Məhkəmə qərarları › İş №2-1(112)-6064/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6064/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6064/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin yenidən tərtib edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan cizginin yenidən tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 (altı yüz) kv.m torpaq sahəsinin planının (cizigisinin) yenidən tərtib olunaraq iddiaçıya verilməsi öhdəliyinin Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 783 nömrəli sərəncamına əsasən Zığ qəsəbəsinin cənub-şərq hissəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600.0 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Dövlət Arxiv İdarəsinin Bakı filialına müraciət edərək, həmin torpaq sahəsinə dair Suraxanı RİH-dən verilən sərəncamı əldə etmişdir. Lakin torpaq sahəsinin planını indiyədək əldə edə bilməmişdir. Qeyd etmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti nümayəndəsi tərəfindən 2019-cu il tarixində həmin torpaq sahəsinə dair akt tərtib olunmuşdur. Həmin aktda Suraxanı rayon İcra Hakimiyyətinin və Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə səlahiyyətli nümayəndələrin iştirakı ilə adıçəkilən torpaq sahəsinin mövcud istifadə vəziyyətində planı (cizgisi) tərtib olunmuşdur. Qeyd olunan ərazidə yerləşən torpaq sahəsinə dair planın (cizginin) verilməsinə köməklik göstərilməsi məqsədilə Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Aidiyyəti qurum tərəfindən ona göndərilən cavab məktubuna əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi O.Nəcəfov iddianı müdafiə edərək öz izahatında bildirirmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 783 nömrəli sərəncamına əsasən Zığ qəsəbəsinin cənub-şərq hissəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600.0 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Dövlət Arxiv İdarəsinin Bakı filialına müraciət edərək, həmin torpaq sahəsinə dair Suraxanı RİH-dən verilən sərəncamı əldə ounmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti nümayəndəsi tərəfindən 2019-cu il tarixində həmin torpaq sahəsinə dair akt tərtib olunmuşdur. Həmin aktda Suraxanı rayon İcra Hakimiyyətinin və Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə səlahiyyətli nümayəndələrin iştirakı ilə həmin torpaq sahəsinin mövcud istifadə vəziyyətində planı (cizgisi) tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli məktubun surəti. - Vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsində torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 783 nömrəli sərəncamın surəti. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla İddiaçı torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yeri nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul olunmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçıya Suraxanı RİH-in xx.xx.1997-ci il tarixli 783 nömrəli sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin cənub-şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd olunan ərazidə torpaq sahəsinin yerinin göstəricilərini əks etdirən cizgisi RİH tərəfindən tərtib edilməmişdir. İddiaçı torpaq sahəsinin plan cizgisinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, Rayon İcra Hakimiyyətinin sənədləri 2015-ci il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filalına təhvil verildiyi və bu barədə Suraxanı Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialının məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli 783 saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Zığ qəsəbəsinin cənubşərq hissəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin İddiaçı ayrılması və ayrılmış sahədə 185-000-İİİ-li bir tipli lahiyə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997ci il tarixli 783 saylı Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qeyd olunan Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmənin mövqeyinə görə, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sərəncam mübahisələndirilməmişdir və qüvvədədir, həmçinin cavabdeh Suraxanı RİH torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. PM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli 783 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli 783 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar