Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6055/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (hüquq məsləhətçisi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin surətinin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 2 may 2007-ci il tarixli, 7435 nömrəli bağ sahəsinin icarəsi müqaviləsinin həqiqiliyini təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və X1 və İstismarı Birliyi ilə arasında bağlanmış 2 may 2007-ci il tarixli, 7435 nömrəli müqavilə əsasında 1518 nömrəli bağ sahəsindən istifadə edir. Bununla bağlı, 22 yanvar 2021-ci il tarixində Cavabdehə Birlik ilə onun arasında bağlanmış icarə müqaviləsinin bir nüsxəsinin ona verilməsi ilə bağlı müraciət etmişdir. Lakin iddiaçının ərizəsinə cavab məktubunda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi belə bir müqavilənin olduğunu və tərəflər arasında bağlandığını təsdiq etsə də, onun səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilmədiyini əsas gətirərək sənədin surətinin verilməsindən imtina etmişdir. Qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2.1-ci maddəsi əsasında Birliyə məxsus arxiv sənədlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi təmin edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin adının Əmlak Məsələləri Dövlət Komitəsi ilə əvəz olunması və İdarənin müvafiq prosedurun həyata keçirilməsi üzrə səlahiyyətləndirildiyini nəzərə alaraq, arxiv sənədlərinin İdarəyə təhvil verildiyi nəticəsinə gəlir. “Torpaq islahatı haqqında" Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri də əsas hesab olunur. Adı çəkilən qanunun 10.2-ci maddəsinə görə isə, daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas kimi bağ təsərrüfatı idarələri tərəfindən verilmiş müqavilə çıxış etdikdə, həmin müqavilənin nüsxəsi digər sənədlərlə birlikdə qeydiyyat ərizəsinə əlavə olunur və qeydiyyat orqanına təqdim olunur. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq üçün Müqavilənin həqiqiliyi Məhkəmə tərəfindən təsdiq olunmalıdır ki, Birlik ilə iddiaçı arasında bağlanmış Müqavilə əsasında bağ sahəsinin qeydiyyata alınması mümkün olsun. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1518 saylı bağ sahəsinə dair 02.05.2007-ci il tarixli 7435 saylı müqavilənin təsdiq olunmuş surətinin iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə etiraz edərək verdiyi izahatında bildirilmişdir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 02.05.2007-ci il tarixli 7435 saylı müqavilə əsasında ayrılmış 1518 saylı bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair müraciəti ərizədə qeyd olunan bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə Ağabalayev X5 arasında bağlanılmış 02.05.2007-ci il tarixli, 7435 nömrəli müqavilənin səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilmədiyindən sənədin surətinin verilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 02 fevral 2021-ci il tarixli **********27 saylı məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 02.05.2007-ci il tarixli 7435 saylı müqavilə əsasında ayrılmış 1518 saylı bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair 22.01.2021-ci il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1518 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə Ağabalayev X5 arasında 02.05.2007-ci il tarixli, 7435 nömrəli müqavilə bağlanılmışdır. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. Hazırda iddiaçı məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1518 saylı bağ sahəsinə dair 02.05.2007-ci il tarixli 7435 saylı müqavilənin təsdiq olunmuş surətinin iddiaçıya təqdim edilməsi barədə olan tələbinin təmin edilməsini istəyir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1518 saylı bağ sahəsinə dair 02.05.2007-ci il tarixli 7435 saylı müqavilənin təsdiq olunmuş surətinin iddiaçıya təqdim edilməsindən imtinaya səbəb ola biləcək mövcud əsaslardan hər hansı birinin olması müəyyən edilməmişdir. Belə ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə Azərbaycan Respublikasi Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 №li Sərəncamına əsasən 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilməsi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.9-cu bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.22-ci bənd) daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə verilməsində iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. İşin araşdırılan hallarından və məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsinin izahatından da müəyyən edilir ki, cavabdeh tərəflər arasında bağlanan 02.05.2007-ci il tarixli 7435 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1518 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə Ağabalayev X5 arasında 02.05.2007-ci il tarixli, 7435 nömrəli müqavilənin bağlanıldığını qeyd etsə də, lakin müqavilənin səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməməsi əsası ilə iddiaçıya təqdim edilməsindən əsassız olaraq imtina etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.22-ci bəndində qeyd olunan tələbləri pozmaqla yanaşı, həmçinin İnzibati İcraat haqqında Qanunun 61.2-ci maddəsinin tələbinə də riayət etməyərək öz mövqeyini faktiki və hüququqi cəhətdən əsaslandırmamış, bununla da iddiaçının yuxarıda sadalanan hüquqlarını pozmuşdur. Yuxarıda sadalananlarla yanaşı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Beləliklə məhkəmənin qənaətinə görə iddiaçı uzun müddətdən bəri qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1518 saylı bağ sahəsinə dair 02.05.2007-ci il tarixli 7435 saylı müqavilənin təsdiq olunmuş surətinin ona təqdim edilməsində haqlı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1518 saylı bağ sahəsinə dair 02.05.2007-ci il tarixli 7435 saylı müqavilənin təsdiq olunmuş surətinin İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1518 saylı bağ sahəsinə dair 02.05.2007-ci il tarixli 7435 saylı müqavilənin təsdiq olunmuş surətinin İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6055/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6055/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver