Məhkəmə qərarları › İş №2-1(112)-6066/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6066/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6066/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya fərqinin ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya fərqinin ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı əmək fəaliyyətinə 1980-ci il tarixində başlamış və onun 34 ilə yaxın əmək stajı vardır. Onun 29 il 07 ay 28 gününü yəni 16 fevral 1980-ci ildən 14 oktyabr 2009-cu il tarixinədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmişiliyinin üzücü heyətinin nəqliyyat donanmasında işləmişdir. 1975-ci ildən 1979-cu ilədək Bakı Dənizçilik Məktəbində əyani təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Nəqliyyat donanmasının gəmilərinə üzən heyətə matros, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü ilədək, Nəqliyyat donanmasının gəmilərində kapitanın 3-cü köməkçisi, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı ilədək Nəqliyyat donanmasının gəmilərində 2-ci köməkçisi, xx.xx.1986-ci il tarixdən xx.xx.1993-cü ilədək Nəqliyyat donanmasının gəmilərində kapitanın böyük köməkçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci ilədək Nəqliyyat donanmasının gəmilərində kapitan, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək Dəniz üzgüçülüyünün Təhlükəsizlik İdarəsinə təlimatçı-kapitan, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu iltarixədək kapitan vəzifəsində işləmişdir. İşlədiyi müddətin 26 il 01 ay 24 günü zərərli və ağır olan işdə işləmişdir. Qeyd edir ki, 01.01 2006-cı il tarixdə ona əlilliyə görə pensiya təyin edilmiş və xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təmin edilmişdir. Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 02 dekabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin, ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinat tarixinin xx.xx.2021-ci il tarixdən hesab edilərək ona həmin tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə omuş redaksiyasına əsasən), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq sərtlər mövcud olmalıdır: 1) tələb olunan yas həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan yerdikdə. Qanunla tələb olunan yaş həddi 60 yaş olmasına baxmayaraq həmin vaxt İddiaçı əlilliyə görə əmək pensiyaçısı olduğu üçün müvafiq normanın tələbləri xx.xx.2021-ci il tarixdən, yəni əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən hesablanmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixə münasibətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2021-ci il tarixə münasibətdə İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq onaə münasibətdə 38000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33045,39 manat təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - xx.xx.1960-cı il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - iddiaçıya məxsus БT 03493 nömrəli Diplomun surəti; - İddiaçıa məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabşasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; - cavabdeh tərəfində məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş pensiya işinin təsdiq edilmiş surəti; - cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarının surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2006-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə güzəştli şərtlərlə yaşa görə pensiyanın xx.xx.2021-ci il tarixdən təyin edilməsini və həmin tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın hesablanaraq ona ödənilməsini tələb edir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan imtinasını, həmçinin iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixə münasibətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur: Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı;

2. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı;

3. 57 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş iddiaçının iş stajını təsdiq edən ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1980-xx.xx.2009-cu il tarixləri arasında matros, kapitanın 3-cü, 2-ci, böyük köməkçisi kapitan və kapitan- təlimatçı vəzifələrində işləmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2006-cı il tarixədək əmək stajı 25 il 10 ay 16 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Diplomun surətindən görünür ki, iddiaçının 1975-ci il 1979-cu illərdə təhsil dövrü 4 il təşkil etmişdir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" QSC X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla təsdiq olunur. "xxxx" QSC X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində və sahil heyətdə xx.xx.1980-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək matros, kapitanın 3-cü, 2-ci, böyük köməkçisi kapitan və kapitan- təlimatçı vəzifələrində işləmişdir. Onun üzən heyətdə işlədiyi vəzifələr və çalışdığı gəmilər nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 29 il 07 ay 28 gün üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 26 il 01 ay 24 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin ( kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının “XXVİİİ. Nəqliyyat” bölməsi, 23003010 kodu ilə təsdiq olunmuş “Üzən heyət: Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti” peşəsi müəyyən edilmişdir. İşin araşdırılmış hallarına görə, iddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Beləliklə də, iddiaçı xx.xx.2006cı il tarixinədək 12 il 6 aydan artıq güzəştli iş stajı olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. xx.xx.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (25 il 10 ay 16 gün), təhsil dövrü (4 il) nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən çox (29 il 10 ay 16 gün) ümumi iş stajı mövcud olmuşdur. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır. Göründüyü kimi, iddaçının xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır, lakin həmin vaxt iddiaçı əlilliyə görə əmək pensiyası aldığından, güzəştli şərtlərlə yaşa görə pensiya alması üçün müraciət etməmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əlilliyə görə pensiya dayandırılsa da, güzəştli şərtlərlə yaşa görə pensiya həmin tarixdən deyil, xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Cavabdeh inzibati orqan güzəştli şərtlərlə yaşa görə pensiyanın xx.xx.2022-ci il tarixdən təyin edilməsini “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyası ilə əsaslandırmışdır. Belə ki, xx.xx.2021-ci il tarixə münasibətdə (həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı aşağıdakıları qeyd edir: “zəruri pensiya kapitalının mövcud olması” ilə bağlı tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixəndək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2006-cı ilədək iddaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən pensiya hüququ yarandığından, lakin həmin vaxt iddiaçı əlilliyə görə pensiya aldığından və əlilliyə görə pensiya xx.xx.2021-ci il tarixdə dayandırıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məhz xx.xx.2021-ci il tarixdə təyin edilməli olduğundan, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinat tarixinin xx.xx.2021-ci il tarixdən hesab edilərək ona həmin tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinat tarixinin xx.xx.2021-ci il tarixdən hesab edilərək ona həmin tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar