Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-606/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə qarşı ʺBinəqədi rayonu, Gülüstan küçəsi 4-cü döngə, 5 saylı fərdi yaşayış evinə və torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Gülüstan küçəsi 4-cü döngə, 5 saylı fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Kirov rayon İK-nin xx.xx.1985-ci il tarixli 12 saylı qərarı ilə 3 nəfərdən ibarət ailəsi ilə mənzil uçotuna alınmışdır. Kirov rayon XDS İKnin 33/798 nömrəli xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin qərar əsasında verilmiş Binəqədi rayon İH-nin 400 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə İddiaçı məxsus ünvan 1 ünvanı istismara qəbul edilmiş hesab edilmiş və ev sahəsinin 80.0 kv.m olmaqla 3 yaşayış otağı və 32 kv.m olan köməkçi sahədən ibarət olduğu qeyd edilmişdir. İddiaçı verilmiş torpaq sahəsinə dair AR DTXK tərəfindən xx.xx.2009-cu il tarixli A № 148998 saylı torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. Binəqədi rayon XDS İK-nın xx.xx.1988-ci il tarixli 33/798 saylı Qərarı ilə 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 239 saylı sərəncamından çıxarışa əsasən Binəqədi rayonu Gülüstan yaşayış massivində yerləşən və vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyətə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin fərdi yaşayış evinə dair DƏDRX-dən çıxarış əldə etmək niyyətindədir. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2023cü il tarixli, **********48 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı tikintialtı sahəsi 164 kv.m olan fərdi yaşayış evinin bir hissəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində (kadastr planı) qeyd edilən döngə nöqtələrinin koordinatlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinin plan və ölçü sənədi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-606/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia “Binəqədi rayonu, Gülüstan küçəsi 4-cü döngə, ev 5 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzərində, yerləşdiyi 600 kv.metr torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərində qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Kirov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 33/798 nömrəli qərına əsasən iddiaçıya Binəqədi qəsəbəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Binəqədi RİH Başçısının xx.xx.1993-cü il tarixli, 400 №-li Sərəncamına əsasən Binəqədi qəsəbəsində vətəndaş İddiaçı məxsus ünvan 2 istismara qəbul edilmiş hesab olunmuşdur. Evin sahəsi 80 kv.m olan 3 yaşayış otağından və 32 kv.m olan köməkçi sahədən ibarətdir. Bakı şəhəri Binəqədi RİH xx.xx.2009-cu il tarixli, 239 nömrəli Sərəncamından çıxarışa əsasən Binəqədi qəsəbəsi, Gülüstan yaşayış massivində yerləşən və vətəndaş İddiaçı istifadəsində olan 600 kv.m. torpaq sahəsində (Kadastr planı: A № 48998; təqdim edilən layihə əsasında inşa olunmuş bir mərtəbəli fərdi yaşayış evi (İ mərtəbə: açıq eyvan - 15,4 m2, mətbəx - 13.5 m2, zal - 39,8 m2, yaş./o. - 20,00 m2, 20,00 m2) onun xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Binəqədi rayon XDS İK-nın xx.xx.1988-ci il tarixli, 33/798 nömrəli qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsindən iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin koordinatları və kadastr göstəriciləri müəyyən olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-0-00xx-xx/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair qərar və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində qeyd edilən sahədən artıq olduğu və fərdi yaşayış evinin bir hissəsinin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinin plan və ölçü sənədi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Binəqədi RİH tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-10/2-853/2024 nömrəli sorğuya cavab məktubuna əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində 2019-2023-cü illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-cu maddəsinə əsasən 2019-cı ilə qədər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamlar və ona aid bütün sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Cavabdeh məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, **********37 nömrəli cavab məktubunda bildirmişdir ki, göstərilən torpaq sahəsi kadastr planına əsasən 600 kv.m olsa da, faktiki olaraq 680.2 kv.m təşkil edir (80.2 kv.m artıqdır). Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 152.0 kv.m olan birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Vahid elektron kadastr məlumat bazasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş kadastr planının məlumatı mövcuddur. Göstərilən sahədə mövcud olan fərdi yaşayış evinin təqribən tikintialtı sahəsinin 42.6 kv.m hissəsi əlavə (artıq) sahə üzərində yerləşir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qaydaların 2.3.3-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, Torpaq Məcəlləsinin 43-cü maddəsinin tələblərinə uyğun olaraq iddia olunan torpaq sahəsinin istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması cavabdeh orqanın vəzifəsi olmaqla hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilməz. Digər tərəfdən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Məhkəmə qanunvericiliyin imperativ tələblərindən irəli gələrək, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün mütləq qaydada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinin zəruriliyini vurğulayır. Hüquqi tənzimləmədən açıq şəkildə görünür ki, qanunverici xx.xx.2013-cü il tarixindən əvvəl və sonra inşa edilmiş tikililərə münasibətdə müxtəlif hüquqi mexanizmlər tətbiq edərək, tikinti icazəsi tələb olunan və məlumatlandırma icraatına aid edilən obyektlər arasında fərq qoyumuşdur. Əgər əmlak xx.xx.2013-cü il tarixədək inşa olunmuşdursa və torpaq sahəsi icarədə və ya istifadədirsə bu zaman şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı üçün aşağıdaki sənədlər mövcud olmalıdır: - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı. Bu sənədlər olduğu halda şəxsin mülkiyyət hüquqlarını qeydiyyatı həyata keçirilir. Məhkəmə bununla bağlı diqqətə çatdırır ki, iddiaçı inşa etdiyi fərdi yaşayış evinə dair Qanunla nəzərdə tutulmuş sənədlərə malik olmuşdur. Belə ki, iş materiallarının təhlili nəticəsində müəyyən edilmişdir ki, Kirov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 33/798 nömrəli qərarı ilə Binəqədi qəsəbəsi ərazisindən iddiaçıya fərdi yaşayış evinin inşası məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bu sənəd, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.3-cü bəndində nəzərdə tutulmuş hüquq müəyyənedici sənəd qismində çıxış edir və nəinki iddiaçının istifadə hüququnun, ümumiyyətlə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün hüquqi əsas yaradır. Qeyd olunan qərarın ləğv edilməsi, geri çağırılması, hüquqi qüvvəsinin itirilməsi barədə hər hansı sübut və ya əsas olmadığı üçün məhkəmə hesab edir ki, həmin sənəd iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün hüquqi legitimlik daşıyır. İnşa olunmuş fərdi yaşayış evinə gəldikdə isə məhkəmə vurğulayır ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 400 nömrəli Sərəncamına əsasən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi istismara qəbul edilmişdir. Daha sonra, yaşayış evində aparılmış rekonstruksiya işləri nəticəsində, Binəqədi RİH-in xx.xx.2009-cu il tarixli, 239 nömrəli Sərəncamı ilə iddiaçının istifadəsində olan 600 kv.m torpaq sahəsində (Kadastr planı: A № 48998) təqdim edilən layihə əsasında inşa olunmuş bir mərtəbəli fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınması təmin olunmuşdur. Həmin sərəncamlardan göründüyü kimi, müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı iddiaçının mülkiyyət hüququnu təsdiq edən hüquqi aktların legitimliyini tanımış və rekonstruksiya işlərinə öz müsbət iradəsini bildirmişdir. Belə olan halda, müvafiq sənədlərin qüvvədə olması şəraitində iddiaçının fərdi yaşayış evinə dair hüquqlarının dövlət qeydiyyatına alınması zərurəti ortaya çıxır. Məhkəmə cavabdehin iddianı rədd etmək üçün əsas gətirdiyi arqumentlərə münasibətdə ki, cavabdeh iddiaçının fərdi yaşayış evinin bir hissəsinin ona ayrılmış torpaq sahəsindən kənara çıxdığını irəli sürsə də, məhkəmə araşdırmaları zamanı tikintialtı sahənin 152 kv.m olduğu və bu ölçünün qanuni şəkildə ayrılmış torpaq sahəsinin hədlərindən kənara çıxmadığı, iddiaçının istifadəsində olan torpaq sahəsi daxilində olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədlərində uyğunsuzluğun olmasını bildirməsi üçün isə heç bir əsas mövcud deyildir, belə ki, qeyd edilən uyğunsuzluğun aradan qaldırılması qanunverici tərəfindən bilavasitə cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Həmçinin iddiaçının istifadəsində olan torpaq sahəsinin hər hansı şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi və ya mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı məhdudiyyətə səbəb ola biləcək təyinat uyğunsuzluğu məhkəmə araşdırması ilə müəyyən edilməmişdir. Eyni zamanda, torpaq sahəsinin faktiki ölçüsünün sənədlərdə göstərilən ölçüdən çox olması belə iddiaçının əleyhinə hüquqi nəticə doğurmur. Çünki iddiaçı yalnız ona qanuni əsaslarla ayrılmış torpaq sahəsinə və onun üzərində inşa olunmuş yaşayış tikilisinə münasibətdə mülkiyyət hüququnun tanınmasını tələb edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi və yerləşdiyi 600 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-606/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-606/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver