Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6068/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və Azərbaycan Dövlət Xəzər X4 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıq-yoldaşlıq təsərrüfatının “V” Sektorunda yerləşən, sahəsi 450 kv.metr olan, 355a nömrəli sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və qeydiyyat haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya iş yeri olan Azərbaycan Dövlət Xəzər X5 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıq-yoldaşlıq təsərrüfatının 10 may 2005-ci il tarixdə keçirilmiş birgə iclası ilə həmin təsərrüfatın 450 kv.metr olmaqla, əvvəlllər X1 adına olmuş “V” Sektororunda yerləşən 355a nömrəli sahəsi ayrılmışdır. Həmin iclasa dair heyət tərəfindən 10 may 2005-ci il tarixli 08 saylı protokol tərtib edilmişdir. Həmçinin, iddiaçıya 10 may 2005-ci il tarixdə bağçılıq təsərrüfatına üzvlük kitabçası verilmişdir. İddiaçı həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla hüquqularının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi idarənin arxiv məlumatlarına əsasən “Yelkən” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında onun adına rast gəlinmədiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Azərbaycan Dövlət Xəzər X4 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.2005-ci il tarixli, 08 saylı protokoldan çıxarışdan da göründüyü kimi, iddiaçı həmin tarixdə sözügedən təsərrüfata üzv kimi qəbul edilmiş və ona üzvlük kitabçası verilmişdir. Cavabdeh orqan heç bir əsas olmadan iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına almış, bununla belə həmin sənədlərin mötəbər olmamasını sübut edə bilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və **********90 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən “Yelkən” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəffindən keçirilən texniki baxış zamanı sənəd üzrə torpaq sahəsi 450,0 kv.metr qeyd edilsə də, faktiki olaraq 437 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Dövlət Xəzər X3 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıq Yoldaşlığın idarə heyətinin xx.xx.2005-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən “Yelkən” Bağçılıq Yoldaşlığın üzvi X1 adında olan 355a nömrəli bağ sahəsindən uzun müddət istifadə edilmədiyinə və həmçinin abadlıq işləri aparılmadığına görə o, bağçılıq üzvlüyündən xaric edilmiş, “Yelkən” Bağçılıq Yoldaşlığın 355a nömrəli bağ sahəsinin bağçılığı üzvü olan iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Dövlət Xəzər X3 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıq üzvlərinin təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 08 nömrəli protokoldan-siyahısından çıxarışa əsasən Hovsan ərazisində yerləşən X6 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin üzvü olan iddiaçıya V sektorundan 355a nömrəli bağ sahəsi verilib. İddiaçıya verilmiş xx.xx.2005-cü il tarixli Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Yelkən” Bağçılıq Yoldaşlığın üzvlük biletinsən görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Cəmiyyətə daxil olmuş, ona ayrılmış bağ sahəsinin nömrəsi 355a olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Yelkən” Bağçılıq Yoldaşlığın üzvlərinin siyahısından görünür ki, X1 adı 335-cı sırada qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 450 kv.metr olsa da, faktiki 437 kv.metr təşkil edir. Bağ sahəsinin üç tərəfi qonşu hasar, yol tərəfi isə şərtidir. Sahədə tikili yoxdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində "bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi" öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “V” sektorunda yerləşən 355a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına nail olmaq istəyir. Bununla bağlı o, cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, cavabdehin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Eyni zamanda, sahə sənəd üzrə 450 kv.m, faktiki 437 kv.m olmuşdur. Məhkəmə cavabdeh tərəfindən imtina əsasının istinad edilən ilk arqumentlə razılaşmır. Belə ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi ilkin olaraq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Yelkən” Bağçılıq Yoldaşlığının üzvlərindən biri olan X2 ayrılmış və həmin şəxsin adı 335-ci sətrdə üzvlərin siyahısında göstərilmişdir. Lakin sonradan həmin şəxs bağ sahəsindən uzun müddət istifadə etmədiyi, eləcə də sahədə abadlıq işləri aparmadığı üçün üzvlükdən xaric edilmiş və ona təhkim olunmuş bağ sahəsi hazırkı iş üzrə iddiaçıya verilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının 2005-ci ildə yoldaşlığa üzv qəbul olunmasına baxmayaraq, cavabdehin arxivində saxlanılan və 2007-ci ildə tərtib olunmuş üzvlərin siyahısında bağ sahəsinin qarşısında əvvəlki üzvün adının qeyd olunması iddiaçının hüquqlarını məhdudlaşdırmır və bu vəziyyət iddiaçının iradəsindən kənar yaranmış texniki hal kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd olunur ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq protokoldan çıxarış və üzvlük kitabçası ləğv olunmamış və öz hüquqi qüvvəsini saxlamışdır. Bu baxımdan, cavabdehin imtina məktubunda göstərilən arqumentlər iddiaçının hüquqlarını təminindən imtina üçün əsas sayılmır. Xüsusilə də, torpaq sahəsinin hal-hazırda faktiki olaraq iddiaçının istifadəsində olması və bu sahə ilə bağlı hər hansı digər şəxslə mübahisənin mövcud olmaması göstərilən dəlilin əsassızlığını təsdiq edir. Lakin, məhkəmə cavabdehin torpaq sahəsinin ölçüləri ilə bağlı istinad etdiyi əsasla razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, torpaq sahəsinin faktiki ölçüsü təqdim olunan sənədlərdə qeyd edilən ölçüdən azdır. Bu səbəbdən, məhkəmə iddianı tam şəkildə təmin edə bilməz və yalnız torpaq sahəsinin faktiki ölçüsünə uyğun hissədə təmin olunması mümkündür. Əks təqdirdə, məhkəmə tərəfindən veriləcək qərarın icrası mümkün olmayacaqdır ki, bu hal iddiaçının mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yaradacaqdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hal formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Dövlət Xəzər X4 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıq-yoldaşlıq təsərrüfatının “V” Sektorunda yerləşən, sahəsi 437 kv.m olan 355a nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və qeydiyyat haqqında çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Dövlət Xəzər X4 qəsəbəsi ərazisində yerləşən “Yelkən” Bağçılıqyoldaşlıq təsərrüfatının “V” Sektorunda, sahəsi 437 kv.m olan 355a nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6068/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6068/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver