Məhkəmə qərarları › İş №2-1(112)-6060/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6060/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6060/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Xətai (Abşeron) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 620 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xətai (Abşeron) rayonu, 2 №-li Zeytun sovxozu ərazisində yerləşən 0,06 hektar sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 620 nömrəli sərəncamı iddiaçıya Bakı şəhəri, Xətai (Abşeron) rayonu, 2 №-li Zeytun sovxozu ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə cavabdehə müraciət edilmişdir. Cavabdehin xx.xx.2024cü il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə cavabdehdə heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Belə ki, sözügüdən torpaq xx.xx.1993-cü il tarixində AKT vasitəsiylə iddiaçının istifadsinə verilmişdir və həmin torpaq sahəsi ayrılarkən plancizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanının vəzifəsidir. Bundan əlavə sənədlər cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən tələb olunan sənədlər Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının kserosurətini təqdim etdiyi xx.xx.1993-cü il tarixli aktda Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 620 nömrəli Sərəncamına istinad olunaraq iddiaçya 2 №-li zeytun sovxozundan torpaq sahəsinin təhkim edildiyi göstərilmişdir. İddiaçı tərəfindən kserosurəti məhkəməyə təqdim edilmiş 2 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli əmrində iddiaçıya iddiaçıya ailə tərkibinə görə 0,06 hektar torpaq sahəsi ayrıldığı göstərilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 dekabr 2000-ci il tarixli Qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, addan ada keçirilməsi və ya hansısa sənədin təsdiq edilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi qərar verilmədən əvvəl torpağın təyinatı müəyyən edilərək təsdiq olunmalıdı. Qeyd edilən qərarın verildiyi tarixdən uzun müddət keçdiyindən qanunvericilikdə müəyyən dəyişikliklər olmuş, yerli icra hakimiyyəti orqanları tərəfindən təyinatından asılı olmayaraq, torpaq sahəsinə hər hansı bir sənədin verilməsi mövcud qanunvericiliyin normalarının tələbi ilə qadağan olunmuş və bu cür sənədlərin verilməsi isə etibarsız sayılır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon 2 nömrəli Zeytun sovxozunun 1992-1993-cü il tarixli qərarlarında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən 2 nömrəli Zeytun sovxozunun xx.xx.1993-cü il tarixli sərəncamında Hüseynova (Bayramova) Cəmilə Paşa qızının adı aşkar edilməmişdir. Sorğuya surəti əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 620 nömrəli Sərəncamı 2 №-li zeytun sovxozuna həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 730 kv.m təşkil edir. Torpaq sahəsində iki ədəd birmərtəbəli və bir ədəd ikimərtəbəli yaşayış evi mövcuddur. Ümumi torpaq sahəsi mişar daşla üç hissəyə ayrılıb. Hər birinin ayrı-ayrı giriş-çıxışları var. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Abşeron ОС). Həmçinin sahə keçmiş 2 nömrəli Zığ Zeytunçuluq sovxozunun (Xətai hissəsi) ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə yaxınlığından açıq orta təzyiqli qaz xətti keçir. Torpaq sahəsinə dair cizgi təqdim edilmədiyindən sənəd üzrə sahənin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Sahədəki tikililərin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. Hazırkı halda iddiaçı yerləşmə sxeminin verilməsini tələb etdiyi torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsinin 2 nömrəli Zeytun Sovxozunun xx.xx.1993-cü il tarixli əmri əsasında ayrıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin sənədin mötəbər olmadığı aşkar edilmişdir. Belə ki, həmin sənədin yalnız kserosurəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı sənədin əslinin onda olmadığını bildirmişdir. İşin məhkəmə araşdırması zamanı müvafiq inzibati orqanlara sorğular verilsə də, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 620 nömrəli Sərəncamının 2 №li zeytun sovxozuna həyətyani torpaq sahəsinin ayrılması ilə bağlı olduğu, həmin Sərəncama hər hansı sənədin əlavə olunmadığı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1993-cü il tarixli əmrdə isə iddiaçının adının olmadığı, həmçinin Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon 2 nömrəli Zeytun sovxozunun 1992-1993-cü il tarixli qərarlarında vətəndaş İddiaçı adının aşkar edilmədiyi müəyyən olunmuşdur. Bu hal isə iddiaçının təqdim etdiyi əmrin mötəbərliyinə məhkəmə tərəfindən əsaslı şübhələr yaranmasına səbəb olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1.). Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.2.). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (89.3.). Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir (89.4.). İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir) (89.5.). Beləliklə, cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya hər hansı torpaq sahəsinin ayrıldığı iş materialları ilə sübut olunmur. Belə olan halda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə əlavə olaraq diqqətə çatdırır ki, torpaq sahəsinin iddiaçıya ayrılması sübuta yetirilmədiyindən, torpaq sahəsinin Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatların aparılması üçün ayrılmış ərazi hüdudu daxilində yerləşməsi, sahədən orta təzyiqli qaz xəttinin keçməsi ilə bağlı əsaslara münasibət bildirilməsinə hər hansı zərurət yoxdur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar