Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6052/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 sentyabr 2022ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 23 yanvar 1992-ci il tarixində Rusiya Federasiyasının Murmansk vilayəti, Roslyakovo qəsəbəsində doğulmuşdur. X2 Azərbaycan Respublikasının vətəndaşıdır. 2000-ci ildən etibarən daimi Azərbaycanda yaşasa da, Rusiya Federasiyası vətəndaşı olması səbəbilə Azərbaycan Respublikasında işləyə bilmir. Məsələ ilə əlaqədar aidiyyəti orqan olan cavabdehə xx.xx.2022-ci il tarixində sorğu ilə müraciət etmiş və onun sorğusu əsasında iş materiallarını araşdıraraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar çıxarılmışdır. Lakin üzərindən bir müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixində eyni qurum tərəfindən ******* nömrəli qərar çıxarılmış və həmin qərarla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamış, xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ləğv edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, onun X2 Azərbaycan Respublikası vətəndaşıdır. O, 2000-ci ildən, yəni orta məktəbin 2-ci sinfindən etibarən Azərbaycan Respublikasında yaşamış, burada təhsil almış və bu ölkənin vətəndaşı kimi formalaşmışdır. Barəsində çıxarılan bu əsassız qərar onun ölkə ərazisində işləməyinə, bu minvalla öz hesabına yaşamağına əngəl törədir və hüquqlarını sərt şəkildə pozur. Hazırda dünyasını dəyişmiş, Azərbaycan Respublikasının vətəndaşı olan nənəsi X9 da uzun illər xəstəliyi ilə əlaqədar onun himayəsində olmuş və onun qayğısına qalmaq da onun mənəvi borcu olmuşdur. Bundan başqa onun ölkə sərhədindən giriş-çıxış tarixlərinə də nzəər yetirilsə, aydın olur ki, son 20 ilin böyük əkəriyyətini Azərbaycan Respublikası ərazisində keçirmişdir. Bütün bu faktlar, eyni zamanda atasının Azərbaycan Respublikası vətəndaşı olması onun ölkə vətəndaşlığına qəbul olunması ilə bağlı qəbul edilən qərarın əsassızlığını bir daha sübut edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-cii il tarixli, ******* saylı qərar qəbul edilmişdir. Əldə olunmuş yeni məlumatlar əsasında aparılmış təkrar araşdırma zamanı iddiaçının Rusiya Federasiyasının vətəndaşlığı olması müəyyən edilmiş və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərar ləğv edilmişdir. Beləliklə müəyyən edilir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin əsas məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. iddiaçı Rusiya Federasiyasının ərazisində doğulmuş və hazırda həmin ölkənin vətəndaşıdır. Bu əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirlər ki, onun heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir. İşdə olan məktubun surətindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla mübahisələndirilən qərarı iddiaçıya göndərmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia verərək 30 günlük müddəti ötürməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əsas təhsil haqqında 2008-ci il tarixli, 715484 №li şəhadətnamənin surətindən görünür ki, 1992-ci ildə doğulmuş iddiaçı Bakı şəhəri R.Ənnağıyev adına 141 №-li orta məktəbdə oxumuş və 2008-ci ildə əsas təhsilini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 may 2022-ci il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 23 yanvar 1992-ci il təvəllüdlü iddiaçının 19 may 2022-ci il tarixli, 122030/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq müəyyən edilmişdir ki, iddiaçı sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Sorğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun təqdim edildiyindən, sorğu əsasında şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata başlanılmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılan icraat nəticəsində belə nəticəyə gəlinmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.5ci yarımbəndi rəhbər tutularaq, qərara alınmışdır ki, 23 yanvar 1992-ci il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərarının surətindən görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 23 yanvar 1992-ci il təvəllüdlü iddiaçı barədə olan materiallara baxılaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 20 may 2022-ci il tarixli, ******* №-li qərar verilmişdir. Mövcud sənədlərə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və 68.1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.4-cü bəndi rəhbər tutularaq qərara alınmışdır ki, 23 yanvar 1992-ci il təvəllüdlü iddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 20 may 2022-ci il tarixli ******* №-li qərar ləğv olunub, 23 yanvar 1992-ci il təvəllüdlü iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Cavabdeh tərəfindən etiraza əlavə edilmiş inzibati icraat materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün Ərizə - anktedən görünür ki, iddiaçı anket məlumatlarında doğulduğu yeri “Rusiya”, digər dövlət vətəndaşlığını “yox”, hazırki vaxta qədər şəxsiyyətini təsdiq edən sənədləri və onları verən orqanları “Rus”, hazırki vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə qədər yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı “-”, X1 vətəndaşlığını “Azərbaycan, Rusiya”, anası X6 vətəndaşlığını “Rusiya” olaraq qeyd etmişdir. İddiaçının notarial qaydada tərcümə edilərək təsdiq edilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o, xx.xx.1992-ci il tarixdə Murmansk vilayəti, Roslyakovo qəsəbəsində doğulmuşdur. X1 milliyəti azərbaycanlı, anası X3 milliyəti isə rusdur. 55 ******* nömrəli pasportun surətindən görünür ki, xx.xx.1992-ci ildə USSR/Murmansk vilayətində doğulmuş İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı hazırda cavabdehin 28 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərarını mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. xx.xx.1998-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 5-ci maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-ə dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. - 5-ci maddəsinin 4-cü hissəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın: -1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; -1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; -2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. - 3.4.3-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) tələb olunur. - 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir; - 4.4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən: “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisələndirilməyən halıdır. İddiaçı xx.xx.2022-ci il tarixli cavabdeh inzibati orqana müraciəti zamanı anketdə səhv məlumat qeyd etmiş, digər dövlətin vətəndaşı olması faktını bildirməmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımışdır. İnzibati orqanın xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı ilə bağlı təkrar araşdırma aparılmış, onun digər dövlətin vətəndaşı olması müəyyən edilmiş və iddiaçının vətəndaşlığa mənsubiyyətin tanınmasına dair xx.xx.2022-ci il tarixli qərar ləğv edilmişdir. Göründüyü kimi qanunvericiliyinin normalarının tələblərinə uyğun olaraq cavabeh inzibati orqan tərəfindən vətəndaşlığa mənsubiyyətin tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv olunmasına dair xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə iddia tələbinin əsası kimi istinad edilən və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında izahatında qeyd etdiyi Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4-cü bəndinin iddiaçıya aid edilməməsi, həmin normanın Azərbaycan Respublikası Vətəndaşı olan şəxsin sonradan başqa ölkənin vətəndaşlığını qəbul etməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, istinad edilən Qaydanın 4-cü bəndi blanket norma olmaqla “Vətəndaşlıq Haqqında” Azərbaycanm Respublikasının Qanununa göndəriş edir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İstinad edilən Qanunun 1-ci maddəsinə görə isə, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Baxılan işdə iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət edən zaman Rusiya Federasiyasının vətəndaşı olması mübahisəsizdir. Qanunun istinad edilən norması Azərbaycan Respublikası vətəndaşının sonradan başqa ölkənin vətəndaşlığını qəbul etməsi halında vətəndaşlığını itirməsinə səsəb olmasını müəyyən edirsə, bu hal müraciət edilən anda digər dövlətin vətəndaşı olması halında da Azərbaycan Respublikası vətəndaşlığının (hazırki halda mənsubiyyətinin) itirilməsi üçün birnəmalı əsasdır. Qanunverici Azərbaycan Respublikası vətəndaşı olan şəxsin başqa dövlətin vətəndaşlığını qəbul etməsi halında Konstitusion hüquq olan vətəndaşlığının itirilməsinə (hüquqa qanuni müdaxilə halı) səbəb olursa, qanunazidd olaraq (çünki iddiaçı mənsubiyyətinin tanınması ilə bağlı müraciət etdiyi anda artıq başqa dövlətin vətəndaşı olmuşdur) tanınmış vətəndaşlığın (mənsubiyyətinin) itirilməsinə halında da tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı cavabdehə müraciət edərkən başqa dövlətin vətəndaşı olması faktını gizlətmiş, cavabdehə bu barədə təhrif edilmiş məlumat vermişdir. İstinad edilən Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən cavabdeh tərəfindən iddiaçının vətəndaşlığa mənsubiyyətinin tanınması haqqında qərar ləğv edilərkən cavabdeh özünün səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6052/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6052/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver