Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-606/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiаçı İddiaçı Yunis oğlunun cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Yunis oğlu cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninin 9.1-ci maddəsinə əsasən 57 yaşından, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlü olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazandığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ona 57 yaşdan (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunun tələblərinə əsasən) pensiya təyin edilməlidir. Çünki 1975-1978-ci illərdə hərbi xidmət dövrünə və 1975-2005-ci illəri əhatə edən əmək kitabçasına əsasən kişilərdən xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajlarını artıqlaması ilə toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş əlavənin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi öz əksini tapmışdır. Bu əsasla iddiaçı ƏƏSMN yanında DSMF-nın X6 İdarəsinə xx.xx.2020-ci il tarixdə rəsmi müraciət etsə də, bu günədək heç bir cavab almamış və iddiaçının “Əmək pensiyaları haqqınd” Qanunun 30 və 31-ci maddələri ilə qorunan hüquqları pozulub (poçt qəbzi əlavə olunur) Odur ki, hüquqlarının bərpası üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov xx.xx.2020-ci il tarixdə dəftərxana vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, İdarə xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır”) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respiblikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq zəruri sənədlər tələb edib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh İdarənin iddiaçıdan sözügedən sənədlərin əsillərini tələb etmək hüququ olmuş, iddiaçı isə həmin sənədlərin əsillərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdeh İdarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. Odur ki, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili T.Xanaliyev iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi C.Əhmədov xx.xx.2020-ci il tarixdə təqdim etdiyi vəsatətin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci ildə doğulmuşdur, Cəlilabad rayonunda yaşayır. -НЗ № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Milli X7 rayon Dövlət Arxivi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Oktyabr kolxozun müvafiq sənədlərinə əsasən, İddiaçı həmin kolxozda yerinə yetirilmiş min.adam günləri barədə aşağdaki qeydlər mövcuddur: 1979-cu ildə - 311 gün; 1980-ci ildə - 350 gün; 1981-cı ildə - 345 gün; 1982-ci ildə - 349 gün; 1983-cu ildə - 311 gün; 1984-cı ildə - 336 gün; 1985-ci ildə - 339 gün; 1986-ci ildə-337 gün; 1987-ci ildə - 343 gün; 1988-ci ildə - 327 gün; 1989-cu ildə - 071 gün. Arayışda 1979-1989-cu il dövr üçün tələb olunan min.adam günün- 240 gün olması göstərilmişdir. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx.xx.1975-ci il tarixdə pambıq zavodunda 4-cü dərəcəli motorçu vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1975-ci ildə hərbi çağırış ilə əlaqədar işdən azad edilmiş; xx.xx.1978-ci ildə həmin zavodda 4-cü dərəcəli motorçu vəzifəsinə işə qəbul olunmuş,xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1979-cu ildə Sabirabad rayon Oktyabr kolxozuna üzv qəbul olunmuş və xx.xx.1989-cu il tarixdə öz xahişi ilə üzvləkdən işdən azad edilmiş; xx.xx.1990-cu il tarixdə Hacıqabul rayonu Qazi-Məhəmməd Kommunal Müəssisəsinə elektroqaynaqçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Milli X8 rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 24 saylı cavab məktubundan və ona əlavə olunmuş əmrin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cu il tarixdə elektrik qaynaqçı vəzifəsinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx xxxxxx 2005-ci il tarixdə işdən azad edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1957-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun müraciətinə mahiyyəti üzrə rəsmi cavab verilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh vəsatətində iddianın mümkün sayılmamalı olduğunu bildirir və bu halı onunla əsaslandırır ki, iddiaçı tərəfindən sənədlərin əsilləri təqdim olunduğu təqdirdə müraciətinə baxılacaqdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X6 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.Qüvvədə olan qanunvericiliyin tələblərindən, həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və xx xxxxxx 2006-cı il tarixədək sığorta illərinin hesablanması üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Qanunvericiliyin normalarına görə, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək olan sığorta illərinin güzəştli olub-olmaması yoxlanılan zaman, güzəştli arayışın tələb edilməsi zəruri deyildir. Cavabdeh vəsatətində xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciətini cavablandırdığını bildirsə də, həmin müraciətin surəti məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia İnzibati Prosessual Məcəlləsinin normalarına uyğun olmaqla mümkün iddiadır. İddianın mahiyyəti: Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 3 il 01 ay 15 gün təşkil edən xidmət illəri, iddiaçının stajına əlavə edilməlidir. İddiaçının ümumi və güzəştli stajını müəyyən etmək üçün, onun kolxozda üzv olduğu dövrə və Hacıqabul rayon Kommunal Müəssisəsində işlədiyi dövrə ayrı-ayrılıqda qiymət verilməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1979-xx.xx.1989-cu illərdə Sabirabad rayon “Oktyabr” kolxozunda kolxozçu işlədiyi dövr Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 06 saylı arxiv arayışında öz təsdiqini tapmış və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1979-1989-cu illər üzrə minimum əmək günü norması 240 olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. xx xxxxxxxx 1992-ci ildə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 06 saylı arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1979-1989-cu illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə - 311 gün; 1980-ci ildə - 350 gün; 1981-cı ildə - 345 gün; 1982-ci ildə - 349 gün; 1983-cu ildə - 311 gün; 1984-cı ildə - 336 gün; 1985-ci ildə - 339 gün; 1986-ci ildə- 337 gün; 1987-ci ildə - 343 gün; 1988-ci ildə - 327 gün; 1989-cu ildə - 071 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1979- 1988-ci dövrlər üzrə olmuşdur. 1989-cu ildə isə, o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin ilin iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir 71 x 12 = 852/ 240 = 3,55 ay (≈ 4 ay, 05 gün). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1979-1989-cu illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 10 il, 04 ay, 05 gün iş stajına malik olduğu müəyyən edilir. Məhkəmə iddiaçının Sabirabad rayon “Oktyabr” kolxozundaki əmək fəaliyyəti ilə əlaqədar arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X9) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Sabirabad rayon “Oktyabr” kolxozunda kolxozçu işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1975-ci və xx.xx.1978-xx.xx.1979-cu dövr üzrə pambıq zavodunda 4-cü dərəcəli motorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda motorçu göstərilsə də, pambıq sahəsi üzrə motorçu peşəsi zərərli iş kimi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının motorçu peşəsində işlədiyi 1 il 07 ay 04 günü əmək stajına daxil edilməlidir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 29 il 01 ay 25 gün (3 il 01 ay 15 gün + 10 il, 04 ay, 05 gün + 01il 07 ay 04 gün + 15 il 09 ay 28 gün) ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1990-xx.xx.2005-ci il tarixədək işlədiyi peşə Hacıqabul rayonu Qazi-Məhəmməd Kommunal Müəssisəsində elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda - XXXİİİ. Ümumi peşələr.bölməsində 23200000-19906 kodu altında əl ilə elektrik qaynaqçısı zərəli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (15 il 09 ay 28 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi filialına müraciət etmiş və həmin poçt qəbzinə əsasən həmin müraciət xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana təqdim olunmuşdur. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Beləliklə, Məhkəmə araşdırılması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericilikdə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İMP- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X4 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx xxxxxx 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi filialına həvalə edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumuna münasibətdə isə qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərindən əməl gələn işlər üzrə vətəndaşlar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı iddiası qismən təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx xxxxxx 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-606/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-606/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver