Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6048/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Hacıyev Kamil Balaağa oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Binəqədi Oyl şirkətində işləyir), cavabdehin nümayəndəsi Rzazadə Nicat Cavanşir oğlunun (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Hacıyev Kamil Balaağa oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X5 göstərilməklə “əmlaka mülkiyyət hüququnun ayrıca qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə naturada ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsinin ona məxsus olan 0,10 ha, yəni 5/6 hissəsinə dair ona ayrıca çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum anası X3 10.07.2018ci ildə vəfat etdikdən sonra miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsinin 4/6 hissəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında digər vərəsələr tərəfindən (atası, iki bacısı və o) bağışlama müqaviləsinə əsasən ona bağışlanmış və o öz qanuni payı da daxil olmaqla həmin torpaq sahəsinin ümumilikdə 5/6 hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən **********83 reyestr nömrəli, 21.08.2019-cu il qeydiyyat tarixli çıxarış almışdır. Lakin, anasının vəfatından xeyli müddət keçməsinə baxmayaraq digər vərəsəsi olan bacısı X5 vərəsəliyin qəbulu ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində fəaliyyət göstərən notariusa müraciət etməmiş və faktiki olaraq mirası qəbul etməmişdir. Qeyd olunan səbəbdən də DƏDRX tərəfindən 21.08.2019-cu il tarixdə ona verilmiş çıxarışda 0,12 ha torpaq sahəsinin 5/6 hissəsi onun xüsusi mülkiyyəti kimi qeyd olunsa da, 1/6 hissəsi mərhum anasının adına açıq saxlanılmışdır. Bundan sonra 22.01.2020-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin notariusu O.Zərgərova iddiaçının ünvanladığı miras payın faktiki qəbulu barədə ərizəsinə 17.02.2020-ci il tarixli cavab məktubunda notarius tərəfindən bildirilmişdir ki, 10.07.2018-ci ildə vəfat etmiş X1 adına 10.10.2018-ci ildə vərəsilik işi açılmış və mərhum X1 miras qalmış əmlakının açıq qalmış 1/6 hissəsinə vərəsəsi X4 12.02.2020-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariusun məktubundan görünür ki, G.Hacıyeva onun notariusa müraciətindən sonra sözügedən miras payını qəbul etmiş və bundan sonra notarius onun ərizəsini cavablandırmışdır. Yəni anasının vəfatından 1 il 6 ay müddətinin keçməsinə baxmayaraq G.Hacıyeva həmin mirası qəbul etməmiş və bu səbəbdən də onun 21.08.2019-cu ildə aldığı çıxarışda torpaq sahəsinin 1/6 hissəsi açıq saxlanılmışdır. Notariusa müraciətindən sonra notariusun cavab məktubunda həmin 1/6 hissəsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 aid olması öz təsdiqini tapmışdır. O anasından miras qalmış həmin torpaq sahəsinin çıxarışla ona aid olan 5/6 hissəsinin (0,10 ha) qanuni sahibidir, həmin torpaq sahəsinə ümumilikdə mişar daşından hasar çəkmiş, bütün torpaq sahəsinə dair bələdiyyə torpaq rüsumu ödəyir, lakin G.Hacıyevaya aid olan 1/6 (0,2 ha) hissə ona məxsus torpaq sahəsinə bitişik olduğundan və hətta ümumilikdə 0,12 ha torpaq sahəsinin hüdudları daxilində olduğundan hazırda torpaq sahəsinin ona aid olan hissəsinə dair mülkiyyət hüququnun tərkib hissəsi sayılan sərəncam vermək hüququnu həyata keçirə bilmir. Qeyd olunan səbəbdən torpaq sahəsinin naturada ayrılması barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəyinə əlavə edilmiş bölgü planına uyğun olaraq natura formasında bölünərək, bölgü planında qeyd edilmiş torpaq sahələrinin tərəflərin payına müvafiq olaraq İddiaçı və X4 verilməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir və icra prosesi zamanı onun, icra məmurunun və DƏDRX-nin Sabunçu rayon şöbəsinin mütəxəssisinin birgə iştirakı ilə torpaq sahəsinə baxış keçirilərək torpaq sahəsinin tərəflərin payına uyğun olaraq naturada bölünməsinin mümkün olduğu müəyyənləşdirilmiş və bu barədə tərəflər arasında akt tərtib edilmişdir. Bundan sonra icra məmuru sözügedən məhkəmə qətnaməsini, həmçinin tərtib edilmiş aktı, digər zəruri sənədlərlə birlikdə icra olunması üçün, yəni ona və digər vərəsə olan Günay Hacıyevaya hərənin öz payına uyğun olaraq ayrıca çıxarış və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsi məqsədilə AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmişdir. Buna baxmayaraq qətnamənin icrası nəticəsiz qalmışdır. Bununla əlaqədar o, Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli qətnaməsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsinin naturada ayrılmış 5/6 hissəsi (0,10 ha) haqqında ona ayrıca çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsini xahiş etmişdir. Lakin indiyə kimi cavab almamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq qətnamə ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bununla bağlı Sabunçu rayon İcra şöbəsinə 05.01.2022-ci ildə, iddiaçıya isə 09.02.2022-ci ildə cavab məktubları ünvanlanmışlar. İddia tələbində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsi hazırda İddiaçı (5/6 hissədə) və X1 (1/6 hissəsi açıq qalır) paylı mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rzazadə məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Hardaran qəsəbəsi, 1313 saylı bağ sahəsi paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, hüquq sahibləri kimi X3 (1/6 hissə açıq qalır), Hacıyev Kamil Balaağa oğlu (5/6 hissə 21.08.2019-cu ildə qeydə alınmışdır) göstərilmişlər. Torpaq sahəsinin planı və ölçüsünə əsasən plan və ölçünün tərtib edilməsinə əsas kimi 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin dövlət notariusunun 13.01.2019-cu ildə verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 13.01.2019-cu il tarixli müqavilə (miras payın bağışlanmasına dair) göstərilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 17.02.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən 10.07.2018-ci ildə vəfat etmiş X1 adına 10.10.2018-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyənləşdirilmiş və mərhum X1 miras qalmış əmlakının açıq qalmış 1/6 hissəsinə vərəsəsi X4 12.02.2020-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 09.02.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Hacıağa oğlunun iddia ərizəsi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin rəyinə əlavə edilmiş bölgü planına uyğun olaraq natura formasında bölünərək, bölgü planında qeyd edilmiş torpaq sahələrinin tərəflərin payına müəyyən olunaraq İddiaçı və X4 verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsində istinad olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin surətinə əsasən 1313 saylı bağ torpaq sahəsinin iki tərəfdən küçəyə çıxışı olduğu üçün torpaq sahəsinin 1/6 və 1/5 hissəyə bölgüsü çox sadədir,belə ki, hər iki payların küçəyə çıxışı olduğundan rəyə əlavə edilmiş sxemdə qeyd edilən 1/6 hissədən səmərəli istifadə mümkün olmaqla payçılar biri-birinə mane olmur. İddiaçının cavabdehə ünvanlanmış (kuryer xidməti vasitəsilə çatdırılmış) ərizəsinə əsasən iddiaçı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə naturada ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsinin ona məxsus olan 0,10 ha, yəni 5/6 hissəsinə dair ona ayrıca çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsini cavabdehdən xahiş etmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsinin 20.10.2021-ci il tarixli aktının surətinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021ci il tarixli qətnaməsinin icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü planına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsinin bölgüsü aparılmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsi paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində Hacıyeva Pərvanə Əsədxan qızının (1/6 hissə açıq qalır), Hacıyev Kamil Balaağa oğlunun (5/6 hissə 21.08.2019-cu ildə qeydə alınmışdır) adına qeydə alınmışdır, X3 10.07.2018-ci ildə vəfat etmişdir, mərhum Hacıyeva Pərvanə Əsədxan qızının miras qalmış əmlakının açıq qalmış 1/6 hissəsinə vərəsəsi Hacıyeva Günay Balaağa qızına 12.02.2020-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, lakin həmin şəxs öz hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciət etməmişdir, odur ki, həmin pay daşınmaz əmlakın dövlət reyestrində açıq qalmışdır, iddiaçının iddia ərizəsi əsasında qəbul edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardarən qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1313 nömrəli bağ-torpaq sahəsinin bölgü planına uyğun olaraq natura formasında bölünərək, bölgü planında qeyd edilmiş torpaq sahələrin tərəflərin payına müəyyən olaraq İddiaçı və X4 verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş və bağ sahəsinin bölgüsü aparılmışdır. İddiaçı həmin qətnamə əsasında naturada ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsinin ona məxsus olan 0,10 ha, yəni 5/6 hissəsinə dair ona ayrıca çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsini cavabdehdən xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. İşin faktiki hallarına əsasən iddiaçı Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsinin 0,10 ha, yəni 5/6 hissəsinin paylı mülkiyyətçisidir, həmin pay dəqiq göstərilmiş və naturada ayrılmışdır, hər iki payların küçəyə çıxışı olduğundan payçılar biri-birinə mane olmur. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən iddiaçının payının ayrıca göstərilməklə yeni çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə iddiaçının iddiası qanunauyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Lakin hazırki inzibati işə baxılan zaman məhkəmə müəyyən etmişdir ki, inziati orqan olan cavabdeh tərəfindən iddiaçının xeyrinə olan hallar araşdırılmamış və nəzərə alınmamışdır, formal əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmasa da həmin qətnamə ilə iddiaçının və digər şəxsin paylı mülkiyyətində olan (hüquqmüəyyənedici sənədlər mövcud olmuşdur) əmlakın naturada paylara mütənasib bölünməsi qərara alınmış və həmin qətnamə icra edilərək əmlak paylara mütənasib bölünmüşdür. Belə olan halda cavabdeh iddiaçının payını ayrıca əmlak kimi qeydə alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı vermək öhdəliyini daşımışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə naturada ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsinin iddiaçı Hacıyev Kamil Balaağa oğluna məxsus olan 0,10 ha, yəni 5/6 hissəsinə dair iddiaçı Hacıyev Kamil Balaağa oğlunun adına ayrıca çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-348/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ilə naturada ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumilikdə 0,12 ha ölçüdə olan, 1313 nömrəli bağ-torpaq sahəsinin İddiaçı məxsus olan 0,10 ha, yəni 5/6 hissəsinə dair iddiaçı İddiaçı adına ayrıca çıxarışın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6048/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6048/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver