Məhkəmə qərarları › İş №2-1(112)-605/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-605/2020

23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-605/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X6 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirovküçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması və güzəştli şərtlərlə pensiya almadığı illərin hesablanaraq verilməsi öhdəliyinin DSMF-nin X6 İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2014-cü ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş illərin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin X6 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4966/2019 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 63 yaşı vardır. Yaşa görə pensiya almaq hüququnun yaranması üçün 2 il sığorta stajı çatmır. Lakin sonradan müəyyənləşdirmişdir ki, o, 57 yaşında olarkən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olduğu halda həmin hüquqdan istifadə etməmişdir. Belə ki, iddiaçı bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrində iş icraçısı, usta, rəhbər və mütəxəssis işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda iddiaçının işələdiyi istehsalat sahələri, vəzifələri həmin qərarın təsiri altına düşür və ona 57 yaşından pensiya almaq hüququna imkan verir. İddiaçı məhz bununla bağlı olaraq DSMF-nin X6 İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Həmin orqan iddiaçıya xx xxxxxxx 2019-cu il tarixdə rəsmi qaydada cavab vermişdir. Verilmiş cavabda bildirilib ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı Azərbaycanın müxtəlif bölgələrində yerləşən, tikinti təşkilatlarında rəhbər, mütəxəssis, iş icraçısı, usta olaraq işləmişdir. Bununla bağlı olaraq, əmək kitabçasını həmin orqana təqdim etmişdir. Cavabdeh təşkilat isə əsassız olaraq ona pensiya təyin etməkdən imtina etmişdir. DSMF-nin X6 İdarəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilməsi onun hüquqlarını pozur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. DSMF-nin X6 İdarəsi tərəfindən iddiaçıya güşəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilməklə “Əmək pensiyaları haqqında” Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçıya pensiya almaq hüququ verən yaşında qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə kişilər 57 yaşına çatdıqda, azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il 6 ayını zərərli iş sahəsində çalışdıqda onlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunur. DSMF-nin X6 İdarəsi tərəfindən qeyd edilən hərəkətlə iddiaçının konstitusion hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. DSMF-nin X6 İdarəsi tərəfindən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********5 saylı etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası barədə” tələbi qanunamüvafiq deyildir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş əmək kitabçasında iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək THTTTS-də iş icraçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 6 nömrəli rayonlarası xüsusi təmir quraşdırma idarəsində iş icraçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 12 saylı İmişli rayon Təmirtikinti idarəsində iş icraçısı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ, yəni “bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b—24441 şifri altında təsbit edilmişdir. Bundan başqa, müvafiq sahədə işlədiyi usta, rəhbər və mütəxəssis vəzifələri də yuxarıda qeyd edilmiş siyahının təsiri altına düşür və ona 57 yaşında pensiya almaq hüququna imkan verir. Dəfələrlə aidiyyəti orqanlara, arxiv idarələrinə güzəştli arxiv arayışlarının əldə edilməsi üçün müraciət etmiş, lakin işlədiyi müəssisələr ləğv edildiyindən və sənədləri arxiv mühafizəsinə təhvil verilmədiyindən tələb edilən sənədləri ala bilməmişdir. İşlədiyi müəssisələrin sənədlərinin arxiv idarələrinə təhvil verilməməsi onun təqsiri deyildir. İddiaçı izahatının sonunda onun ümumi və güzəştli iş stajını təsdiq edən sənəd kimi əmək kitabçasının qəbul edilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddiaçının güzəştli iş stajını təsdiq edən arxiv arayışları təqdim edilmədiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İmişli RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, yaşayış yeri üzrə İmişli şəhəri, Mil küçəsi, ev 42 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1957-ci il tarixdə İmişli rayonunun Məmmədli kəndində doğulmuşdur. - xx.xx.1976-cı il tarixdə açılmış iddiaçıya məxsus ИT-İ seriyalı, ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər “Azneftteximmontaj” trestinin hissələrin montajı Sumqayıt zavodunda qazan və qaynaq sexində 2-ci dərəcəli çilingər-kollektor vəzifəsində işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş (HЗ seriyalı, ******* nömrəli hərbi bilet), xx.xx.1979-cu ildən xx.xx.1982-ci il tarixədək Azərbaycan SSR “Minpromstroy”da quraşdırıcı, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Minximprom PMK-2-də 3-cü dərəcəli betonçu quraşdırıcı, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Disarmik URB-də təmir üzrə 3-cü dərəcəli elektrik ustası, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Mostootryad SSR Nəqliyyat Tikinti Nazirliyinin Mostotrest Baş İdarəsində 4-cü dərəcəli quraşdırıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “Azneft” birliyinin TTİ-nin 11 saylı tikinti sahəsində 5-ci dərəcəli rəngsaz, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək tərbiyəçi, xx.xx.1986cı il tarixdən xx.xx.1987-ci il tarixədək NQÇİ-də qazanxanada koçeqar, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Azkoopçementtomontaj” trestinin Jdanovsk Tİ-də betonçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-ci il tarixədək “Azerxlopkoprom” RİB-nin OKC zavodunda tikinti ustası, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Yerli Sənaye Nazirliyinin nəzdində baş usta, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək THTTTS-də iş icraçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 6 nömrəli rayonlarası xüsusi təmir quraşdırma idarəsində iş icraçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 12 saylı İmişli rayon Təmir-tikinti idarəsində iş icraçısı vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək İmişli “xxxx” MMC-də mühəndis, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək İmişli rayon Quraşdırma Sazlama sahəsində mühəndis vəzifəsində işləmişdir. - HЗ seriyalı, ******* saylı hərbi notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. -SOCAR tərəfindən məhkəməyə göndərilmiş SOCAR**********30490089X00007 saylı, xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı xx.xx.1985-ci ildə (əmr № 99/ls, xx.xx.1985-ci il) “Azneft” Birliyinin Təmir-Tikinti İdarəsinin 11 №-li tikinti sahəsinə 5-ci dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə (əmr № 5a, xx.xx.1986cı il) 9 №-li tikinti sahəsinə keçirilmişdir. xx.xx.1986-cı ildə (əmr № 46/ls, xx.xx.1986-cı il) öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr № 2/k, xx.xx.1983-cü il) “Azneft” Birliyinin “Carlı” KQl-yə təmir üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə (əmr № 23/k, xx.xx.1983-cü il) tərbiyəçi peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə (əmr № 33/k, xx.xx.1984-cü il) istehsalat gimnastikası üzrə təlimatçı peşəsinə keçirilmişdir. xx.xx.1984-cı ildə (əmr № 41/k, xx.xx.1984-cü il) öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1986-cı ildə (əmr № 38/k, xx.xx.1986-cı il) “Azneft” Birliyinin “Carlı” KQl-nin Yaşayış istismar sahəsinə tərbiyəçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə (əmr № 51/k, xx.xx.1986-cı il) üzürlü səbəb olmadığından işə gəlmədiyinə görə tutduğu peşədən azad olunmuşdur. - “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 701 saylı arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.1988-ci il tarixdə 97/LS saylı əmrlə İmişli Pambıqtəmizləmə zavodunun əsaslı tikinti şöbəsinə baş usta vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1989-cu il tarixli, 25/LS saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. - DSMF-nin X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş sənədlərdə qeyd olunanlara əsasən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının aparılmasının mümkün hesab olunmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının güzəştli iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edilməlidir (bənd 2.2). Qeyd edilən 2 saylı əlavənin 2.4-cü bəndinə qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Yuxarıda qeyd edilənlərdən başqa qeyd edilməlidir ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi, həmçinin, hal-hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn, isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Məhkəmə qeyd edir ki, ona aid əmək kitabçasına və işdə olan digər sənədlərə əsasən qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış riyazi hesablamanın nəticəsi olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı 25 ildən artıq təşkil edir. Lakin yuxarıda göstərilmiş tarixədək iddiaçının güzəştli iş stajının müəyyən edilməsi qeyri-mümkün olmuşdur. İddiaçı bu barədə sənədləri nə cavabdeh pensiya təyinatı orqanına, nə də ki məhkəməyə təqdim edə bilmiş, müvafiq hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə ki: -İş materiallarında olan İmişli rayon dövlət arxivinin 88 saylı, xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, İddiaçı ünvanladığı ərizəsində 1976-1982-ci illərdə Sumqayıt quraşdırma zavodu və 2 saylı təmir tikinti müəssisəsində işləməsini qeyd etmişdir. Məlumat üçün bildirilir ki, hər iki müəssisənin sənədləri İmişli rayon dövlət arxivində saxlanılmır. -İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli sorğularına cavab olaraq məhkəməyə ünvanlanmış 74 saylı, xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sumqayıt quraşdırma zavodu və 2 saylı Təmir-tikinti müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət X3 dövlət mühafizəsinə təhvil verilməmişdir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, İN-X/O-9966/2020 saylı məktubda bildirilmişdir ki, Azərbaycan SSR Nəqliyyat Tikinti Nazirliyinin və Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin sənədləri İqtisadiyyat Nazirliyinin arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu hüquqi əsasları ilə bağlı olmasa da, qismən, yəni ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qismən qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun xx.xx.2007-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının ilkin, yəni ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsassız olduğundan, əlavə, yəni fərq məbləğinin ödənilməsi hissəsində də əsassızdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar