Məhkəmə qərarları › İş №2-1(112)-6052/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6052/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6052/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Həstər qızı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı evin 7 saylı mənzilini notarial qaydada təsdiq edilməklə 19 iyul 2013-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən X1 almışdır. Alğı-satıdan sonra həmin şəxs mənzilin əvvəlki mülkiyyətçisi olaraq qısa zamanda qeydiyyatdan çıxacağını bildirmişdir. Lakin evin alğı-satqısından artıq uzun müddət keçməsinə baxmayaraq, o, hələ də qeydiyyatdan çıxmamışdır. Bu isə, iddiaçının konstitusion hüquqlarını pozur, hər hansı bir idarə, müəssisə, təşkilat, dövlət orqanları üçün yaşayış yerindən qeydiyyatla bağlı arayış aldıqda həmin şəxs də onun xüsusi mülkiyyətində olan mənzilin qeydiyyatında görünür. İddiaçı ona görə də. X2 qeydiyyatdan çıxarılması üçün cavabdeh orqan olan Bakı şəhəri Xətai RPİ-yə müraciət etmişdir. Ona imtina məktubu ilə bildirilmişdir ki, adıçəkilən şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5, 9-cu maddələrinə, İPM-in 2.2.3, 34-cü maddələrinə əsaslanaraq, məhkəmədən X2 Bakı şəhəri, Xətai rayonu, Naxımov küçəsi, 2 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmənin qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, 19 iyul 2013-cü il tarixdə satıcı X4 (onun adından səlahiyyətli nümayəndəsi) ilə alıcı X5 arasında AN-İ -360348 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı evin 5 saylı mənzilini alıcının mülkiyyətində vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, X3 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı evin 5 saylı mənzilinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 avqust 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ******* nömrəli 15 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, X4 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2019-cu il tarixli AZ-İİ seriyalı 317245 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, 26 yanvar 2019-cu il tarixdə X6 ilə X5 arasında nikah bağlanmışdır və nikahdan sonra arvada “Şərifova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin İddiaçı nümayəndəsinə ünvanlanmış 21 yanvar 2022-ci il tarixli cavab məktubunda bildirilir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) Yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2) Başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq dövlət orqanının məlumatına əsasən; 3) Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4) Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı biri təqdim edildiyi halda, keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 15 aprel 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi (keçmiş Naximov küçəsi) 2 saylı evin 5 saylı mənzili 19 fevral 2008-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhər notariusu Əli A.Hüseynov tərəfindən təsdiq edilmiş 19 iyul 2013-cü il tarixli 4Ə-04- 1082 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Cavabdeh və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxs X2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov (hazırkı Polad Həşimov) küçəsi, 2 saylı evin 5 saylı mənzilinə hazırda hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, mülkiyyət hüququ dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi hazırda müvafiq mənzilə sahiblik, istifadə və sərəncam hüquqları iddiaçı Şərifova (Qiyasova) Aysel Həsrət qızına məxsusdur. Təbii ki, bu hüququn yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya köhnə mülkiyyətçi X1 keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan müqvilədə nəzərdə tutulan haqq müqavblində imtina edərək onun iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsinə malik olan hər hansı şəxsin də həmin müqavilənin bağlanmasına öz etirazı olmamışdır. Buna görə də X2 həmin əmlak üzərində mülkiyyət hüququnun olması ehtimalı aradan qalxır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki P.Həşimov küçəsi), 2 saylı evin 5 saylı mənzilində üçüncü şəxs X4 yaşamadığından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), həmçinin yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi kimi onun hüquqları alqı-satqı müqaviləsinə əsasən iddiaçıya keçdiyindən, cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən həmin mənzilin yeni mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki Polad Həşimov küçəsi), 2 saylı evin 5 saylı mənzilindən üçüncü şəxs X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki Polad Həşimov küçəsi), 2 saylı evin 5 saylı mənzilindən üçüncü şəxs X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar