Məhkəmə qərarları › İş №2-1(112)-6069/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6069/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6069/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. Əmək fəaliyyətinə xx xxxxxx 1973-cü il tarixdə Bakı Ət Kombinatında başlamışdır. Belə ki, həmin tarixdə kombinatın kolbasa sexində 203 nömrəli xx xxxxxx 1973-cü il tarixli əmrlə şagird qəssab vəzifəsinə qəbul edilmişdir, xx xxxxxx 1973-cü il tarxdə 783 nömrəli xx xxxxxx 1973-cü il tarixli əmrlə 3-cü dərəcəli qəssab vəzifəsinə təyin edilmiş, x xxxxxx 1974-cü il tarixdə isə 05 nömrəli xx xxxxxx 1974-cü il tarixli əmrlə işdən azad edilmişdir. xx xxxxxx 1974-cü il tarixdə “Bakı Biskvit Fabriki”ndə 67 nömrəli x xxxxxx 1974-cü il tarixli əmrlə birləşdirici sexinə tikişçi vəzifəsinə təyin edilmiş, xx xxxxx 1974-cü il tarixdə 201 nömrəli xx xxxxx 1974-cü il tarixli əmrlə işdən azad edilmişdir. x xxx 1974-cü il tarixdən x xxxx 1976-cı il tarixədək həqiqi hərbi xidmətdə xidmət keçmişdir. xx xxxxxxxx 1976-cı il tarixdə 184 nömrəli xx xxxxxxxx 1976-cı il tarixli əmrlə “Bakı Farmaseptik Zavodu”nda yükdaşıma şöbəsinə yükdaşıyan vəzifəsinə təyin edilmiş, x xxx 1977-ci il tarixdə 81 nömrəli x xxx 1977-ci il tarixli əmrlə işdən azad edilmişdir. x xxxx 1977-ci il tarixdə 16 nömrəli x xxxx 1977-ci il tarixli əmrlə “Nizami” kinoteatrında yanğınsöndürən vəzifəsinə təyin edilmiş, x xxxxxxx 1977-ci il tarixdə 30 nömrəli x xxxxxxx 1977-ci il tarixli əmrlə işdən azad edilmişdir. x xxxxxxx 1977-ci il tarixdən “Azərbaycan Dəmir Yolları”na 215 nömrəli x xxxxxxx 1977-ci il tarixli əmrlə baş istiqamətləndirici vəzifəsinə təyin edilmiş, xx xxxxxxx 1977-ci il tarixdə 232 nömrəli xx xxxxxxx 1977-ci il tarixli əmrlə işdən azad edilmişdir. x xxxxxx 1978-ci il tarixdə 67 nömrəli x xxxxxx 1978-ci il tarixli əmrlə “Bakı Radio Zavodu” 16-cı sahədə montaj şagird kimi işə təyin edilmiş, xx xxx 1978-ci il tarixdə 237 nömrəli x xxx 1978-ci il tarixli əmrlə işdən azad edilmişdir. xx xxx 1978-ci il tarixdə “Azərbaycan Dəmir Yolları”na 367 nömrəli xx xxx 1978-ci il tarixli əmrlə yol xətlərinin mantyoru vəzifəsinə təyin edilmiş, x xxxx 1987-ci il tarixdə 496 nömrəli x xxxxxx 1978-ci il tarixli əmrlə işdən azad edilmişdir. xx xxxxxx 1978-ci il tarixdə xx xxxxxx 1978-ci il tarixli 62 nömrəli əmrlə “Azərbaycan Dəmir Yolları”nın konteyner deposunda rəmgsaz vəzifəsinə təyin edilmişdir. xx xxxxxxx 1978-ci il tarixdə həmin tarixli 90 nömrəli əmrlə 2-ci dərəcəli usta kvalifikasiyasına təyin edilmişdir. xx xxxxxx 1979-cu il tarixdə həmin tarixli 15 nömrəli əmrlə “Bağlantı Avtobazası”na köçürülməklə işdən azad edilmişdir. xx xxxxxx 1979-cu il tarixdə xx xxxxxx 1979-cu il tarixli 29 nömrəli əmrlə “Azərbaycan Dəmir Yolları” konteyner deposunda 2-ci dərəcəli işçi kimi işə qəbul edilmiş, xx xxxxx 1979-cu il tarixdə həmin tarixli 56 nömrəli əmrlə 2-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx xxxxxx 1980-ci il tarixdə həmin tarixli 20 nömrəli əmrlə işdən azad edilmişdir. xx xxxx 1980-ci il tarixdə həmin tarixli 29 nömrəli əmrlə “X8”nda büroda ştatdankənar ekspert kimi işə qəbul edilmiş, x xxxxxx 1989-cu il tarixli həmin tarixli 1 nömrəli əmrlə işlədiyi qurumun adı “Azərbekspertiza” firması adlandırılaraq fəaliyyət göstərmiş və x xxxxxx 1999-cu il tarixli 20 nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, onun (iddiaçının) əmək pensiyası təyin edilməsi üçün kifayət qədər stajı var. Bununla bağlı xx xxxx 2020-ci il tarixdə ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin X4 müraciət etmiş, lakin x xxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina olunmuşdur. İmtinanın səbəbi isə, iş stajının 25 ildən az olması, həmçinin x xxxxxxx 1999-cu il tarixədək işlədiyi “Azərbekspertiza” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının imkan xaricində olması göstərilmişdir. Halbuki, iş stajı 25 ildən çoxdur. Həmçinin, “Azərbekspertiza” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması, onun təqsiri deyil. Bir hal da qeyd olunmalıdır ki, “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq dövlət orqanlarının iş rejiminə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar (iddiaçı), avqust ayında pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaş 6 aya çatmış kişilərin x xxxxxx 2006-c il tarixdən x xxxx 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təyinatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq, 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019 – 2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci il tarixdən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göstərilənlərə və İPM-in, «Əmək pensiyaları haqqında» AR Qanununun müddəalarına əsaslanaraq, hərbi xidmət müddəti sığorta stajı kimi nəzərə alınmaqla ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. DSMF Sosial Ödənişlərin X2 nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilr: - İddiaçı tələbi tam əsassız hesab olunur və rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək həril 6 ay artırılır.), 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (DSMF-yə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim olunmuş əmək kitabçasına əsasən İddiaçı ümumi iş stajı 25 il 2 ay təşkil edir. İş materiallarına əsasən, xx xxxxxx 1955-ci il təvəllüdlü İddiaçı (AZE №********, FİNxxxxxxx) x xxxxxx 1989-cu il tarixdən x xxxxxx 1999-cu il tarixədək Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyində işlədiyini iddia edir. DSMF orqanı tərəfindən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasına ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli № **********2 saylı sorğuya cavab olaraq x xxxxxx 2020-ci il tarixli məktubla Palata İddiaçı əmək haqqı cədvəlini təqdim etmişdir. Lakin qeyd olunan əmək haqqı cədvəlinə əsasən, iddiaçının 24 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az stajı mövcuddur. 1998-ci ilin avqust ayında və 1999-cu ilin avqust və sentyabr aylarında İddiaçı öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. AR Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 128-ci maddəsinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Qeyd olunan məzuniyyət növü məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmır. Mövcud münasibət AR Əmək Məcəlləsinin 132-ci maddəsində birbaşa tənzimlənir. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bundan başqa «Əmək pensiyaları haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən, Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulub: Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin.edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: (21.2.1) işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; (21.2.2) yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; (21.2.3) müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ- nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; (21.2.4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; (21.2.5) işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; (21.2.6) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; (21.2.7) zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; (21.2.8) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; (21.2.9) əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; (21.2.10) mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; (21.2.11) hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası adından AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli İş № 2-1(102)- 853/2020 qərarında da qeyd olunur ki, ödənişsiz məzuniyyət müddəti sosial sığorta stajına aid edilmir. Hazırda qüvvədə olan və sosial sığorta stajını müəyyən edən AR Əmək Məcəlləsi və «Əmək pensiyaları haqqında» AR Qanununu ödənişsiz məzuniyyət dövrünü əmək stajına daxil etmir və bunun nəticəsində İddiaçı 24 il 11 ay stajı mövcuddur. Eyni zamanda iddiaçının x xxxxxx 2006-cı il tarixdən x xxxxxx 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, x xxxxxx 2006-cı il tarixədək olan sığorta stajına uyğun (24 il 11 ay) sığorta kapitalı 18.470,73 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından istər stajı, istərsə də pensiya kapitalının çatmaması nəticəsində mümkün deyil. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun «Əmək pensiyaları haqqında» AR Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq və İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1974-cü ilin may ayından 1976-cı ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxx 1955-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 37-dir. İş materiallarında olan DSMF Sosial Ödənişlərin X2 ərizəçi İddiaçı ünvanlanmış x xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 64 ya. 6 ayına çatmış kişilərin və 61 yaş 6 ayına çatmış qadınların x xxxxxx 2006-cı il tarixdən x xxxx 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim olunan sənədlərdən göründüyü kimi, ümumi iş stajınız 25 ildən az təşkil edir. x xxxxxxx 1999-cu il tarixədək işləmiş olduğunuz “Azərbekspertiza” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricindədir. Qeyd olunanlar nəzərə alınaraq Sizə yaşa görə əmək pensiyasının təyini mümkün hesab olunmur. İş materiallarında olan AR X5 DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müvafiq sorğusuna cavab olaraq ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli 71 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı xx xxxx 1980-ci il tarixdən x xxxxxx 1999-cu il tarixədək AR Ticarət və Sənaye Palatası “Azərbekspertiza” Birliyində ekspert vəzifəsində işləmişdir. Ticarət və X6 Heyətinin xx xxxx 1994-cü il tarixli qərarına əsasən Təsərrüfat Hesablı “Azərbekspertiza” firması “Azərbekspertiza” Birliyi adlandırılmışdır. İddiaçı 1994-cü ilin yanvar ayından 1998ci ilin dekabr ayınadək (5 il) cəmi 6.376.043, 14 manat əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanununun (Azərbaycan Respublikasının x xxxx 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının xx xxxx 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının x xxxxxx 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə x xxxx 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Həmin Qanunun 3-cü maddəsinə görə işçilərin Məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinin 2-ci ikinci hissəsinə görə uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edir ki, İddiaçı 1973 – 1999-cu illərdə işləməsini təsdiq edən arayış və əmək kitabçası, eləcə də hərbi xidmət keçməsini təsdiq edən hərbi bileti mövcuddur. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi hərbi bilet və həmin arayış mötəbər hesab olunur. Məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh inzibati orqan İddiaçı əmək kitabçasındakı qeyd üzrə əks olunan 1999-cu ilədək iş stajının 24 il 11 ay müddətinin sığorta stajına daxil edilməsini mümkün qiymətləndirmiş, lakin 25 illik sığorta stajının tamamlanması üçün zəruri olan 1 aylıq ödənmişli məzuniyyətdə olduğu dövrü həmin müddətə daxil etməmiş və bununla da iddiaçıya yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, hazırda qüvvədə olan AR Əmək Məcəlləsinin müddəaları iş stajına daxil edilən ödənişsiz məzuniyyət müddətlərinə müvafiq (hallardan asılı olaraq 7 təqvim gününədək, 1 ayadək və s.) məhdudiyyətlər qoysa da, x xxxx 1999-cu il tarixədək qüvvədə olmuş «Məzuniyyətlər haqqında» AR Qanununun 2, 3 və 14-cü maddələri ödənişsiz məzuniyyətlərin bir ayadək olan müddətlərinin işçinin əmək stajına daxil edilməsini nəzərdə tutmuşdur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr 1999-cu ilin iyul ayının 1-dən sonrakı dövrə aid olmadığından (iş materiallarında olan cədvələ əsasən 1999-cu il ərzində ona müvafiq məbləğlərdə əmək haqqı ödənilmişdir), Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri nəzərə alınaraq, iddiaçının 1 ayadək ödənişsiz məzuniyyətdə olduğu dövr onun əmək stajına daxildir. Digər tərəfdən də, iddiaçının 1973 – 1999-cu illər üzrə 25 illik əmək stajının 24 il 11 ay hissəsinin sığorta stajı kimi qəbul olunaraq, ödənişsiz məzuniyyətdə olduğu 1 ay müddəti həmin staja daxil edilməməklə ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından “mütənasiblik prinsipi”nə ziddir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 1955-ci il təvəllüdlü olduğundan və yuxarıda göstərilənlərə əsasən onun sığorta stajı ümumilikdə 25 ildən az olmadığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, inzibati orqqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun 1974 – 1976-cı illər üzrə hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun 1974 – 1976-cı illər üzrə hərbi xidmət müddəti sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar