Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6066/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından, 01.01.2006-cı il tarixədək 26 il 28 gün fasiləsiz olaraq MTK Ucar filialında (keçmiş Ucar pambıq təmizləmə zavodu və sonradan "xxxx" ASC) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsinin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxxxx 1960-cı ildə Ucar rayonunda doğulub. 09 may 1971-ci il tarixdən 18 may 1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə 12 sentyabr 1981-ci ildə həmin vaxt Ucar rayonunda mövcud olmuş Ucar pambıq təmizləmə zavodunda çilingər yanında şagird kimi işə qəbul edilməklə başlamışdır. 30 avqust 2019cu il tarixədək MTK Ucar filialında qaynaqçı peşəsində işləmişdir. Ucar pambıq təmizləmə zavodu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 31 iyul 1997-ci il tarixli 513 saylı sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti, sonradan isə MTK Ucar filialı adlandırılmışdır. Azərbaycan MTR Ucar filialında zərərli iş sahəsində işlədiyinə görə 12 sentyabr 1981- ci il tarixdən başlayaraq 30 avqust 2019-cu il tarixədək ona aylıq əmək haqqının müəyyən faizi miqdarında əlavə əmək haqqı və əlavə məzuniyyət günü hesablanaraq, verilmişdir. 12 sentyabr 1981-ci il tarixdən başlayaraq 30 avqust 2019-cu il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarının 24-cü bəndinin ‘‘a”yarımbəndinə uyğundur. 57 yaşı tamam olması ilə əlaqədar və zərərli və ağır əmək şəraiti olan müəssisədə müddətli hərbi xidmət keçdiyi dövr də nəzərə alınmaqla fasiləsiz olaraq 36 il 07 ay 12 gün, o cümlədən hərbi xidmət keçdiyi dövr də nəzərə alınmaqla 12 sentyabr 1981-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək 26 il 28 gün işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı 10 noyabr 2020-ci il tarixli. **********4 saylı məktubu ilə müraciətə cavab olaraq bildirmişdir ki. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsisilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin ən azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə ləyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-1İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi onun (yəni iddiaçının) 01 yanvar 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (22252.85 manat) əmək pensiyasının minimum məbləğindən (40800.00 manat) aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqanın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı 10 noyabr 2020-ci il tarixli. **********4 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında" məktubundan narazı qaldığına görə iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu 18 mart 2021-ci il tarixli **********2 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında" məktubu ilə bildirmişdir ki, iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39400,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 21931,43 manat təşkil edir. Beləliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məktubdan göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu onun 12 sentyabr 1981-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək müddətli həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla ümumi iş stajının MTK Ucar filialında ümumilikdə 26 il 28 gün, yəni tam əmək stajı olmasını nəzərə almayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən 01 yanvar 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını əsas göstərməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməklə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 28.04.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 16.05.2021-ci il tarixdə cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin 17.06.2021-ci il tarixli 2-1(112)-6066/2021 saylı qərardadı ilə cavabdeh inzibati orqanın vəstəti təmin edilərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğu üçün rədd olunmalıdır. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək olan ümumi stajı 25 ildən az təşkil edir. Eyni zamanda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək pensiyasının ümumi məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçası və hərbi biletin surətindən aydın olur ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi əmək stajını toplaya bilməyib. Belə ki, iddiaçı 12.09.1981-ci ildə Ucar rayon pambıq təmizləmə zavoduna işə qəbul olunub və 01.12.2001-ci il tarixdə işdən azad edilib. İddiaçının işdən azad edilmə əsası - “uzun müddət öz hesabına məzuniyyətdə olmasıdır. Yəni zavod fəaliyyət göstərməyib. Göründüyü kimi, əmək kitabçası üzrə 01 yanvar 2006-cı ilədək olan əmək stajı (hətta 01.12.2001-ci ilədək işlədiyini qəbul etmiş olsaq!) 20 il 02 ay 19 günə bərabərdir. İddiaçı 09.05.1979-07.05.1981-ci illərdə (01 il 11 ay 28 gün) hərbi xidmət olub. Beləliklə, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 01 yanvar 2006-cı il tarixinədək olan ümumi əmək stajı 22 il 02 ay 17 gün təşkil edir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Əgər iddiaçı, 60 yaşının tamam olduğu tarixdən pensiya təyin edilməsini tələb edərsə, bu halda da iddiası təmin edilə bilməz. Çünki bu zaman ƏPQ-nin 01 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Belə ki, ƏPQ-nin 9.1-ci maddəsinə görə, "Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. ƏPQ-nin 1.0.8-ci maddəsinə görə, "Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır ". ƏPQ-nin 1.0.10-cu maddəsinə görə, "Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir'. ƏPQ-nin 6.2-ci maddəsinə görə, "Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir ". ƏPQ-nin 6.3-cü maddəsinə görə, "Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir". ƏPQ-nin 45-ci maddəsinə görə, "Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. İddiaçıya münasibətdə, pensiya kapitalına dair şərt reallaşmamışdır. Çünki tələb olunan pensiya kapitalına (39.400 manat) qarşılıq iddiaçının fərdi hesabında cəmi 21.931,43 manat kapital vardır. Dolayısı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Ucar rayonunun Məlikballı kəndində doğulmuş İddiaçı Ucar rayonu Məlikballı kəndidə qeydiyyatdadır. - 09 may 1979-cü il tarixdə verilmiş NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 09.05.1979-cu ildən 07 aprel1981-cı ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq olunmuş ИT-İ seriyalı ******* nömrəli 18.03.1982-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 12.09.1981-ci ildə Ucar pambiz təmizləmə zavoduna çilingər yaninda şagird vəzifəsinə qəbul edilmiş, 16.11.1981ci ildə mişar təmiri sexinə 1-ci dərəcəli mişar itiləyən vəzifəsinə keçirilmişdir, 03.05.1982-ci ildə 2-ci dərəcəli mişar itiləyən vəzifəsinə keçirilmiş, 01.09.1982-ci ildə çilingər vəzifəsinə keçirilmişdir. 08.12.1982-ci ildə 3-cü dərəcəli çilingər, 01.10.1983-cü ildə 4-cü dərəcəli çilingər, 01.03.1984-cü ildə 5-ci dərəcəli çilingər, 02.12.1989-cu ildə 5-ci dərəcəli elektrik qaynaqçısı təhkim olunmuş 01.11.1991-ci ildə mexaniki təmir emalatxanasında elektrik qaynaqçısı işinə keçirilmişdir. 01.12.2001-ci ildə uzun müddət əmək haqqı ödənməyən məzuniyyətdə olduğu üçün işdən azad edilmişdir. 01.04.2009-cu ildə "xxxx" ASC-yə müqavilə əsasında mexaniki təmir sahəsinə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 31.12.2010-cu ilədə əmk müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar vəzifəsinə xitam verilmişdir. 05.01.2011-ci ildə "xxxx" MMC-nin “MKT-Ucar” filialına qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. 05.01.2015-ci ildə işdən azad edilmişdir. 12.04.2016-cı ildə "xxxx" MMC-nin “MKT-Ucar” filialına qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. 01.06.2018ci ildə çilingər mişar kəsən vəzifəsinə keçirilmişdir. 31.08.2019-cu ildə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı 12.09.1981-ci il tarixdən 01.12.2001-ci il tarixinə kimi Ucar pambıqtəmizləmə zavodunda qaynaqçı, 01.04.2009-cu il tarixdən 31.12.2010-cu il tarixədək "xxxx" ASC-də qaynaqçı, 05.01.2011ci il tarixdən 05.01.2015-ci il tarixədək və 12.04.2016-cı il tarixdən 31.08.2019-cu il tarixədək "xxxx" MMC-nin “MKT-Ucar” filialında qaynaqçı vəzifəsində işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş 06.10.2020-ci il tarixli REF/2358/20 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı 12.04.2016-cı il tarixdən 30.08.2019-cu il tarixinədək "xxxx" MMC-nin MKT Ucar filialında qaynaqçı vəzifəsində çalışmışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22252,85 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 06 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçı 1960-cu il təvəllüdlü olmaqla onun qanunda nəzərdə tutulmuş 57 yaşı 04.09.2017-ci ildə tamamlanmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair imtina məktubunda və yazılı etirazında iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını və ümumi iş stajını mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək (09.05.1979-07.04.1981-ci illər hərbi xidmət dövrü və 12.09.1981-01.12.2001-ci il işlədiyi dövr) 25 il ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki,10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Lakin iş materiallarından müəyyən olunduğu kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.931,43 manat təşkil edir. Bu səbəblərdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa (57 və ya 60) görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6066/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6066/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver