Məhkəmə qərarları › İş №2-1(112)-6050/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6050/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6050/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Cavabdeh2nə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi“ tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 6 kv.metr olan qeyri-yaşayış sahəsinin onun tərəfindən bərpasına mane olanları, tikinti sökmələri kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, tikilinin sökülməsi nəticəsində ona vurulmuş 1000 (bir min) manat məbləğində maddi zərərin, həmin qanunsuz hərəkətlər nəticəsində ona vurulmuş 5000 (beş min) manat mənəvi zərərin cavabdehlərdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-717/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının hesabına bərpa edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4061/2015 nömrəli 22 iyun 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-717/2015 nömrəli, 11 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-717/2015 nömrəli, 11 fevral 2015-ci il tarixli qətnaməsinin icra olunması mərhələsində cavabdeh qətnamənin icrasına mane olmaqla yanaşı orada iddiaçı tərəfindən aparılmış tikintini sökməklə ona 1000 (bir min) manat maddi zərər vurmuşdur. Eləcə də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya əlavə olaraq 5000 (beş min) manat məbləğində mənəvi zərər də vurulmuşdur. Cavabdehlərin iddiaçıya qarşı qanunsuz hərəkətləri onun tapdalanmış hüquqlarına görə sarsıntı keçirməsinə səbəb olmuşdur ki, bunun da nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Cavabdehlərin iddiaçıya qarşı əmlakı ilə əlaqəli yol verdikləri zorakılıq hərəkətləri birmənalı olaraq qanunsuz hesab edilməli və iddiaçıya dəymiş zərərlər cavabdehlərin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, icra sənədinin yerinə yetirilməsinə, iddiaçı tərəfindən tikilinin bərpa edilməsinə cavabdehlər tərəfindən maneələr törədilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmamışdır, iddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehlər inzibati orqan deyildir. Göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda rayon mənzil kommunal təsərrüfatı birlikləri və mənzil kommunal istismar sahələri inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar