Məhkəmə qərarları › İş №2-1(112)-6057/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6057/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6057/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 20.06.1981-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 1987-ci il tarixində 53 saylı orta məktəbin birinci sinifində oxumuşdur. 1996cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 1997-ci il tarixlərində X13 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan X14 01.08.1998-ci ildə doğulmuşdur. X1 07.12.1993-cü il tarixində doğulmuşdur. 24.12.1986-cı il tarixində ölmüşdür. X5 11.05.1955-ci il tarixində Ağdaş rayonunda doğulmuşdur. X2 25.08.1978-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X3 10.10.1979-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(112)-6057/2021 saylı 17.06.2021-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X9 hazırki iş üzrə iddiaçı olan İddiaçı qızının onun doğma bacısı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən 13 fevral 1982-ci il tarixdə verilmiş Уİİİ-ЖГ seriyalı 380125 №-li doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı qızı 20.06.1981-cı ildə Bakı şəhərində doğulmuşdur, atası kimi X6, anası kimi isə X10 qeyd edilmişdir. Bakı şəhəri Şaumyan rayonu VVAQ şöbəsi tərəfindən 30 oktyabr 1979-cu il tarixdə verilmiş İİ-ЖГ seriyalı ******* №-li nikah haqında şəhadətnamənin surətindən görünür ki, 07.12.1953-cü il təvəllüdlü X6 ilə 11.05.1963-cü il təvəllüdlü X18 20.01.1978-ci il tarixdə nikaha daxil olmuşlar. Bu haqda 1978-ci ilin yanvar ayının 20-ci günündə 52 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvaada Haqverdiyeva soyadı verilmişdir. Şaumyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 375603 №-li 19 yanvar 1989-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 dekabr 1988-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabına 1989-cu ilin yanvar ayının 19-cu günündə 88 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Şaumyan rayonu VVAQ şöbəsi tərəfindən 30 oktyabr 1979-cu il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 460611 №-li doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 10.10.1979-cu ildə Bakı şəhərində doğulmuşdur, atası kimi X6, anası kimi isə X19 qeyd edilmişdir. Bakı şəhəri Nərimanov RPİ tərəfindən 01.07.2008-ci il tarixdə verilmiş X11 məxsus AZE seriyalı 06457248 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 11.05.1955-ci ildə Ağdaş şəhərində doğulmuş X15 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı qızı ərizə ilə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən 13.04.2021-ci il tarixli məktubu ilə ərizəyə cavab olaraq sonuncuya şəxsiyyət vəsiqəsinin olmadığı üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən; - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 02.09.2021-ci il tarixli 05/76- 3534/13 №li məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı qızının doğumu haqqında 13.02.1982-ci il tarixli 565 nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, sonuncu 20 iyun 1981-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında uşağın adı “Kəmalə”, soyadı “Haqverdiyeva”, ata adı “Davud”, ata-anası haqqında məlumat qrafasında atası kimi X6, anası kimi isə X4 qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli 05/2-8400/13 №li məktubda göstərilmişdir ki, valideynləri X6 və X8 olan 20.06.1981-ci il təvəllüdlü Kamalə Haqverdiyevanın doğumu Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Haqverdiyevə (Zeynalova) Kamalə Davud qızı 07.08.1998-ci ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində X12 ilə nikaha daxil olmuş və bu nikahın pozulması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.10.2007- ci il tarixli qətnaməsi əsasında 12.12.2007-ci ildə həmin rayonun qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Kamalə Haqverdiyevanın (Zeynalovanın) bacıları 25.08.1978-ci il təvəllüdlü Mehriban Haqverdiyevanın, 10.10 1979-cu il təvəllüdlü Vüsalə Haqverdiyevanın və 05.08 1984-cü il təvəllüdlü Pərvanə Haqverdiyevanın doğumu (qeyd edilən şəxslərin doğumu haqqında akt qeydlərində ananın soyadı “Cəfərzadə" kimi qeyd edilmişdir) Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X5 olan 31.08.1989-cu il təvəllüdlü Sevinc Cəfərzadənin doğumunun nikahda olmayan ananın ərizəsi əsasında 21.09.1989cu ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda informasiya sistemində Kamalə Haqverdiyevanın (Zeynalovanın) qardaşının və övladının doğumunun qeydə alınmasına dair məlumat müəyyən edilməmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı qızına şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 20 iyun 1981-cı ildə Bakı şəhərində doğulmuş, doğumu doğum akt qeydləri kitabında 13 fevral 1982-ci ildə 565 nömrə ilə qeydə alınmış İddiaçı qızına şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar