Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6065/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Qıvraq kəndində doğulmuş, 07.09.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1979-cu ildən bu günədək elektrik qaynaqçı peşələrində çalışmışdır. Əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi H3 № ******* nömrəli hərbi biletində hərbi xidmətdə olduğu müddət 04.05.1980-05.06.1982-ci il kimi qeyd olunmuşdur. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi MT-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunur ki, o, 21.04.1982-ci il tarixində işə daxil olmuşdur. Nəzərə alsaq ki, iddiaçı 1982-ci ilin iyun ayının 5-dək həqiqi hərbi xidmətdə olub, onun əmək kitabçasındakı 1982-ci ilin aprel ayında işə daxil olması barədə qeydin həqiqiliyinə əsaslı şübhələr yaranır. Əlavə olaraq, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının 2-ci səhifəsində işə girmə və çıxma tarixində əllə düzəliş edildiyi aşkar şəkildə görünür. Həmçinin, əmək kitabçasının 4-cü və 5-ci səhifələrində 21.04.1982-02.07.1997-ci illər arasındakı dövrlər üzərində “Azərbaycan SSR” qeyd olunmuş möhür ilə təsdiqlənmişdir. Həmin dövrdə “Azərbaycan SSR” adlı dövlət artıq mövcud deyildi, bu səbəbdən də əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranır. 26.07.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; "xxxx" MMM-in 21 noyabr 2018-ci il tarixli 17 nömrəli arayışından görünür ki, İddiaçı 03.09.1999-cu il tarixdən 21.09.2017-ci il tarixədək "xxxx" MMM-də qaynaqçı peşəsində işləmişdir. Onun işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 23200***-******* kodu ilə müəyyən edilən qaz qaynaqçıları peşəsinə uyğundur; "xxxx" MMC-nin 20 sentyabr 2019-cu il tarixli 14 nömrəli və 16 nömrəli arayışlarından görünür ki, İddiaçı 27.09.2017-ci il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsində çalışır və onun işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 23200***-******* kodu ilə müəyyən edilən qaz qaynaqçıları peşəsinə uyğundur; İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, o, 04.05.1980-01.06.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 aprel 2021-ci il tarixli ********** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 26.08.2021-ci il tarixli, 13/990 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 05.08.1982-ci il tarixli 102 №-li əmrlə Naxçıvan Filiz İdarəsinə (Duz Mədəni) işə qəbul edilmiş, 03.06.1985-ci il tarixli 86 №-li əmrlə işdən azad edilmişdir. Arxiv arayışına İddiaçı 1982-ci ilin avqust ayından 1985-ci ilin may ayına qədər aldığı əmək haqqı cədvəlləri və əmrlər kitabından çıxarış əlavə olunmuşdur; Kəngərli Rayon Dövlət Arxivinin 27.08.2021-ci il tarixli, 04 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1997-1999-cu illərdə Qıvraq N.Nərimanov adına sovxozda işləmişdir. Arxiv arayışına İddiaçı 1997-1999-cu illər üzrə aldığı əmək haqqı cədvəlləri və əmrlər kitabından çıxarış əlavə olunmuşdur; Şərur Rayon Dövlət Arxivinin 25.08.2021-ci il tarixli məktubundfa göstərilmişdir ki, tikinti materialları zavodunun sənədləri mühafizə olunması üçün Şərur Rayon Dövlət Arxivinə verilməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-cü il təvəllüdlüdür, İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdehin imtina məktubunda yalnız iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetərli olmamasına istinad edilsə də, iddia ərizəsinə etirazında əmək kitabçasındakı qeydləri şübhə altına alaraq göstərmişdir ki, iddiaçının hərbi biletində hərbi xidmətdə olduğu müddət 04.05.1980-05.06.1982-ci il kimi qeyd olunsa da, əmək kitabçasında 21.04.1982-ci il tarixində işə daxil olması göstərilmişdir. Bu səbəbdən əmək kitabçasındakı 1982-ci ilin aprel ayında işə daxil olması barədə qeydin həqiqiliyinə əsaslı şübhələr yaranır. Əlavə olaraq, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının 2-ci səhifəsində işə girmə və çıxma tarixində düzəliş edilməsi və 21.04.1982-02.07.1997-ci illər arasındakı dövrlər üzərində “Azərbaycan SSR” qeyd olunmuş möhür ilə təsdiqlənməsi əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Cavabdehin etirazında mübahisə etdiyi 1982-1997-ci il dövrü üzrə məhkəmə araşdırması aparılmış və müəyyən edilmişdir ki, iddiaçı əmək kitabçasında göstərildiyi kimi 21.04.1982-ci il tarixdə deyil, 05.08.1982-ci il tarixdə (hərbi xidmətini başa vurduqdan sonra) 102 №-li əmrlə Naxçıvan Filiz İdarəsinə (Duz Mədəni) işə qəbul edilmiş, 03.06.1985-ci il tarixli 86 №-li əmrlə işdən azad edilmişdir. Lakin məhkəmə cavabdehin 1985-1997-ci il dövrü üzrə etirazının dəlilləri ilə razılaşaraq bildirir ki, iddiaçının 1985-1997-ci illərdə tikinti materialları zavodunda əmək faəliyyətinə dair sənədlər məhkəmə araşdırması zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Belə ki, iş materilallarında olan əmək kitabçasının surətindən (4 və 5-ci səhifələr) görünür ki, iddiaçının 04.06.1985-02.07.1997-ci illərdə tikinti materialları zavodunda 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləməsi qeyd olunsa da, işə qəbul edilməsi barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, iddiaçının 02.07.1997-ci ildə işdən azad olunması üzərində “Azərbaycan SSR” qeyd olunmuş möhür ilə təsdiq edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış (04.06.1985- 02.07.1997-ci illər) qeydlərin mötəbərliyi öz təsdiqini tapmır. Cavabdehin əmək kitabçasının 2-ci səhifəsində işə girmə və çıxma tarixində düzəliş edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə bildirir ki, həmin dövr 28.06.1979- 28.12.1979-cu il üzrə 6 aylıq dövrü əhatə edir ki, həmin dövr sığorta stajı kimi qəbul edildiyi halda belə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə olan halda, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az olmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilməyəcəkdir və iddiaçının güzəştli iş staj ilə bağlı şərtin yerinə yetirilib-yetirilməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6065/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6065/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver