Məhkəmə qərarları › İş №2-1(112)-6055/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6055/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6055/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (hüquqşünas) X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın maliyyə sanskiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarının və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişin qanunsuz hesab edilməsi, müvafiq qərar və göstərişin ləğv edilməsinə dair vəzifənin cavabdehə yəni, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul etmək öhdəliyinin müəyyən edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli “maliyyə sanksiyasının tətbiq edilməsi” haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın maliyyə sanskiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, “Halal Payım" Məhdud Məsuliyyətli Cəmiyyəti AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/3-1-F-l 19/2023 nömrəli əmri ilə yaradılmış antinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması üzrə yaradılmış komissiya tərəfindən xx.xx.2023-cü il tarixli Qərara əsasən “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında“ Qərar qəbul edilmiş və “Haqsız rəqabət haqqında“ Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 16 oktyabr 2023-cü il tarixdə bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023-cü ilin iyun, iyul, avqust ayları üzrə əldə edilmiş 391 287,74 manat ümumi gəlirin 5 faizi miqdarında yəni 19 564,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş inzibati akt hüquqi şəxs kimi iddiaçının hüquqlarını pozduğundan və qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı tərəfindən aidiyyəti üzrə “İnzibati icraat“ haqqında AR Qanununun tələblərinə uyğun olaraq yuxarı orqana şikayət edilmiş, AR İqtisadiyyat Nazirliyinin 05 dekabr 2023-cü il tarixli “5“ saylı Qərarına əsasən şikayət təmin edilməmiş, qərardan narazı qalındığı halda Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Belə ki, “Halal-Payım“ MMC tərəfindən son üç ayda əldə edilmiş gəlirin miqdarı ilə göstərişdə qeyd edilən məbləğin heç bir əlaqəsi yoxdur. Komissiya iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdəki ümumi dövriyyə məbləği olan 391 287,74 manatı gəlir anlayışını təhrif edərək maliyyə sanksiyasını da bu məbləğdən hesablamışdır. Halbuki, şirkətin dövriyyəsi 391 287,74 manat olsa da, Komissiya şirkət tərəfindən təqdim edilmiş bəyannamələrin növbəti səhifələrində əvəzləşmələrin miqdarı göstərilmişdir. Bu məbləğlər çıxıldıqdan sonra alınan rəqəm şirkətin gəliri olaraq hesablana bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş iimumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilə bilər. Şikayətdə qeyd edilən normaların mənasından göründüyü kimi, "xxxx" MMC-nin gəliri olaraq göstərilən son üç ay üzrə 391 287,74 manatdan gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər çıxıldıqdan sonra qalan məbləğ gəlir olaraq nəzərdə tutulmalı idi. Sadalananlar nəzərə alınaraq ilkin tələbdə AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antitinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında 17 oktyabr 2023cü il tarixli Göstərişin ləğv edilməsi xahiş edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının tələbi rədd edilməli və təmin edilməməlidir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bazar subyekti barəsində bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyası tətbiq edilir. “Əlavə dəyər vergisi bəyannamələri”nə əsasən İddiaçı MMC-nin (VÖEN: **********) daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 2023-cü ilin iyun ayında 100 913,20 manat, iyul ayında 124 795,00 manat və avqust ayında isə 165 579,54 manat olmuşdur. Beləliklə, “HALAL PAYİM" MMC-nin (VÖEN: **********) bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023-cü ilin iyun, iyul və avqust aylarında əldə edilmiş ümumi gəliri 391 287,74 manat (üç yüz doxsan bir min iki yüz səksən yeddi manat yetmiş dörd qəpik) təşkil etmişdir. Əlavə olaraq iddiaçı qeyd edir ki, 2023-cü ilin iyun, iyul və avqust aylarında əldə edilmiş ümumi gəliri 391 287,74 manatdan bütün xərclər çıxarldıqdan sonra əldə qalan gəlirə uyğun olaraq hesablanma aparılmalı idi. Bununla əlaqədar bildiririk ki, gəlir şirkətin rüb və ya maliyyə ili kimi müəyyən bir dövr ərzində mal və ya xidmətlərini satmaqdan əldə etdiyi ümumi pul məbləğinə aiddir. Buraya satışlar, ödənişlər, investisiyalardan əldə edilən faizlər və hər hansı digər gəlir axınları kimi bütün gəlir formaları daxildir. İddiaçı isə iddiasında “gəlirdən xərclər çıxıldıqdan sonra qalan gəlir” ifadəsi ilə mənfəəti nəzərdə tutur. Burada qanunvericinin mövqeyi maliyyə sanksiyasını mənfəətə görə deyil, əldə edilmiş ümumi gəlirə münasibətdə müəyyən edir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, iddianın əsasına baxıldığı zaman iddiaçının xx.xx.2023-cü il tarixli Qərarın yalnız maliyyə sanksiyasının miqdarı ilə bağlı olan hissədə etirazı var, digər hissələrə münasibətdə hər hansı iddiasının olmadığını görürük. Bununla əlaqədar olaraq, qərar və göstərişin ümumilikdə qanunsuz hesab edilməsi və ləğv edilməsi tələbi əsassızdır. Eyni zamanda bildirilir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1037/2022 nömrəli Qərarının 31 və 32-ci bəndlərində qeyd edilir ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsi ümumiyyətlə məlumat almaq hüququnu təsbit edir. Bu mənada iddiaçının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan məlumatları, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edir və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Lakin icraat zamanı cavabdeh tərəfindən həmin sənəd və məlumatların təqdim olunmaması, onların müvafiq qurumlardan və başqa qaydada əldə edilməsi mümkün olmadığı hallarda, onun ziyanına təfsir olunmalıdır. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı, yəni ümumi hüquqi müdafiə marağı mövcud olmur. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1378/2023 nömrəli Qərarının 53 və 54-cü bəndlərində göstərilir ki, qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müracətlər və məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məölumatlar tələb etmək hüququna malikdir. Komissiya işə baxılma nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanına müavfiq orqanlardan, təsərrüfat subyektlərindən vəzifəli şəxslərdən tələb etidiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticəsinin aradan qaldırılması və ya onun aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanlandığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1378/2023 nömrəli Qərarında iddiaçı tərəfdən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlər olmadığı təqdirdə həmin nişanlardan istifadənin dayandırılaraq bu barədə Xidmətə məlumat verilməsi tələb edilsə də, müvafiq sənədlərin Xidmətə təqdim edilmədiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində maliyyə sanksiyaları tətbiq edilməsi əsaslı hesab edilmişdir. Göründüyü kimi, həm qanunvericiliyin, həm də qanuni qüvvədə olan məhkəmə qərarlarından yaranmış təcrübəyə əsasən, sənəd və məlumatların verilməməsi antiinhisar qanunvericiliyinin pozulması hesab olunur və məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən bildirilir ki, iddiaçı barəsində Dövlət Xidmətinin xx.xx.2023-cü tarixli Qərarı tam qanuni və əsaslıdır.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraza əlavədə (mülahizədə) qeyd edilmişdir ki, Dövlət Xidməti tərəfindən tətbiq edilmiş maliyyə sanksiyasının həddi barədə məhkəmənin nəzərinə çatdırırıq ki ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarından biri olan xx.xx.2023-cü il tarixli 2-1 (102)-1842/2023 nömrəli Qərarında inzibati orqanın diskresion səlahiyyətlərindən istifadə ilə bağlı aşağıdakı şərtlər öz əksini tapmışdır. - Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. - Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. - Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. - İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. - İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da -Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. Göründüyü kimi, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında da, diskresion səlahiyyətlər üzrə bərabərlik və etimad prinsiplərinin tələblərindən irəli gələn bütün subyektlərə qarşı eyni cür yanaşmanın inzibati orqan tərəfindən tətbiqi imperativ tələb kimi göstərilmişdir. Bu tələb özülüyündə qanunvericiliyin mahiyyətindən irəli gəlir. Eyni zamanda qeyd edilməlidir ki, Dövlət Xidmətində analoji məsələ üzrə (antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlərə baxılarkən sənəd və məlumatların təqdim edilməməsi ilə bağlı) eyni cür inzibati icraat aparılmışdır. Belə ki, fərdi sahibkar X3 barəsində sənəd və məlumatların təqdim edilməməsi ilə bağlı Dövlət Xidməti tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən maliyyə sanksiyası tətbiq edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli Qərar qəbul edilmiş, həmin qərar Teyran Nağıyev tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, son olaraq Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1 (102)-1378/2023 nömrəli qərarı ilə Dövlət Xidmətinin qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qanuni qüvvədə olan qərarı, eyni zamanda inzibati orqanın mövcud inzibati praktikası mövcuddur ki, bunun dəyişdirilməsinə səbəb olacaq hər hansı bir hal yoxdur.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********085800 nömrəli Çıxarışa əsasən: Qurumun adı: İddiaçı Qeydiyyata alındığı tarix: xx.xx.2022 Dövlət qeydiyyat № (VÖEN): ********** Təşkilati-hüquqi forması: Məhud Məsuliyyətli Cəmiyyəti Sahibkarlıq subyektinin meyarı: Kiçik sahibkar Hüquqi ünvanı: AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., ev 13, mənzil 41

8. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən qərara alınmışdır:

1. Hüquqi ünvanı AZ1048, ünvan 2 MMC (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023 il tarixli 3-21-1/3- 1-F-119/2023 nömrəli işə baxılması təxirə salınsın.

4. Hüquqi ünvanı AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, ev 13, mənzil 41 olan İddiaçınə (VÖEN: **********) Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023 il tarixli 3- 21-1/3-1 -F-119/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AİBNDX/Q- 146/2023, xx.xx.2023-cü il) və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında" xx.xx.2023-cü il tarixli (çıxış nömrəsi: AİBNDX/Q-160/2023, xx.xx.2023-cü il) Qərarları ilə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasına əsasən bütün fəaliyyət növləri üzrə son üç ayda, yəni 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə əldə edilmiş 391 287,74 manat (üç yüz doxsan bir min iki yüz səksən yeddi manat yetmiş dörd qəpik) ümumi gəlirin 5 faizi miqdarında, yəni 19 564,38 manat (on doqquz min beş yüz atmış dörd manat otuz səkkiz qəpik) maliyyə sanksiyası tətbiq edilsin.

9. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişinə əsasən Hüquqi ünvanı AZ1048, ünvan 2 MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023 il tarixli 3-21-1/3-1-F-119/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 19 564,38 manat (on doqquz min beş yüz atmış dörd manat otuz səkkiz qəpik) maliyyə sanksiyasını 30 (otuz) gün ərzində müvafiq hesaba köçürülməsinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarının və xx.xx.2023-cü il tarixli Göstərişinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati şikayətinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə taxılmışdır. Bununla əlaqədar, “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişdən verilən inzibati şikayətə baxılması barədə” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 5 nömrəli Qərarının surətini təqdim edilir.

11. “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişdən verilən inzibati şikayətə baxılması barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli, 5 nömrəli Qərarına əsasən İddiaçı Azərbaycan Respublikasnın İqtisadiyyat Nazilriyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarından və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişindən verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazilriyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023cü il tarixli Qərarı və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2023-cü il tarixli Göstərişi dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Qərarlar iş materiallarına əlavə olunmuşdur.

13. Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən qərara alınmışdır:

1. Hüquqi ünvanı AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, ev 13, mənzil 41 olan İddiaçınə (VÖEN: **********) kolbasa və sosiska məhsullarının istehsalı və satışı zamanı uyğunluq nişanından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə yol verməməsi haqqında göstəriş verilsin.

2. Hüquqi ünvanı AZ1048, ünvan 4əhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən haqsız rəqabətə yol verilməklə, satılmış kolbasa və sosiska məhsullarından əldə edilmiş 114 651,67 manat (yüz on dörd min altı yüz əlli bir manat altmış yeddi qəpik) gəlirin 10 faizi həcmində, yəni 11 465,16 manat (on bir min dörd yüz altmış beş manat on altı qəpik) maliyyə sanksiyası tətbiq edilsin.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərardan verilən inzibati şikayətə baxılması barədə” xx.xx.2024-cü il tarixli, 5 nömrəli Qərarına əsasən qərara alınmışdır:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərarı və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli Göstərişi qismən, maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilsin, iş üzrə icraata xitam verilsin.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (hüquqşünas) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın və əlavənin (mülahizənin) məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

17. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. Mübahisələndirilən inzibati akt (qərar) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Məhdud Məsulliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Qərardan (iddia tələbi üzrə mübahisələndirilən qərardan) vaxtında xx.xx.2023-cü il tarixdə lazımi qaydada yuxarı inzibati orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə) şikayət vermiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli qərarın dəyişdirilməsən saxlanılması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, bundan sonra həmin (xx.xx.2023-cü il tarixli) qərar xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya təqdim edilmiş və iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulan müddətlər ötürülməmişdir.

20. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

21. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarın maliyyə sanskiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsini tələb etmişdir.

22. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu (8 dekabr 2023-cü il tarixli 1051-VİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir): Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri

1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: ... - Qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər;...

2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: ... - tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Maddə 9. İstehlakçıların çaşdırılması Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Maddə 12. Maliyyə sanksiyaları

1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;

23. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.3. antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək; 3.0.6. antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;... 4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: 4.0.5. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

24. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi: 1.1.7. bazar subyektləri – bazarda yaranan münasibətlərin iştirakçısı olan təsərrüfat subyektləri, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar, digər subyektlər; 1.1.37. rəqabət orqanı – rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 42.1. Bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti rəqabət orqanı tərəfindən həyata keçirilir. 42.2. Dövlət nəzarəti aşağıdakı metodlarla həyata keçirilir: 42.2.1. rəqabət orqanı tərəfindən aparılan araşdırmalar; 42.2.2. yoxlamalar. 77.1. Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir: 77.1.1. bu Məcəlləyə əsasən tələb olunan hallarda və bu Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla rəqabət orqanına natamam, yanlış və ya saxta sənəd və məlumatların təqdim edilməsi və ya həmin sənəd və məlumatların gecikdirilməklə təqdim edilməsi, yaxud təqdim edilməməsi; 77.1.2. bazar subyektinin iqtisadi fəaliyyəti ilə bağlı yoxlamanın predmetinə dair yoxlamanı həyata keçirən rəqabət orqanının vəzifəli şəxslərinin suallarına cavab verməkdən imtina edilməsi, yaxud natamam, qeyri-dəqiq və ya gecikdirilmiş cavabların verilməsi yolu ilə yoxlamaların və araşdırmaların keçirilməsinə, habelə işə baxılmasına maneçilik törədilməsi, yaxud zəruri şəraitin yaradılmaması;

25. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının məzmunundan göründüyü kimi qanun pozuntusuna yol vermiş bazar subyektlərinə münasibətdə maliyyə sanksiyalarının tətbiq edilməsi və onun məbləğinin norma daxilində müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti diskresion səlahiyyətlərinə daxildir.

26. Odur ki, məhkəmənin vəzifəsi hazırki iş üzrə cavabdeh orqan tərəfindən maliyyə sanksiyanın qəbul edilməsi üçün nəzərdə tutulmuş əsasların qanuniliyinin müəyyən edilməsi və maliyyə sanksiyasının məbləğinin həmin əsaslara mütənasibliyinin yoxlanmasıdır.

27. Məhkəmə ilk növbədə müəyyən edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023 il tarixli 3-21-1/3-1-F-119/2023 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.20203-cü il tarixli Qərarı (çıxış nömrəsi: AlBNDX/Q-146/2023, xx.xx.2023-cü il) ilə İddiaçı MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılma iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, eyni zamanda həmin Qərarla xx.xx.2023-cü il tarixinədək zəruri sənəd və məlumatların Xidmətə təqdim edilməsi “HALAL PAYİM" MMCdən tələb edilmişdir. Lakin tələb olunan sənəd və məlumatlar xx.xx.2023-cü il tarixinədək cavabdeh orqana təqdim edilməmiş, işə baxılması günü, yəni xx.xx.2023-cü il tarixli məktubla isə bəzi sənəd və məlumatlar təqdim edilmişdir. Daha sonra İddiaçı MMC tərəfindən əlavə vaxt veriləcəyi təqdirdə lazımi sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Bununla əlaqədar olaraq Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması haqqında” xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı MMC (VÖEN: **********) haqqında "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2023-cü il il tarixli 3-21-1/3-1-F-119/2023 nömrəli işə baxılması təxirə salınaraq işə baxılma iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir, qeyd olunan Qərarla zəruri sənəd və məlumatların xx.xx.2023-cü il tarixə kimi Xidmətə təqdim edilməsi tələb edilmişdir. İddiaçı "xxxx" MMC əlavə vaxt veriləcəyi təqdirdə həmin sənədlərin Komissiyaya təqdim ediləcəyini bildirsə də, tələb olunan sənəd və məlumatlar yenə də tam təqdim edilmədiyi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarla 19 564,38 manat (on doqquz min beş yüz atmış dörd manat otuz səkkiz qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir.

28. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddia tələbi üzrə mübahisələndirilən “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərar məhz İddiaçı MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı lazımi sənəd və məlumatların təqdim edilməməsi nəticəsində qəbul edilmişdir.

29. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən İddiaçınə (VÖEN: **********) kolbasa və sosiska məhsullarının istehsalı və satışı zamanı uyğunluq nişanından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə yol verməməsi haqqında göstəriş verilmiş və 11 465,16 manat (on bir min dörd yüz altmış beş manat on altı qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərardan verilən inzibati şikayətə baxılması barədə” xx.xx.2024-cü il tarixli, 5 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2024-cü il tarixli Qərarı və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli Göstərişi qismən, maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Odur ki, İddiaçı MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılması nəticəsində Azərbaycan Respublikasnın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 11465,16 manat maliyyə sanksiyası tətbiq edilsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 5 nömrəli Qərarı ilə maliyyə sanksiyasının tətbiqi ləğv edilmiş və işə xitam verilmişdir. Həmin qərara (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 5 nömrəli Qərarı) əsasən, İddiaçı MMC tərəfindən işə baxılması zamanı qanunvericiliyin tələbi izah edildikdən dərhal sonra xx.xx.2023-cü il tarixli uyğunluq sertifikatlarının alındığını, qanun pozuntusunun mahiyyəti üzrə qərar qəbul edilənədək könüllü surətdə aradan qaldırıldığını və “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.14-cü bəndini nəzərə alaraq hesab edilmişdir ki, xx.xx.2024-cü il tarixli Qərar və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və maliyyə sanksiyasının ödənlməsi haqqında” xx.xx.2024-cü il tarixli Göstəriş qismən, maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

30. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. Mübahisələndirilən qərardan görünür ki, İddiaçı MMC-dən barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı müvafiq sənədlərin və məlumatların təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən lazımi sənədlər Xidmətə təqdim olunmadığından onun barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.

31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vahid inzibati icraat daxilində maddi hüquqi baxımdan və prosessual hüquqi baxımdan qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı iki fərqli qərarın qəbul edilməsi mümkündür. İddiaçı MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış (maddi hüquq normalarına əməl olunması ilə bağlı) işə xitam verilməsi birbaşa olaraq həmin icraat daxilində inzibati orqan tərəfindən tələb olunan sənədlərin və məlumatların müəyyən olunmuş müddətdə lazımi qaydada verilməməsi (prosessual hüquq normalarına əməl olunmaması) ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyasının da ləğv edilməsi kimi qəbul edilməməlidir. Belə ki, inzibati icraat daxilində maddi hüquq normalarına və prosessual hüquq normalarına əməl olunmasının ayrı-ayrılıqda qiymətləndirilməsi legitim məqsədlərə xidmət etməklə qanunvericilik normalarından sui-istifadənin qarşısının alınması məqsədilə həyata keçirilir.

32. Digər tərəfdən məhkəmə qeyd edir ki, vahid inzibati icraat daxilində maddi hüquq normalarına və prosessual hüquq normalarına əməl olunması ilə bağlı yoxlama nəticəsində qəbul edilmiş qərarlar arasında ağlabatan mütənasiblik əlaqəsi olmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.

33. Hazırkı mübahisəyə münasibətdə məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qərarı ilə ləğv edilmədən əvvəl cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə maddi hüquq normalarına əməl olunmaması ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyasının məbləği (daha sonra iddiaçı icraat zamanı yol verilmiş pozuntuları özü aradan qaldırdığından iş üzrə icraata xitam verilmiş olsa da) 11465,16 manat təşkil edirdi. Belə olan təqdirdə cavabdeh orqan tərəfindən maddi hüquq normalarına əməl olunmaması ilə bağlı müəyyən edilmiş maliyyə sanksiyasının məbləği 11465,16 manat müəyyən edildiyi təqdirdə, eyni icraatla bağlı prosessual hüquq normalarına əməl olunmaması ilə bağlı sanksiyanın məbləğinin 19564,38 manat məbləğində tətbiq edilməsi ağlabatan deyil.

34. Qüvvədən düşmüş “Haqsız rəqabət haqqında” Qanunun 12-ci maddəsinin 5-ci hissəsinə əsasən (belə ki, mübahisələndirilən maliyyə sanksiyası qeyd edilən normaya əsasən tətbiq edilmişdir) Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edlir.

35. Odur ki, məhkəmə ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirərək hesab edir, İddiaçınə münasibətdə lazımi sənədlərin və məlumatların müəyyən olunmuş müddətdə təqdim edilməməsi (prosessual hüquq normalarına əməl olunmaması) ilə bağlı tətbiq edilməli maliyyə sanksiyasının məbləği dəyişdirilərək maddi hüquq normalarına əməl olunmaması ilə bağlı nəzərdə tutulmuş maliyyə sanksiyasının (11465,16 manat) 50%-i məbləğində (5732 manat) müəyyən edilməlidir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İddiaçı “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın məhz maliyyə sanskiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsini tələb etmişdir. Belə ki, iddia tələbi maddi xarakterli olmaqla iddiaçının hazırki iş üzrə yekun məqsədi 19546,38 manat məbləğində maliyyə sanksiyasının ödənilməsindən (tam və ya qismən) azad olmaqdır və təqdim etdiyi əsaslandırma da faktiki olaraq maliyyə sanksiyasının qanunsuz olması ilə bağlı deyil, həmin məbləğin mütənasibsiz çox olmaqla dövriyyəsinə uyğun olmaması ilə bağlıdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə maliyyə sanksiyasının məbləğinin (qərarın) dəyişdirilməsi mahiyyətcə iddia tələbinin qismən təmin edilməsi kimi qəbul edilməlidir və iddia tələbinin məhz qərarın dəyişdirilməsi kimi təmin edilməsi iddia tələbinin ifadə tərzi ilə bağlı olduğundan iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə biməz.

38. Belə olan təqdirdə isə mübahisələndirilən qərara əsasən ödənilməli olan 19546,38 manat maliyyə sanksiyasının məbləğinin dəyişdirilərək 5732 manat müəyyən edilməsi iddiaçının iddia tələbi üzrə yekun (maliyyə sanksiyasının ödənilməməsi) məqsədinə qismən nail olması kimi, yəni iddia tələbinin qismən təmin edilməsi kimi qəbul edilməlidir.

39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçınə münasibətdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı tətbiq olunan 19546,38 manat maliyyə sanksiyası hissəsində dəyişdirilərək 5732 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar