Məhkəmə qərarları › İş №2-1(112)-6053/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6053/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6053/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “tədiyyə bildirişinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********1098 saylı tədiyyə bildirişinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Xətai rayonu Əhmədli Bələdiyyəsi ona məlumat verərək mülkiyyətində olan yaşayış sahəsinə görə vergi borcunun ödənilməməsi barədə 09 nömrəli, 03 fevral 2023-cü il tarixli qərarın qəbul edildiyi deyilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Əhmədli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 17 saylı protokolunun 3 nömrəli qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı Əli qızının mülkiyyətində olan yaşayış sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri, Xətai rayon İcra şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qərardan Bakı inzibati Məhkəməsində tərəfindən iddia qaldırılmış və Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində qərar çıxarılmışdır. Məhkəmənin qərarına əsasən Əhmədli Bələdiyyəsinin qərarı ləğv edilmişdir. Əhmədli bələdiyyəsinin əsassız qərarına görə ümumilikdə 650,87 (altı yüz əlli manat, səksən yeddi qəpik) manat əsas borc və 40 (qırx) manat maliyyə sanksiyası, yəni ümumilikdə 690,57 (altı yüz doxsan manat əlli yeddi qəpik) manat borcun ondan tutularaq Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməli olduğu bildirilmişdir. Qəbul edilən qərarda bu məbləğin necə yarandığı və tətbiq olunan sanksiyasının nəyə əsasən olduğu bildirilməmişdir. Məhkəmə tərəfindən bələdiyyəyə yönləndirilmiş suallar isə cavabsız qamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-l(112)-7247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən, xx.xx.2023-cü il tarixində Bakı İnzibati Məhkəməsinin qərarı elektron kabinetdə yerləşdirilmiş və qərardan şikayət verilmədiyindən xx.xx.2023-cü il tarixində qanuni qüvvəyə minmişdir. Lakin Xətai Rayonu Əhmədli Bələdiyyəsi Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının tətbiqinə zidd addım ataraq 2023-cü il dövrü üçün yeni tədiyyə bildirişi tərtib etmiş və məhkəmə tərəfindən bələdiyyənin ləğv edilmiş qərarında tələb olunan məbləği bildirişdə ondan yenidən tələb etmişdir. xx.xx.2023-cü il tarixində 2023-cü il üçün cari borcunu tam həcmdə ödəmiş və tədiyyə bildirişində göstərilmiş digər məbləğin əks olunduğu qərarın məhkəmə qaydasında ləğv edilməsi ilə əlaqədar Əhmədli Bələdiyyəsinə yazılı məktub da göndərmişdir. Xətai rayonu, Əhmədli Bələdiyyəsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməməsilə bağlı həm Bakı İnzibati Məhkəməsinə, həm Ədliyyə Nazirliyinə şikayət verilmişdir. Bakı İnzibati Məhkəməsi şikayətə baxaraq xx.xx.2023-cü il tarixli, 2-l(112)-7247/2023 saylı məktub göndərmişdir. Məktuba əsasən məhkəmənin icraatında olan iş borcun mahiyyətcə düz olub-olmaması ilə bağlı yox, borcun tələb edilməsinə yönəlmiş inzibati aktın prosessual qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin məktubuna əsasən həmin qərarda məhz prosessual pozuntularla çıxarılmış qərarın borcun mahiyyətinə girmədən ləğvi ilə əlaqədarlığı göstərilmişdir. Məktuba əsasən həmin borcun mahiyyəti üzrə də səhv olduğu qənaəti mövcuddursa, bununla bağlı cavabdeh tərəfindən yeni qərar qəbul ediləcəyi təqdirdə həmin qərarın düzgünlüyünün yoxlanılması mərhələsində aidiyyəti sənəd və sübutların təqdim edilməsi hüquqlarının mövcudluğu əks olunmuşdur. Məhkəmənin qərarına əsasən, Əhmədli bələdiyyəsi yeni qərar tərtib etdiyi təqdirdə bununla bağlı məhkəməyə müraciət etmək hüququnun yarandığı göstərilmişdir. Əhmədli Bələdiyyəsi isə 20 dekabr 2023-cü il tarixli yeni tədiyyə bildirişi göndərmiş və ləğv edilmiş qərarda göstərilən məbləği yenidən tələb etmişdir. Göstərilən məbləğin və onun əsasında hesablanmış faizin hansı əsasla tələb edildiyinə dair heç bir məlumat verilməmişdir. Əvvəlki dövr üzrə tələb olunan məbləğin hansı dövrləri əhatə etməsi göstərilməmişdir. Əhmədli bələdiyyəsi ötən dövr üçün 420,5 manat əsas borc və 222,75 manat isə faiz məbləği hesablamışdır. Tərtib edilən tədiyyə bildirişi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsində iddiaçı cavabdeh bələdiyyə tərəfindən ona verilmiş tədiyyə bildirişinin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən həmin bildiriş inzibati akt sayılmır. Belə ki, inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisələndirilən tədiyyə bildirişi yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Cavabdeh tərəfindən iddiaçıya bələdiyyə verginin ödənilməsi barədə tədiyyə bildirişi özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Həmin bildiriş vergi borcunun olması və onun büdcəyə ödənilmısi barədə iddiaçıya xəbərdarlıq (məlumat) xarakteri daşıyır. Vergi Məcəlləsinin 200.4-cü maddəsinə görə, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin bildirişdən sonra iddiaçı vergini ödəmədiyi halda, onun barəsində vergi borcunun tutulmasına dair cavabdehin qərarı qəbul edilməlidir ki, həmin qərar iddiaçı barəsində vəzifə yaradır və inzibati akt sayılır. İddiaçının bundan əvvəlki iddiası üzrə də, ona cavabdeh tərəfindən aparılmış yenidən yoxlama nəticəsində qəbul ediləcək qərarın mübahisələndirə bilməsi hüququ məhkəmə tərəfindən izah edilmişdir. Həmin iş üzrə qərar da məhkəmənin qərarına əsasən, Əhmədli bələdiyyəsi yeni qərar tərtib etdiyi təqdirdə bununla bağlı məhkəməyə müraciət etmək hüququnun yaranması iddiaçıya göstərilmişdir. İddiaçı isə hazırda qərarı deyil, tədiyyə bildirişini mübahisələndirir ki, qeyd edildiyi kimi həmin bildiriş inzibati akt deyildir və gələcəkdə inzibati aktın qəbul edilməsinə xidmət edir. Məhkəmə iddiaçının iştirakının təmin edilərək ona hüquqi yardımın göstərilməsi ilə bağlı qeyd edir ki, qeyd edildiyi kimi əvvəlki məhkəmə işi üzrə qərarda ona bu hüquq izah edilmişdir. Digər tərəfdən hüquqi yardımın mahiyyəti ondan ibarətdir ki, irəli sürülən iddiada yol verilən formal xəta və ya aydın olmayan iddia olduğundan həmin xətalar və nöqsanlar işə baxılmasına mane olur. Məhkəmə isə yardımetmə vəzifəsinə uyğun olaraq həmin nöqsanların aradan qaldırılması və icraatın davam etdirilməsinə yönəlmiş məsələlər üzrə iddiaçıya yardım edir. Hazırkı halda isə iddiaçıya aradan qaldıra biləcəyi hər hansı bir hüquqi yardımın edilməsi mümkün deyildir. Hər bir halda məhkəmə iddiaçıya təkarən izah edir, cavabdeh Bələdiyyə göndərdiyi tədiyyə bildirişibdə əks olunmuş vergi borcuna dair qərar qəbul edəcəyi təqdirdə iddiaçı həmin qərarı mübahisələndirə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar