Məhkəmə qərarları › İş №2-1(112)-6059/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6059/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6059/2025 05.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X13, üçüncü şəxslərin nümayəndələri Nümayəndə1, X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Dövlət Neft Şirkəti, Biləcəri Bələdiyyəsi, “X22” şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSİ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı ödəniş edilmişdir ki, aidiyyəti sənədlər arxivdə mövcuddur. Cavabdehə müraciət edilmiş, lakın müraciətin təminindən imtina edilmişdir. Bildirir ki, 2004-cü il tarixdə həmin ərazi yaşayış massivi olaraq ayrılmış, sahədə beş yüzdən artıq ailə məskunlaşmışdır. Oxşar hüquqmüəyyənedici sənəd əsasında T.Mehdiyevanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Dövlət Neft Şirkətinin etirazı Etiraz onunla əsaslandırılır ki, mübahisəlli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Qanunla təsdiq edilmiş Sazişə əsasən “X22” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İddia tələbi rədd edilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslərin nümayəndələri iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1031 saylı Qərarı ilə Bakı şəhər X14 İcraiyyə Komitəsinin, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının, «Binəqədineft» Neft və Qazçıxarma İdarəsinin razılığı nəzərə alınaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı satılmışdır. Yerləşmə sxemindən görünür ki, torpaq sahəsini yerləşdiyi yer barədə sxem bələdiyyə tərəfindən təsdiq edilmişdir. Eləcə də həmin cizgi yerli icra hakimiyyəti orqanı tərəfindən də möhürlə təsdiqini tapmışdır. Dövlət Arxivinin Bakı Filialının 05 fevral 2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin ayrılmasına dair Biləcəri bələdiyyəsinin qərarı, və ona əlavə edilmiş sənədlər (eləcə də plan-sxemlər) Filialda mövcuddur. Filialda mövcud olan plansxemlərdən görünür ki, həmin plan-sxem Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 09 fevral 2021-ci il tarixli məktubundan görünür ki, X15 torpaq sahəsinin Biləcəri Bələdiyyəsi hüdudları daxilində olub-olmamasına dair müraciətə cavab olaraq bildirilmişdir ki, torpaq sahələri Biləcəri Bələdiyyəsi hüdudları daxilindədir. Çıxarış və qərardan görünür ki, Biləcəri Bələdiyyəsinin qərarı əsasında X9 aid torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İmtina məktubunda qeyd edilir ki, DTXK tərəfindən torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Yerləşmə cizgisində bələdiyyənin qərarına istinad edilməmişdir. Müayinə aktındaqeyd edilir ki, torpaq sahəsində bir ədəd iki mərtəbəli yaşayış evi mövcuddur. Faktiki sahə 615 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı və qeyrisinin, Cəbrayılov Mİkayıl Elnur oğlunun iddiaları qeyri-mümkün hesab edilmişdir. Həmin qərardadda qeyd edilir ki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 21 avqust 2022-ci il tarixli məktubla məhkəməyə ünvanladığı mütəxəssis rəyində və həmin rəyə istinadla 02 dekabr 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, naturada göstərilən ərazi Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış Kontrakt sahəsi hüdudları daxilində yerləşir, Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından naturada faktiki göstərilən torpaq sahələrinin Biləcəri Bələdiyyəsinin qərarları əsasında ayrılmış torpaq sahələri olmasına münasibət bildirilməsi mümkün olmamışdır. Biləcəri Bələdiyyəsinin 1031 və 1033 nömrəli qərarlarında torpaq sahələrinin ölçüləri qeyd edilsə də, sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. X5 ayrılmış torpaq sahəsinin koordinatları baxımından da 1031 və 1033 nömrəli qərarlarla əlaqədar verilmiş suallar üzrə aydınlıq gətirildiyi bildirilmiş, adıçəkilən qərarlar əsasında torpaq sahələrinin naturada və ya sənəd üzrə üst-üstə düşüb-düşməməsi barədə suala cavab olaraq isə torpaq sahələrinin qeyd olunduğu kimi dəqiq yerləri bilinmədiyi və sahələr dövlət qeydiyyatına alınmadığı üçün üst-üstə düşmə olub-olmamasının məlum olmadığı göstərilmişdir. Biləcəri Bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X18 və İddiaçı ayrılmış torpaq sahələrinin mövqeyi, verilən qərarların ayrılmas hissəsi olan situasiya planında birmənalı olaraq göstərilmişdir. Həmin situasiya planında daşınmaz, F=1400 milli metrlik Ceyranbatan-Bakı su kəməri əks etdirilmişdir. BU gündə mövcud daşınmaz istinad nöqtəsindən mübahisələndirilən torpaq sahələrinə istiqamətdə olan küçə ilə irəlilədikdə – küçənin perimetri ilə sol tərəfində isintaq nöqtəsindən 53 metr məsafədən sonra, 113 metr məsafəyədək 20m x 60 m=1200 kv.m torpaq sahəsi həmin şəxslərə ayrılmış torpaq sahələridir. Beləliklə, bələdiyyə qərarları ilə ayrılan torpaq sahələri situasiya planında əks etdirənlə, naturada ayrılmış torpaq sahələri ilə üst-üstə düşən torpaq sahələridir. Biləcəri Bələdiyyəsinin 04 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ayrılmış torpaq sahələrinin daşınmaz istinad nöqtəsindən (1000 mm diyametr içməli su xətti borusundan) yerləşdiyi mövqeyədək məsafələr Peyk vasitəsi ilə çəkilmiş foto üzərində “X27” proqramında olan alətlər vasitəsi ilə aparılır. X6 27 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X4 adına rəsmiləşdirilmiş sərəncamla ona torpaq sahəsinin ayrılması üçün verilsə də. Alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və büdcəyə köçürülməli olan vəsait köçürülməmişdir. Təqdim edilən 677140 nömrəli qəbz işə başqa şəxsin adına olan sənəddir. Şəxs torpaq vergisini bu günə qədər ödəməmiş, qeydiyyata belə düşməmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli yerli baxış protokolunda qeyd edilmişdir ki, X15 və İddiaçı məxsus torpaq sahələrində, yəni Biləcəri qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi digər şəxs tərəfindən daş hasara alınmış, bir darvaza və bir giriş qapısı qoyulmuş, iki mərtəbəli ev tikilmiş, həmin şəxslərin torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Binəqədi Rayon Polis İdarəsinin 16 sentyabr 2021-ci il tarixli məktunbunda qeyd edilmişdir ki, İddiaçı və X18 tərəfindən ərizə ilə müraciət edilərək onlara Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin Bələdiyyələrlə əlbir fəaliyyət göstərən şəxslər tərəfindən saxta sənədlər əsasında zəbt edilərək satıldığı göstərilmişdir. 03 iyun 2024-cü il tarixli mübahisəli torpaq sahəsinin ətrafında və qonşuluğunda çıxarış verilmiş torpaq sahələrinə dair müvafiq sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab xarakterli 30 avqust 2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəinin 30 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Biləcəri Bələdiyyəsinin 1230 nömrəli 08 dekabr 2004-cü il tarixli qərarı əsasında X9 400 kv.m torpaq sahəsi X15 və İddiaçı torpaq sahələrinin ayrılmasına dair qərarlarında göstərilən oxşar əsaslandırma və istinadlarla ayrılmış və həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ali Məhkəmənin 22 may 2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı “X22” Şirkəti tərəfindən İddiaçı torpaq ayrılması barədə qərarın etibarsızlığına dair iddia mümkünsüz hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı özbaşına tikilinin sökülməsi barədə iddia tələbi qismən təmin edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki iddia tələbindən görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Məhkəmə ilk növbədə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı ona ayrılmış torpaq sahəsinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Cavabdehin imtina dəlilləri ilə bağlı isə məhkəmə Konstitusiya Məhkəməsinin məhz hazırkı mübahisəli məsələyə dair qəbul etdiyi qərarın müddəalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama)aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələrin qeyd edilməməsi, cizgdi bələdiyyə qərarının istinad edilməməsi cizginin möhür və digər rekvizitlərinin olmaması, inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. İşin faktiki hallarından da görünür ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçıya ayrılmışdır ki, həmin qərar qüvvədədir, hər hansı qurum tərəfindən ləğv edilməmişdir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq ayrılmasına dair həmin qərarın etibarsızlığı barədə “X22” Şirkəti tərəfindən məhkəməyə müraciət edilmiş, iddia mümkün hesab edilməmiş, Şirkətin apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Göründüyü kimi qərarın etibarsızlığının tanınmasına dair iddia mümkün hesab edilməmişdir ki, müddətin ötürülməsi ilə əlaqədar iddianın mümkünsüz hesab edilməsinə dair mövqe, həmin qərarın etibarlılığını qoruduğunu təsdiq etməkdədir ki, hüquqmüəyyən edən həmin sənədin etibarlılığı dedikdə isə, onun hər hansı hüququ təsdiq etməsi, bunun davamı kimi də mülkiyyət hüququnun dövlət tərəfindən tanınmalı olmasını müəyyən edir ki, cavabdehin imtinası göstərilən səbəbdən qanunsuz və əsassızdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- 1(102)-2117/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)- 2109/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il saylı qərarında, 2-1(102)-950/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, 2-1(102)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda(o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X11 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X12 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, 2-1(102)-2693/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Analoji mövqe 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli Ali Məhkəmənin qərardadında da öz əksini tapmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından da göründüyü kimi inzibati orqan tərəfindən iddia olunan torpaq sahəsi ilə qonşuluqda yerləşən bələdiyyə qərarı əsasında torpaq sahəsinə vmülkiyyət hüquqları dövlət qeydiyyatına almışdır. Eləcə də, mövcud inzibati praktika da göstərir ki, adıçəkilən bələdiyyə orqanının qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ümumi ərazi üzrə cavabdehin məhz özü tərəfindən aparılmaqdadır ki, iddiaçıya münasibətdə fərqli rəftarın edilməsi bərabərlik hüququnun pozuntusu qismində qiymətlətləndirilir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatdan imtina edilməsi əsassız olmuşdur. Bundan əlavə, məhkəmə xüsusi olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, bələdiyyə qərarında yerli icra hakimiyyəti orqanı və Neft və Qazçıxama İdarəsinin razılıqlarına istinad edilir ki, iş materiallarında olan yerləşmə cizgisindən də göründüyü kimi torpaq sahəsinin yerləşməsinə dair sənəd Bələdiyyə ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən də möhürlə təsdiq edilmiş sənəd arxivə göstərilən formada təhvil verilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, etimadın qorunması baxımından aidiyyəti yerli icra hakimiyyəti orqanının razılığı nəzərə alınmalıdır. İşin faktiki hallarından da göründüyü kimi ləğv edilməmiş, hüquqi qüvvəsini saxlayan bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq edilməsi sahənin dövlət və ya bələdiyyə mülkiyyətində olmasına dair araşdırılması zərurətini də aradan qaldırır. Bundan əlavə, qeyd edilir ki, iddia olunan sahənin yaxınlığında bələdiyyə qərarı əsasında torpaq sahəsi qeydiyyatdan keçmiş, yaşayış sahəsi olmaya dair işin real faktiki halı hər hansı qurum, eləcə də Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilməmişdir. Eləcə də, hal-hazırda iddiaçının torpaq sahəsinə dair istinad etdiyi qərar da Dövlət Neft Şirkəti tərəfindən mübahisələndirilməmiş, “X22” Şirkəti tərəfindən mübahisələndirilsə də, bələdiyyə qərarı etibarsız hesab edilməmişdir. Məhkəmə bundan əlavə, qeyd edilməsini zəruri hesab edir ki, məhz işin hazırkı faktiki hallarına uyğun olan, yəni Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi iddia edilən torpaq sahələrinə dair bələdiyyə qərarları əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tanınmışdır. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli Qərardadı, 2-1(102)-2833/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadı, 2-1(102)-922/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı məhz Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi iddia edilən, bələdiyyə qərarları əsasında şəxslərə ayrılmış torpaq sahələrinə dair həmin qərarların etibarlılığının mövcud olması, etimad hüququnun qorunmalı olmasına istinadlarla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması olması ilə əlaqədardır. Bu zaman, məhkəmə qeyd edir ki, iddiaçının təqsir sferası ilə əlaqədar olmayan yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməməsi hüququn tanınmasından imtina əsası qismində çıxış edə bilməz. Həmin qərara əlavə edilmiş yerləşmə cizgisi iki qurum tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda adıçəkilən qərarlardan fərqli mövqeyin nümayiş etdirilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün hər hansı əsas müəyyən edilmir. Bundan əlavə, məhkəmə Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərardadına da istinad edilməsini zəruri hesab edir. Həmin qərardadda qeyd edilir ki, iddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən istifadə etməsinə maneəyə səbəb olan digər bələdiyyə orqanının qərarını o zaman etibarsızlığını tələb edə bilər ki, ümumiyyətlə sonuncu qərarın məhz həmin torpaq sahəsinə aid olduğu müəyyən edilmiş olsun. Hazırkı iş üzrə isə işin faktiki halları ilə müəyyən edilir ki, naturada göstərilən torpaq sahəsi iddiaçılar İddiaçı və X15 bələdiyyə qərarları əsasında ayrılmış və bələdiyyə orqanı və yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq edilmiş plan-sxemləri tərtib edilmiş torpaq sahələri olsa da, həmin torpaq sahələrinin X5 torpaq ayrılması barədə X6 qərarına hər hansı aidiyyəti olmamışdır. Belə ki, etibarsızlığı tələb edilən qərar əsasında Biləcəri yox, Binəqədi qəsəbəsi hüdudlarında torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsi isə Biləcəri ərazisində yerləşməklə, Binəqədi qəsəbəsinə aidiyyəti olmayan ərazidir. Bundan əlavə, X5 torpaq sahəsinin ayrılmasına dair qərarı qəbul edən bələdiyyə orqanı məhkəməyə ünvanlanmış məktublarında bildirmişdir ki, Binəqədi qəsəbəsində torpaq sahəsi X4 adına rəsmiləşdirilsə də qərarın təsdiqi olaraq vətəndaş X17 oğlu bağlamalı olduğu alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, büdcəyə köçürməli olduğu vəsaiti köçürməmişdir ki, bu səbəbdən ayrılmış torpaq sahəsinin koordinatlarının eskiz-cizgisi vətəndaş E.Cəbrayılova təqdim edilməmişdir. Bələdiyyənin 972/1 saylı 30 dekabr 2005-ci il tarixli sərəncamı başa çatdırılmadan yarımçıq saxlanılmışdır. Təqdim edilən maliyyə qəbzi, ümumiyyətlə başqa bir torpaq sahəsinin ayrılması ilə əlaqədar olmuşdur. Bələdiyyə ödənişləri həmin şəxs tərəfindən ödənilməmiş, buna dair qeydiyyatda belə şəxs olmamışdır. Digər iddianın mümkünlüyünün əsaslandırılması baxımından məhkəmənin apardığı qiymətləndirmə ilə müəyyən edilir ki, X5 ayrılması nəzərdə tutulan torpaq sahəsi Biləcəri ərazisində yox, Binəqədi qəsəbəsində olmuş, lakin ümumiyyətlə torpaq sahəsi naturada ayrılmamış, alqı-satqı müqaviləsi bağlanılmamış, maliyyə ödənişi ödənilməmişdir. E.Cəbrayılov tərəfindən maliyyə ödənişi və plan-sxem təqdim edilmişdir ki, torpaq ayırmanı həyata keçirən bələdiyyə orqanının mövqeyi də nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin sənədlərin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, bələdiyyə orqanı qeyd edir ki, təqdim edilən maliyyə qəbzi başqa torpaq sahəsi ilə bağlıdır, ödəniş olmadığından plan-sxem təqdim edilməmişdir. Göründüyü kimi E.Cəbrayılova ayrılması nəzərdə tutulan torpaq sahəsi Binəqədi qəsəbəsində yerləşir ki, həmin torpaq sahəsinə dair plan-sxem torpaq ayırmanı həyata keçirməsi göstərilən bələdiyyə orqanı tərəfindən yuxarıda göstərilən səbəbdən tərtib edilmədiyindən yerləşdiyi yerin müəyyən edilməsi mümkün olmamışdır. Ümumiyyətlə, torpaq ayırma barədə göstərilən sənədlər mötəbər hesab edilsəydi belə, Binəqədi qəsəbəsində ayrılan torpaq sahəsinin sənədi ilə Biləcəri bələdiyyəsi hüdudlarında olan torpaq sahəsinə dair subyektiv hüququn mövcudluğu istisna edilir. Bu zaman, iddiaçı məhz Binəqədi qəsəbəsi hüdudlarında hər hansı torpaq sahəsinin ayrılmasına dair mübahisə açmaq hüququna malik ola bilər ki, hər bir halda adıçəkilən qərar və digər sənədlərə istinadla Biləcəri ərazisində olan mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə münasibətdə subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Bu səbəbdəndir ki, X6 Binəqədi qəsəbəsində torpaq ayrılması barədə qərara istinad edilməklə həmin ərazi ilə əlaqəsi olmayan Biləcəri bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin etibarsızlığına nail olmaq üçün verilmiş iddianın mümkünlüyü subyektiv hüququn mövcud olmaması baxımından istisna edilir. Mübahisəli torpaq sahəsinin ətrafında Biləcəri Bələdiyyəsinin 08 dekabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarlarındakı kimi oxşar əsaslandırma əsasında torpaq ayırma barədə qərar qəbul edilmiş, torpaq sahəsinin naturada yerini müəyyən edən, yerli icra hakimiyyəti orqanı tərəfindən 1031 və 1033 nömrəli qərarlara dair sxemlərin təsdiq edilməsi kimi hal da mövcud olmayan, plan-sxemə istinadla mülkiyyət hüquqları T.Mehdiyeva adlı şəxsin adına dövlət qeydiyyatına alınmışdır ki, oxşar tərtibatlı plan-sxemi qəbul edən inzibati orqanın mütəxəssis rəyində torpaq sahəsinin koordinatlarının qeyd edilməməsinə istinadən suallara cavab verə bilməməsi, həmin rəyə istinadla ekspert rəyinin verilməsi məhkəmə hesab edir ki, həmin hala münasibətdə 1031 və 1033 nömrəli qərarlar əsasında ayrılmış torpaq sahələrinin naturada yerinin müəyyən edilə bilinməsi baxımından nəzərə alınmalıdır. Başqa sözlə, T.Mehdiyeva adlı şəxsə oxşar hüquqmüəyyənedici bələdiyyə sənədi və oxşar tərtibatlı plan-sxem sənədinə əsasən mülkiyyət hüquqları dövlət qeydiyyatına torpaq sahəsinin naturada yeri müəyyən edilə bilindiyi halda, həmin idarə tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçılara məxsus torpaq sahələrinin naturada yerinin müəyyən edilə bilməməsi kimi mövqe rəydə nümayiş etdirilir ki, bu səbəbdəndir ki, həmin rəy və həmin rəy əsasında verilmiş ekspert rəyinin yuxarıda göstərilən hissələrdə mövqeyi məhkəmə üçün məcburi qüvvəyə malik olmamaqla məhkəmə hesab edir ki, fərqli qiymətləndirmə tələb edir. Göründüyü kimi həmin qərardadda digər şəxslərin iddiaçının qərarının mübahisələndirilməsinə dair iddia üzrə subyektiv hüququnun mövcud olmaması, eləcə də iddiaçı barəsində qəbul edilmiş qərarın etibarlılığı tanınmış, eləcə də iddia olunan sahənin yaxınlığında Biləcəri Bələdiyyəsinin qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı göstərilmişdir ki, məhkəmə hesab edir ki, göstərilən qərardadda mövcud hallar da nəzərə alınmaqla hazırkı iddia təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Biləcəri Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli 1031 nömrəli Qərarı əsasında ayrılmış Bakı ş, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar