Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6059/2024 08.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair ona çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair ona çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 88 saylı sahə ünvanda yerləşən 0,098 hektar torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 285 №-li, xx.xx.2016-cı il tarixli “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” Sərəncamına əsasən iddiaçıya X2 küçəsi 88 ünvanında yerləşən fərdi yaşayış evinin öz vəsaiti hesabına, təqdim olunmuş layihəyə uyğun, tikintisinə icazə verilmişdir. Torpaq sahəsi üzərində tikili inşa edilmiş, həmin tikilinin eskiz layihəsi tərtib edilmişdir. İddiaçı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3-dən artıq olduğu müəyyən edilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Bundan başqa, təqdim olunmuş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, fərdi yaşayış evi layihədə 3 mərtəbəli, 2 səviyyəli, zirzəmili göstərilsə də, faktiki olaraq əlavə 1 ədəd mərtəbə inşa olunmuşdur, həmçinin faktiki arakəsmələr layihədən fərqlidir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş layihəyə layihəçinin xüsusi razılıq (lisenziya) sənədi əlavə edilməmişdir...” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 88 saylı sahədə yerləşən ona məxsus 0,098 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti şəklində adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair ona Çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 88 saylı sahədə yerləşən 0.098 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi xüsusi mülkiyyətindədir. Əmlakını xx.xx.2017-ci il tarixində **********36 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata aldıraraq elektron çıxarış almışdır. Hesab edir ki, malik olduğu torpağa dair çıxarışın məlumatları əsasında və qanunvericilik normaları əsas tutulmaqla, ona məxsus fərdi yaşayış evinin qeydiyyatı aparılmalıdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndiriıməyən hallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 88 saylı sahə ünvandan yerləşən 0,098 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir və iddiaçı torpaq sahəsində tikili inşa etmişdir. İddiaçı həmin tikilinin fərdi yaşayış evi kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən, yerüstü mərtəbələrinin sayının 3dən artıq olduğu müəyyən edilmişdir; 2) fərdi yaşayış evi layihədə 3 mərtəbəli, 2 səviyyəli, zirzəmili göstərilsə də, faktiki olaraq əlavə 1 ədəd mərtəbə inşa olunmuşdur, həmçinin faktiki arakəsmələr layihədən fərqlidir; 3) təqdim edilmiş layihəyə layihəçinin xüsusi razılıq (lisenziya) sənədi əlavə edilməmişdir; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qeyd edilmişdir: Həmin normada Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair iki fərqli prosedur müəyyənləçdirilmişdir (maddə 8.0.10): tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (maddə 8.0.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (maddə 8.0.10.2). Hazırkı mübahisənin yaranmasına əsas da bu normanın tətbiqi ilə bağlı iddiaçı və cavabdeh arasında yaranmış fikir ayrılığı ilə bağlıdır. İddiaçı inşa edilmiş tikilinin fərdi yaşayış evi kimi qeydə alınmalı olmasını bildirərək 8.0.10.2-ci maddədə göstərilən şərtlərə əməl etmişdir. Cavabdeh isə normanın 8.0.10.1-ci maddəsinə istinad edərək tikintisinə icazə tələb olunan prosedurlara əməl edilməli olmasını göstərmişdir. Belə olan təqdirdə məlumatlandırma icraatı ilə tikintisinə icazə tələb ounan tikililərin fərqləndirilməsi zəruridir. Məlumatlandırma icraatının tətbiq olunduğu tikililərin kriteriyalarını müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İstinad edilən normalardan göründüyü kimi, Məcəllədə məlumatlandırma icraatının hansı tikililərə tətbiq edilməsi konkret olaraq göstərilmiş, eyni zamanda həmin tikililərin tikintisinə icazənin alınmasının tələb olunmaması qeyd edilmişdir. Belə ki, hər hansı tikilinin (fərdi yaşayış evinin) məlumatlandırma icraatı qaydasında sənədləşdirilməsi üçün: 1) yerüstü mərtəbələrinin sayı 3-dən; 2) hündürlüyü 12 metrdən; 3) aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Məhkəmə qeyd edir ki, həmin halların müəyyən edilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında fikir ayrılığı olduğundan və bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması üçün xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 17 aprel 2024-cü il tarixli 10/1753 №-li Ekspert rəyində qeyd edilmişdir ki, ....tədqiq olunan evin iki zirzəmi mərtəbədən, üç yaşayış mərtəbəsindən və çardaqdan ibarət olduğu, binanın hündürlüyünün 0,00 səviyyəsindən 11,8 metr (Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin tələblərinə əsasən birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan məsafə), aşırımların uzunluğunun 5- 6 metr təşkil etdiyi müəyyən edilmişdir. İnşa edilmiş fərdi yaşayış evi, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa olunduğunu, həmin evə dair tərtib edilmiş layihənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 maddəsinin tələblərinə uyğun tərtib edildiyini, eləcə də binanın hündürlüyünün 12 metrdən (yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan 11,8 metr məsafə) az təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin 80.1 və 8.2 bəndlərinin tələblərinə uyğun inşa olunduğu müəyyən edilir. Tədqiq olunan fərdi yaşayış evinin mərtəbəliliyinin, ölçülərinin, texniki parametrlərinin, planlı yerləşməsinin və digər parametrlərinin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə uyğun inşa olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspertiza tədqiqatı ilə cavabdehin imtinasından göstərilən hallar öz təsdini tapmır. Aparılmış tədqiqat nəticəsində fərdi yaşayış evinin hündürlüyün 12 metrdən az (11.8 metr), mərtəbələrinin sayı 3 (zirzəmi və çardaq mərtəbələr nəzərə alınmamaqla) dür. Digər tərəfdən ekspertiza tətqiqatı ilə fərdi yaşayış evinin faktiki vəziyətinin təqdim edilmiş laiyəhəyə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin layihə lizensiyalı təşilat tərəfindən tərtib edilmiş və həmin lizensiya iş materiallarına əlavə edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İddiaçı fərdi yaşayış evinin qeydə alınması ilə bağlı 8.0.10.2-ci maddəsində göstərilən bütün şərtlərə əməl etmiş, tikilinin layihəsini hazırlayaraq lisenziyaslı təşkilat tərəfindən təsdiq etdirmiş, Nərimanov rayon İcra Hakimiyyəti tikilinin aparılması icazə vemişdir. Ona görə də, cavabdehin imtinasında qeyd edilən hallar inşa edilmiş fərdi yaşayış evinə mülikyyət hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, daşınmaz əmlak üzərində hüququn qeydiyyatından imtina üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyil. Cavabdeh yazılı etirazında həmin halları sadalayarkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin məhz hansı bəndinin hazırki hüquq münasibətlərinə tətbiq olunduğu göstərilməmiş, ümumi olaraq həmin qanunun 15-ci maddəsinə istinad olunmuşdur. Belə ki, tavan və döşəmənin quraşdırılmaması, arakəsmələrin inşa edilməməsi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd eidr ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 88 saylı sahədə yerləşən 0,098 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti şəklində İddiaçı adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair ona Çıxarış və texniki sənədin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6059/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6059/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver