Məhkəmə qərarları › İş №2-1(112)-6067/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6067/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6067/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası X12 Komitəsinin Həmkarlar İttifaqı Komitəsi və “Məhsul” bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 saylı protokoluna əsasən X6 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,06 hektar sahəsi olan 385 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X12 Komitəsinin Həmkarlar ittifaqı Komitəsi və “Məhsul” bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 saylı protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,06 hektar sahəsi olan 385 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Həmin bağ sahəsi hal-hazırda da onun övladlarının istifadəsindədir. xx.xx.2020-ci il tarixində X8 dünyasını dəyişmişdir. Şəxsin vəfat etməsi ilə əlaqədar vərəsələrin mərhumun övladı xx.xx.2020-ci ildə vərəsəlik işi açılmış, İddiaçı Bakı şəhəri, Türkab bağ massivində yerləşən 0,06 hektar bağ sahəsinə dair vərəsə kimi tanınmışdır. Bu bağ sahəsinə dair mərhumun adına çıxarışın (arayışın) verilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqanın **********08 saylı, xx.xx.2021-ci il tarixli və **********04 saylı xx.xx.2021-ci il tarixli məktubları ilə imtina edilmişdir. İlkin imtina məktubunda göstərilmişdir ki, “Məhsul” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmiş, üzvlük kitabçası və protokoldan çıxarış yeni möhürlə təsdiq edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd – “Məhsul” bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 saylı protokolu inzibati orqana təqdim edilmişdir. Bundan əlavə imtina məktubunda imtina verilməsi üçün qeyd olunan “Məhsul” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi, üzvlük kitabçası və protokoldan çıxarış yeni möhürlə təsdiq edilməsi əsasına gəldikdə isə bu xüsusat iddiaçının iradəsindən asılı olan hal deyildir. X1 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış onun vərəsəsi İddiaçı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı X5 müvafiq iddia tələbinə dair 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 385 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Məhsul” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında Aslanov Mirzənin ata adı “Əbdül” kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bu barədə iddiaçıya **********08 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası X12 Komitəsinin Həmkarlar İttifaqı Komitəsi və “Məhsul” bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 saylı protokoluna əsasən X6 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,06 hektar sahəsi olan 385 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə maxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1984cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 075905 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 353 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 6 saylı Notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, X-1036 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X5 vəfat etməsi ilə əlaqədar vərəsələrin ərizəsi əsasında xx.xx.2020-ci ildə vərəsəlik işi açılıb və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması bərədə sizə məlumat verilir. Yuxanda göstərilənləri nəzərə alaraq “Məhsul” bağçılıq yoldaşlığı nəzdində Xəzər rayonu, Türkan qəsəbəsində 600 kv.m olan 385 saylı bağ sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş “Məhsul” bağçılıq yoldaşlığının arayışında Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin Həmkarlar İttifaqı Komitəsi və bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən X6 ailə tərkibi (Aslanova ...A-yoldaşı, Aslanova M.M. - qızı, Aslanova X.M. - qızı, İddiaçı – oğlu) ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 600 kv.m sahəsi olan 385 saylı bağ sahəsi ayrıldığı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-03894-2022 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli, 10 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 7-3839/17 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli, MİHO/1.2-2-2022-7362 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 385 saylı bağ sahəsinin ayrılması ilə bağlı Azərbaycan SSR X12 Komitəsinin xx.xx.1990-cı il tarixli 10 saylı qərarı Nazirliyin arxivində aşkar edilməmişdir. Bu səbəbdən müvafiq məlumatın təqdim edilməsi Nazirliyin imkanı xaricindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********08 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Məhsul” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Həmçinin “Məhsul” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş üzvlük kitabçası və protokoldan çıxarış yeni möhürlə təsdiq olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, 0 cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsəsi olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 0,06 hektar sahəsi olan 385 saylı bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan imtinasında bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən bağ sahəsinə hüquqların mərhum X6 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə X1 adı “Məhsul” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında qeyd olunsa da sonuncunun adına konkret olaraq müvafiq nömrəli, müvafiq ölçüdə bağ sahəsinin ayrılması barədə üzvlük kitabçası və ya üzvlərin iclas protokolundan çıxarış təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş arayışda Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin Həmkarlar İttifaqı Komitəsi və “Məhsul” bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən X6 Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 600 kv.m sahəsi olan 385 saylı bağ sahəsi ayrıldığı göstərilsə də, istinad edilən Həmkarlar İttifaqı Komitəsi və “Məhsul” bağçılıq yoldaşlığının birgə iclasının xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokolu (qərar) arxiv nüsxəsi aşkar edilməmiş, bununla da arayışın kökündə dayanan torpaqayırma sənədi müəyyən olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, hazırkı iş üzrə iddia edilən torpaq sahəsi ilə bağlı mərhum X6 aid Qanunun 8.0.7-ci maddəsində sadalanan torpaqayırma sənədləri təqdim edilmədiyindən cavabdehin torpaq sahəsinə dair hüquun qeydiyyatından imtinası qanunazidd hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuş, iddiaçı tələbinin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar