Məhkəmə qərarları › İş №2-1(112)-6062/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6062/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6062/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixinədək X4 Nəqliyyatı Universitetində marketinq ixtisası üzrə qiyabi təhsil almış və ona bu barədə 30 iyun 2018-ci il tarixli, B18 205358 nömrəli bakalavr diplomu verilmişdir.

2. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli elektron məktubla iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçıya 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

3. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Nəqliyyatı Universiteti tərəfindən onun adına verilmiş B18 205538 nömrəli, xx.xx.2018-ci il tarixli diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini və X4 Nəqliyyatı Universiteti tərəfindən onun adına verilmiş B18 205538 nömrəli, xx.xx.2018-ci il tarixli diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İİ Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2013-xx.xx.2018-ci il tarixlərdə X4 Nəqliyyatı Universitetində tədris planına uyğun olaraq təhsil almış və bunun müqabilində universitet ona müvafiq bakalavr diplomu vermişdir. O, təhsil aldığı müddətdə təhsildən yayınmamış və imtahanları müvəffəqiyyətlə vermişdir. Müəyyən edilmiş qrafikə uyğun fənlər üzrə müəyyənləşdirilmiş dərs yükünü yerinə yetirməmiş və dili bilməmiş olsaydı, imtahanlara buraxılmazdı və ya imtahanları verə bilməzdi, kəsrləri yaranar, diplom alması mümkün olmazdı. Diplomun verilməsi ilə onun həqiqətən də adı çəkilən təhsil müəssisəsində tam təhsil alması sübuta yetirilir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədzadə etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəməyə müraciət etmişdir.

11. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır.

12. Belə ki, iş materiallarında olan X4 Nəqliyyatı Universiteti tərəfindən 30 iyun 2018ci ildə verilmiş B18 205358 nömrəli bakalavr diplomundan görünür ki, iddiaçı xx.xx.2013cü il tarixdə X4 Nəqliyyatı Universitetinə daxil olmuş, xx.xx.2018-ci ildə həmin universiteti bitirmiş, Marketinq üzrə bakalavr dərəcəsi almışdır. Diplom Ukrayna Təhsil və Elm Nazirliyinin baş mütəxəsisi Levitska İ.Y. tərəfindən 19 yanvar 2019-cu il tarixdə № A-739- 19 nömrəsi ilə apostil edilmişdir. Diplomda tədris dili olaraq rus dili, təhsil müddəti 5 il, təhsil növü isə qiyabi təhsil olaraq qeyd olunmuşdur.

13. İddiaçı həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqanın ekspert qrupu iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilməsi əsası ilə, başqa sözlə, ekspert qrupunun mənfi rəyi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.7-ci bəndinə əsasən onun diplomu üzrə aldığı ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina olunmuşdur.

14. Məhkəmə cavabdehin imtinasının qeyd olunan əsasları ilə razılaşır. Belə ki, diploma əlavədən görünür ki, iddiaçı “rus dili”ndə təhsil almışdır. Cavabdeh orqanın ekspert qrupu tərəfindən isə müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı dili bilməsi qənaətbəxş deyil. Bu hal məhkəmə iclasında baxış keçirilmiş iddiaçı ilə aparılan müsahibənin videogörüntüləri ilə öz təsdiqini tapmışdır. Belə ki, diploma əsasən iddiaçı 5 il rus dilində təhsil alsa da, müsahibə zamanı nəinki tədris aldığı ixtisas üzrə hər hansı məsələ barədə fikir bildirə bilməmiş, heç gündəlik məişətdə istifadə olunan sözləri belə ifadə edə bilməmişdir. Belə olan halda, bilmədiyi dil üzrə iddiaçının tədris keçdiyi institutun normativində nəzərdə tutulan tədris yükünü mənimsəməsinin qeyri-mümkün olması aşikardır.

15. Məhkəmə qeyd edir ki, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.

16. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ixtisasların ekvivalentliyinin müəyyən edilməsi isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.

17. Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişin 1-ci maddəsinə əsasən həmin Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 5-ci maddəsinin tələbinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin qeyd olunan maddəsi ilə müəyyən edilən şərtinin mənasından göründüyü kimi, Ukrayna Respublikasında verilmiş diplom təhsilin müddətinə və təhsilin məzmununa uyğun gəlmədiyi halda, o, Azərbaycan Respublikası ərazisində tanına bilməz.

18. Məhkəmə bildirir ki, bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu birbiri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndləri). Bu baxımdan iddiaçının təhsil aldığı dili bilməməsi onun “marketinq” ixtisası üzrə aldığı təhsilin məzmununa uyğun gəlməsini istisna edir. Bu səbəbdən məhkəmə cavabdeh orqanın ekspert qrupunun həmin əsaslardan çıxış edərək mənfi rəy verməsi ilə razılaşır.

19. Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: - 1.1-ci bəndinə əsasən həmin Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. - 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-cı bəndə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

20. Beləliklə də müəyyən edilir ki, iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən cavabdeh tərəfindən imtina olunması işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

21. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar