Məhkəmə qərarları › İş №2-1(112)-6053/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6053/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6053/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra inzibati işin ərazi aidiyyəti məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 10.03.2022-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmri ilə diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. İddiaçı hazırkı tələbində həmin əmrin ləğvini, eyni zamanda işə bərpa edilməsini mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. Həmin Qanunun 22-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla yanaşı, eyni zamanda tərəflər arasındakı inzibati mübahisə dövlət qulluqçusu ilə inzibati orqan arasındakı xidməti münasibətlərdən yaranmışdır. Məhkəmə hesab edir ki, istər İPM-in 8.1.2-ci maddəsinin tələbi əsasında hazırkı cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olması baxımından, istərsə də İPM-in 8.1.3-cü maddəsinə əsasən mübahisənin bilavasitə dövlət qulluqçusu ilə xidməti hüquq münasibətləri ilə bağlı olması baxımından ərazi aidiyyəti məsələsi məhz iddiaçının yaşayış yeri üzrə müəyyən olunmalıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı yaşayış yeri olan ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə yaşayış yeri müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı onun əsasən yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı kimi göstərilmiş yaşadığı yer üzrə müəyyən edilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Şabran rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməli olduğunu nəzərə alaraq hazırkı məhkəmə icraatında iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılmasına zərurət görmür. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 8.1.3, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-6053/2022 saylı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar