Məhkəmə qərarları › İş №2-1(112)-6051/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6051/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6051/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazisindən kənara çıxışına qoyulmuş məhdudiyyətin (qadağa) götürülməsinin təmin edilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun və digər şəxslərin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Aparılmış istintaq araşdırması nəticəsində bir çox şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham aktı tərtib edilərək, baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Lakin, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı bir maddəsinin pozulmadığı, yəni cinayət törətmədiyi müəyyən edildiyindən, onunla bağlı hissədə araşdırmaya xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı zamanı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Artıq uzun müddətdir ki, ölkədən çıxa bilmir. Səhhətinin vəziyyəti ağır və buna görə xarici ölkələrdə müalicə almaq zərurəti yaranmışdır. Lakin, ölkədən çıxışı qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqları pozulmuş və hüquqlarının pozulması davam etməkdədir. Həmçinin, ölkədən çıxışına qadağa ilə bağlı hər hansı bir rəsmi qərar mövcud deyildir. O, ölkədən çıxışına qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, həmçinin, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müxtəlif tarixlərdə müraciət etsə də, mənim qeyd edilən müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş müddətdən bu günədək hər hansı bir şəkildə cavab verilməmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh inzibati orqanlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin iddia tələbinə dair yazılı münasibətləri (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Qax rayonu, Qax-Muğan kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şəki rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair 2-1(112)-6051/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar