Məhkəmə qərarları › İş №2-1(112)-6061/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6061/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6061/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs X2) qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 (bundan sonra – üçüncü şəxs) ünvan 1 ünvanından qeydiyyatdan çıxarılınası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-955/2023 nömrəli qərarı ilə keçmiş həyat yoldaşı üçünü şəxs ilə nikahı pozulmuşdur. Üçüncü şəxs 2012-ci ildən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, döngə 6 ünvanında yaşayır. Boşandıqdan sonra isə o Cəbrayıl şəhər sakini və məcburi köçkünü kimi qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşayır. Nikahının pozulmasını, xasiyyət uyğunsusluğu səbəbindən birgə yaşamaqlarının mümkünsüzlüyünü, eləcə də doğma Cəbrayıl şəhərində veriləcək mənzilin ailə tərkibinin sayına görə müəyyən edilməsini nəzərə alaraq, üçüncü şəxsin ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması barədə cavabdehə xx.xx.2024-cü il tarixində məktubla müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixli 3-36-3/2E-11984/2-46/2024/14446 nömrəli məktubu ilə bildirildi ki, “şəxslərin qeydiyyatdan çıxarılması mövcud qanunvericiliyin tələbinə uyğun olaraq yalnız onların öz müraciəti əsasında aparıla bilər”. Cavabdan da göründüyü kimi, heç bir konkret qanunvericilik aktının adı göstərilmədən, aktın maddəsinə (bəndinə) istinad edilmədən, əsaslandırılmadan ümumi mücərrəd sözlərlə cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 88 № li məktubunda bildirmişdir ki, Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Qobu Park-2 qəsəbəsi bina 12 ünvanındakı 71 nömrəli 3 otaqlı mənzil xx.xx.2019-cü il tarixli 12/71 nömrəli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında iddiaçıya ailə üzüvləri ilə birlikdə verilmişdir. Köçürülmə məcburi köçkünlərin six məskunlaşdığı ünvan 6 ünvanında yerləşən 2 sayli Tibb Texnikomunun yataqxanasından Komitədə yaradılan mənzil təminatı ilə bağlı Komissiyanın müvafiq qərarı əsasında həyata keçirilmişdir. Sonradan iddiaçı müraciət edərək həyat yoldaşı üçüncü şəxs ilə boşandığını, bu səbəbdən onun adının müqavilədən cıxarılmasını tələb etmişdir. Ona mövcud qanunvericiliyə və kirayə müqaviləsinin şərtlərinə görə müqavilədə adları olan şəxslərin həmin yaşayış sahəsində yaşamaq və bərabər istifadə etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələ müzakirə edildi. İddiaçı iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mülki məhkəmədə hazırkı iddianı qaldırmış və iddiası rədd edilmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təçmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cü il tarixdə 12/71 № li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı və ailə üzvlərinə (həyat yoldaşı, iki oğlu və bir qızı) ünvan 4 ünvanda yerləşən mənzil müvəqqəti olaraq sahiblik və istifadələrinə verilmişdir. İddiaçı üçüncü şəxslə arlarında olan nikahın pozulmasına istinad edərək onun həmin mənzildən qeydiyyatdan çıxarılması xahiş edir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, mövcud qanunvericiliyə və kirayə müqaviləsinin şərtlərinə görə müqavilədə adları olan şəxslərin həmin yaşayış sahəsində yaşamaq və bərabər istifadə etmək hüququ mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının əslində çatmaq istədiyi hüquqi maraq, cavabdehlə bağlanmış kirayə müqaviləsinə dəyişiklik edilərək keçmiş həyat yoldaşı, üçüncü şəxsin həmin müqavilədən adının çıxarılmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlər müqavilə münasibətləri olduğundan hazırkı işə inzibati mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydaları: 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. 2.7. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. 2.8. Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanılmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır. 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda mənzilin onun sahiblik və istifadəsinə verilməsi ilə bağlı hər hansı narazılığı yoxdur. İddiaçı keçmiş həyat yoldaşının müqavilədən adının çıxarılmasını istəyir ki, bu da həmin müqaviləyə dəyişiklik edilməsi ilə mümkündür. Məhkəmə iddianın mümkünsülüyü ilə bağlı qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, hazırkı halda, üçüncü şəxsin həmin mənzildə yaşamaq və istifadə hüququnu olub-olmaması, olduğu təqdirdə itirilib itirilməməsi, həmçinin iddiaçı ilə üçüncü şəxsin birgə nikahı dövründə bağlanmış müqaviləyə görə, həmin müqavilə əsasında üçüncü şəxsin əmlak və ya digər hüquqların əldə edilmiş hüquq kimi qiymətləndirilib mülki mühakimə icraatı qaydasında müəyyən edilməli və araşdırılmalı məsələlərdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər ididaçının diqqətinə çatdırıldı. İddiaçı isə izahatında bu barədə mülki məhkəmdə iddia qaldırdığını və iddiasının rədd olunduğunu bildirdi. Aparılmış qiymətləndirməmin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar