Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6049/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Stataistik İnformasiya İdarəsinə qarşı ölkədən çıxışa qoyulmuş qadağanın götürülməsi barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Stataistik İnformasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazisindən kənara çıxışına qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsinin təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Aparılmış istintaq araşdırması nəticəsində bir çox şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham aktı tərtib edilərək baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı bir maddəsinin pozulmadığı, yəni cinayət törətmədiyi müəyyən edildiyindən, onunla bağlı hissədə araşdırmaya xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı zamanı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Artıq uzun müddətdir ki, ölkədən çıxa bilmir. Ölkədən çıxışı qanunsuz olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, cavabdehlər isə nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin hazırki iclası məhkəmə adiyyətinin müəyyən edilməsi ilə bağlı təyin edilsə də, məhkəmə ilk növbədə iddianın mümkünlüyünün qiymətləndirilməsini zəruri hesab edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə, verilmiş iddia tələbi ilə bağlı bildiri ki, Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. İddia tələbində qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (müstəntiqin) hərəkətlərindən şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. Bütün növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə münasibətdə iddianın ilkin mümkünlük şərtlərindən biri İPM-in 1.1.-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bu mənada, inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxıla bilər. Odur ki, əgər mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə deyildirsə, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İşin hallarına görə iddiaçının barəsində sərhədkeçməyə məhdudiyyət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaqı aparılan ********* nömrəli cinayətin işi üzrə tətbiq olunmuşdur. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının ölkədən çıxışına aparılan hər hansı cinayət təqibinin gedişində qadağa qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də yenə cinayətmühakimə icraatı qaydasında aparılmalıdır. Çünki bu zaman tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin və yenə publik hüquqa əsaslanılmaqla qəbul edilmiş qərarlarının qanuniliyi və əsaslılığı yoxlanılır. İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aid hüquqdur. CPM-də məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsinin dəqiq sadalandığına və həmin siyahıda hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələnin göstərilmədiyinə dair məhkəmə nəzarəti qaydasında işə baxılması ilə əlaqədar məhkəmə qeyd edir ki, bunun CPM-in 449.3-cü maddəsində aşkar şəkildə sadalanmaması sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması halını dəyişdirmir. Çünki yuxarıda da qeyd edildiyi kimi istintaq orqanı tərəfindən bu tədbir cinayət təqibinin gedişində qoyulmuşdur. Odur ki, həmin tədbirinin tətbiq edilməsinin qanuniliyi və əsaslılığına da yenə cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 avqust 2009-cu il və 12 mart 2015-ci il tarixli qərarlarındakı hüquqi mövqelərdən də irəli gəlir. Belə ki, həmin qərarlarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliklə müəyyən məsələnin tənzimlənməməsi və ya qismən tənzimlənməsi şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqlarının prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli qərarda isə göstərilmişdir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. İstinad edilən qərarlardakı ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə, yəni aparılmış cinayət işinin istintaqı zamanı onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsinə də məhz məhkəmə nəzarəti qaydasında həmin cinayət işini istintaqı aparılan orqan tərəfindən baxılmalıdır. Yuxarıda qeyd edildiyi kimi şəxsin ölkədən çıxışının məhdudlaşdırılması CPM-də məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilən qərarların sırasında göstərilməməsi isə onun məhkəməyə çatımlılığının və məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması üçün əsas deyildir. Həmçinin bu hal iddiaçının inzibati mübahisə olmadığı halda hazırki tələblə inzibati məhkəməyə müraciət etməsi üçün də əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iddiaçının Şəki şəhərində yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı işin aidiyyəti üzrə göndərilməsi məsələsinə qiymət verərək qeyd edir ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Əgər söhbət ümumiyyətlə inzibati mübahisədən getmirsə, o zaman həmin işin adiyyəti üzrə göndərilməsi də istisna edilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya məhkəmə nəzarəti qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməsi hüququ izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6049/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6049/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver