Məhkəmə qərarları › İş №2-1(112)-6051/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6051/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6051/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və “X10” MMC) “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə məhəllə 2436 ünvanında inşa edilmiş yaşayış binasında 220 saylı mənzilə dair cavabdeh tərəfindən X3 verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə məhəllə 2436 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbə 17, 1 otaqlı, 52.9 kv.metr olan 220 saylı mənzilə onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X6 və “X10” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə məhəllə 2436 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbə 17, 1 otaqlı, 52.9 kv.metr olan 220 saylı mənzili “X11” MMC-dən almışdır. Hazırda həmin mənzildə yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ancaq xx.xx.2024-cü il tarixli məktuba əsasən 1 saylı Bakı Ərazi İdarəsi imtina vermişdir. İmtina səbəb isə Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə məhəllə 2436 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbəsində yerləşən 220 saylı mənzil nömrəsi qonşusu olan səhvən X1 adına qeydiyyata alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “X11” MMC ilə onun arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavildə də mənzilin 220 göstərilmişdir. X5 ilə “X11” MMC arasında xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən isə 218 saylı mənzil ona verilmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində inşa edilmiş yaşayış binasının texniki mərtəbəsində yerləşən 220 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 32, M17, m3) daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir.

5. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində inşa edilmiş yaşayış binasının texniki mərtəbəsində yerləşən 220 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 32, M17, m3) digər fiziki şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi 52.9 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli müqavilədə qeyd edilmişdir ki, şirkət qismində çıxış edən “X10” MMC ilə alıcı qismində çıxış edən İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə 2436 məhəllədə tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 17-ci texniki mərtəbədə yerləşən, 1 otaqlı, 52,9 kv.metr mənzil sahəsi olan 220 nömrəli mənzilin alıcıya satılması barədə müqavilə bağlanılmışdır.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X10” MMC-nin xx.xx.2024-cu il tarixli müqavilədə qeyd edilmişdir ki, “X10” MMC tərəfindən, Bakı şəhəri, Nizamı r-nu, A.Manafov və K.Baləkışiyev küçələrinin kəsişdiyi yerdə, tikilən binada yerləşən mənzilin sıra nömrəsi, həmin binada yaşayan İddiaçı mənzili ilə səhv göstərilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2011-ci il tarixli müqavilədə qeyd edilmişdir ki, şirkət qismində çıxış edən “X10” MMC ilə alıcı qismində çıxış edən X6 arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə 2436 məhəllədə tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 17-ci texniki mərtəbədə yerləşən, 1 otaqlı, 220 nömrəli mənzilin alıcıya satılması barədə müqavilə bağlanılmışdır.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “X10” MMC tərəfindən X4 verilmiş şəhadətnamə-arayışda qeyd edilmişdir ki, “X10” MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, A.Manafov və K.Balakişiyev küçələrinin kəsişdiyi yerdə, 2436 məhəllədə tikilən binada yerləşən 17-ci texniki mərtəbədə yerləşən, 1 otaqlı, 220 nömrəli mənzilin dəyəri tam ödənilmiş, onun şirkətə borcu yoxdur.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 2436-cı məhəllə, mənzil 220 (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi 32, M17, m3) xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 vəkili iddianın təmin olunmamasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs “X10” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. Odur ki, iddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki “X10” MMC ilə üçüncü şəxs X6 arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə 2436 məhəllədə tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 17-ci texniki mərtəbədə yerləşən, 1 otaqlı, 220 nömrəli mənzilin alıcıya satılması barədə xx.xx.2011-ci il tarixli müqavilə bağlanılmışdır. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 2436-cı məhəllə, mənzil 220 (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi 32, M17, m3) xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, sözügedən ünvanda yerləşən 220 saylı mənzilə dair cavabdeh tərəfindən X3 verilmiş çıxarışın ləğv edilməsini, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə məhəllə 2436 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbə 17, 1 otaqlı, 52.9 kv.metr olan 220 saylı mənzilə onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh isə müraciətinin təmin edilməsindən imtina etmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində inşa edilmiş yaşayış binasının texniki mərtəbəsində yerləşən 220 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 32, M17, m3) digər fiziki şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “X10” MMC ilə üçüncü şəxs X6 arasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə 2436 məhəllədə tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 17-ci texniki mərtəbədə yerləşən, 1 otaqlı, 220 nömrəli mənzilin alıcıya satılması barədə xx.xx.2011-ci il tarixli müqavilə bağlanılmışdır, həmin mənzilin dəyərinin ödənilməsi haqqında arayış verilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 2436-cı məhəllə, mənzil 220 xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilə dair mülkiyyət hüququ üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qanuni əsaslarla qeydiyyata alınmışdır. Cavabdeh orqanın hər hansı qanunsuz hərəkəti məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi.

31. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsi - Bakı şəhəri, Nizami rayonu, Azər Manafov və Kamil Balakişiyev küçələrinin kəsişdiyi yerdə məhəllə 2436 ünvanında inşa edilmiş yaşayış binasının texniki mərtəbə 17, 1 otaqlı, 52.9 kv.metr olan 220 saylı mənzilə onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı qeyd edir ki, sözügedən hüquqlar, yəni iddiaçının hüquqlarının qeydə alınması və X2 adına verilmiş çıxarışın ləğv edilməsi qarşılıqlı sürətdə aslıdırlar. Məhkəmə hesab edir ki, mənzilə hüquqların qeydiyyatının təmini, eyni zamanda çıxarışın ləğvi ilə nəticələnəcəkdir. Bu səbəbdən də iddia bu hissədə də rədd edilməlidir.

32. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar