Cavabdehin qeyd olunan nəticəyə gəlinməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın müvafiq bəndlərinə və özəlləşdirmə ilə bağlı digər aidiyyəti maddi hüquq normalarına istinad edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə cavabdehin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi müəyyən edilməsi ilə bağlı da mövqeyi əsaslı hesab edərək bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıda adıçəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilən kompensasiya ödənilməsi ilə bağlı olduğundan və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2”nin 1.1-ci bəndi ilə digər səlahiyyətlərin həyata keçirilməsi ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilən ödənişlərin verilməsi də cavabdehin müstəsna səlahiyyətində olduğundan hazırkı iddia düzgün cavabdehə yönəlmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. 3.8. (2010-cu ilin yanvar ayının 1-dək olan redaksiya) ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 mart tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları”nın:
1. Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir.
2. Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə.
3. Bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir.
4. Qaydaların 2-ci bəndində göstərilən şəxslərin müvafiq sənədləri 2010-cu il 1 yanvar vəziyyətinə ödənclərinin aylıq məbləği və hüquqi ünvanı göstərilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq kompensasiyanın ödənilməsi barədə rüblük hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı məhz ləğv edilmiş, hüquqi varisi olmayan sovxozda əmək fəaliyyətini həyata keçirərkən 1981-ci il tarixdə əmək xəsarəti almış, xəsarət alması müvafiq aktla təsdiq edilmiş, xəsarəti əmək qabiliyyətinin 80 faizinin itirilməsi kimi qiymətləndirilmiş, həmçinin iddiaçıya ikinci qrup əlillik dərəcəsi verilmişdir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçının kompensasiya alması mübahisə doğurmamış, əksinə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək kompensasiya məbləği ilə razı olmamış, məhkəmə qərarı ilə də iddiaçıya ödənilən aylıq kompensasiya məbləği 69 manatdan 107,20 manata qaldırılmışdır. Məhkəmə hesab etmişdir ki, kənd təsərrüfatı sektorunda muzdla çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 2009-cu il tarixdə 134 manat təşkil etdiyindən iddiaçıya 69,80 manat yox, 107,20 ödənilməlidir. Göründüyü kimi iddiaçıya aylıq 107,20 manat ödəniş edilməsi məhkəmə qərarı ilə müəyyən edilmiş, həmin qərarın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə xüsusi əhəmiyyətlə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Eyni zamanda İPM-nin 79-cu maddəsi ilə də müəyyən edilir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Göründüyü kimi məhkəmə qərarının icrası məcburi şərt kimi müəyyən edilmişdir. Cavabdeh isə 2013-cü il tarixdən icra edilən məhkəmə qərarının icrasını heç bir əsaslı səbəb gətirmədən dayandırmış, iddiaçıya kompensasiyanın ödənilməsindən imtinanı əsaslandırmağa çalışmışdır. İddiaya etirazdan da göründüyü kimi imtinanın əsaslarından biri kimi “işçiyə dəyən zərərin ödənilməsinin işəgötürənin vəzifəsi olması” və “işçinin aylıq müavinəti almaq hüququnun mövcud olmaması” çıxış edir ki, məhkəmə hər nə qədər 2013-cü il tarixli məhkəmə qərarı ilə işin faktiki hallarına qiymət verildiyini müəyyən etsə də qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qeyd olunanlara istinad edərkən yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsinin üst qurumunun səlahiyyətinə aid olmasını nəzərə almamışdır. Məhkəmə eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, müavinət işinin təqdim edilməsi ilə bağlı cavabdeh məhkəmə sorğusuna əsasən təqdim etdiyi 20 iyun 2021-ci il tarixli cavab məktubu ilə ümumiyyətlə iddiaçıya hər hansı növ müavinətin ödənilməsinin aşkar etmədiyini bildirmişdir. Məhkəmə bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər məhkəmə sorğusu ilə məhkəməyə təqdim edilməsi mümkün olmasa da müavinət işinin mövcudluğu və müavinətin əvvəl 69,80 manat, məhkəmə qərarı ilə 107,20 manat olmaqla ödənilməsi mübahisə doğurmur. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Xidməti məktubla da aydın olur ki, iddiaçıya məxsus 115191 nömrəli müavinət işi mövcuddur və aidiyyəti üzrə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Müavinət işinin təqdim edilməməsi isə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə yekun nəticəyə gəlinməsini istisna etmir. Belə ki, ödənişin təyin edilməsi ilə bağlı olmasa belə, ödənişin məbləğinin müəyyən edilməsi, nəticədə onun qanuniliyinə qiymət verilməsi ilə bağlı məhkəmə qərarı qüvvədə olduğu, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmadığı müddətdə ödənişin qanuniliyi və əsaslılığı müzakirə edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı istehsalatda aldığı xəsarətə görə ödənilən aylıq 107.20 manat kompensasiya məbləğinin dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov