Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6050/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və ona qaçqın statusunun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 19 dekabr 2023-cü il tarixli, İQ-67/6 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona qaçqın statusunun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin X4 şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, hinduizm dininə etiqad etdiyini, 2014-cü ildə həmin şəhərdə “Garrison high school” adlı özəl orta məktəbi, 2016-cı ildə “Punjab Group of college” adlı yuxarı sinif məktəbini bitirmişdir. 2018-ci ildə isə Azərbaycan Rəssamlıq Akademiyasına daxil olmuş və 2018-2019-cu illərdə həmin akademiyanın hazırlıq kursunda təhsil almışdır. Əmək fəaliyyəti barədə məlumat verərkən İddiaçı 2019-2023-cü illərdə marketinq agentliyində işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı Ansa Shahid ilə evli olduğunu, bu evlilikdən 4 övladının olduğunu, valideyinlərinin, qardaş və bacılarının Pakistanda yaşadıqlarını, arvadı və 4 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, dini etiqadı hinduizm olsa da müsəlman evli bir xanımla münasibət qurmuş, bundan qadının ərinin xəbər tutmasını ehtimal edərək həmin qadınla ölkə ərazisini tərk etmək qərarına gəlmişdir. İddiaçı Ansa Shahid ilə münasibətlərinin gizli olduğunu, bundan nə öz ailəsinin, nə də Ansa Shahidin ərinin xəbəri olmadığını qeyd etmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin pasportlarını, nikah şəhadətnaməsini təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən olunur ki iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi hər hansı sosial qrupa mənsub olmamışdır. İddiaçı cavabdehə müraciəti zamanı dini etiqadının hinduizm olduğunu və müsəlman evli xanımla münasibət qurduğunu, xanımın ərinin bundan xəbər tutucağını ehtimal edərək həmin qadınla ölkəsini tərk etdiyini bildirsə də, müsahibə zamanı bunun əksinə olaraq xanımın ərinin bu məsələdən məlumatlı olduğunu bildirmişdir. İddiaçı dini etiqadına görə Pakistanda heç vaxt təhdid edilməmiş, 2018-2023-cü illərdə həmin xanımla münasibəti olmasına baxmayaraq orada rahat yaşamışdır. Onlar vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Həmçinin, sözügedən məsələnin ailə-məişət zəminində baş verdiyi görülməkdədir. Eyni zamanda iddiaçı “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçı və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Pakistan İslam Respublikası vətəndaşının pasportundan görünür ki, iddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. O, həmin ölkənin vətəndaşıdır. İşdə olan ərizə-anketdən görünür ki, iddiaçı qaçqın statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş müvəqqəti şəhadətnaməyə əsasən onun 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi üçün cavabdehə müraciət etmiş və barəsində xx.xx.2023-cü il tarixli, 06-2023 saylı şəxsi iş açılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-67/6 saylı qərarı ilə Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1993-cü il təvəllüdlü Ansa Shahid, qızları xx.xx.2014-cü il təvəllüdlü Aiza Shahid, xx.xx.2016-cı il təvəllüdlü İrha, oğlanları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü Muhammad Musa) qaçqın statusu verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, İddiaçı və arvadı Ansa Shahid vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İş materiallarına iddiaçı və onun arvadının müsahibə məlumatları əlavə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir (1). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir (12). Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir (13). Yuxarıda qeyd edilən hüquq normalaında görünür ki, şəxsə qaçqın statusu verilməsi üçün onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərə məruz qalması və belə təqiblərə məruz qalacağına əsaslı şübhələri olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir (1). Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir (13.). İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası vətəndaşı qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışdır. İddiaçı hindu dininə mənsub olduğunu və müsəlman olan ərli qadınla ailə qurduğunu bunun bilinməsindən qorxduğu üçün vətəndaşı olduğu ölkəni tərk etdiyini bildirmişdir. Lakin, onun həyatı, sağlamlığı və ailəsi üçün hər hansı real təhdid olduğu iş materialları ilə müəyyən edilmir. Eyni zamanda iddiaçının əsaslandığı hallar sırf ailə-məişət problemləri ilə bağlıdır və iddiaçıya qaçqın statusu verilməsi üçün əsas deyildir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusunun verilməsindən imtinası nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 19 dekabr 2023-cü il tarixli, İQ-67/6 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona qaçqın statusunun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və ona qaçqın statusunun verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6050/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6050/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver