Məhkəmə qərarları › İş №2-1(112)-6069/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6069/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6069/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiyanın fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 təyin edilmiş əmək pensiyasının (xüsusi şərtlərlə təyinat) xx.xx.2006-cı il tarixdə vəfatından sonra İddiaçı adına rəsmiləşdirilmiş əmək pensiyasına 2006-cı ildən etibarən hər il edilmiş əlavələrin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X4 - xx.xx.1960-cı il tarixdən etibarən “Stalinneft” Neft Mədən İdarəsinin 3 nömrəli Neft mədəni 1-ci dərəcəli köməkçi fəhlə vəzifəsində, xx.xx.1960-cı il tarixdən neft və qaz çıxartma üzrə 2-ci dərəcəli operator vəzifəsində,xx.xx.1961-ci il tarixdən təhsil alması ilə işdən azad olunmuş, xx.xx.1962-ci il tarixdən neft mədəni İİ sinif motros ştatına daxil olmuş, xx.xx.1966-cı il tarixdən NMİ-nin komsomol komitəsinin katibi vəzifəsinə seçilməsi ilə əlaqədar 26 Bakı Komissarları rayon komsomol komitəsinə köçürülmüş, xx.xx.1966-cı il tarixdən Bakı şəhəri 26 Bakı komissarları adına neft mədən idarəsinin komsomol komitəsindən azad olunmuş, katib vəzifəsinə seçilmiş, xx.xx.1968-ci il tarixdən Azərbaycan LKGİ-nin MK-yə işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1968-ci il tarixdən Azərbaycan LKGİ-nin MK-nin Təlimatçısı vəzifəsinə təsdiq edilmiş, xx.xx.1969-cu il tarixdən Azərbaycan LKGİnin Sumqayıt RK-nin birinci katibi seçilməsi ilə əlaqədar Azərbaycan LKGİ-nin təlimatçısı vəzifəsindən azad olunmuş, xx.xx.1973-cü il tarixdən başqa işə keçirilmə ilə əlaqədar tutduğu vəzifədən azad edilib, xx.xx.1973-cü il tarixdən kadrlar və rejim üzrə direktor köməkçisi vəzifəsinə qəbul edilib, xx.xx.1973-cü il tarixdən partiya işinə keçməsi ilə əalaqədar tutduğu vəzifədən azad edilib, xx.xx.1973-cü il tarixdən Azərbaycan KP-nın Əzizbəyov RK, Sovet Azərbaycanının 50 illiyi adına Bakı maşınqayırma komitəsinin katibi seçilib, xx.xx.1978-ci il tarixdən Əzizbəyov rayon partiya komitəsinin katibi seçilmiş, xx.xx.1982-ci il tarixdən sessiyada Bakı şəhər sovetinin sədr müavini vəzifəsinə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib, xx.xx.1982-ci il tarixdən XVİİİ çağırış Bakı şəhər X5 İcraiyyə Komitəsinin sədr müavini seçilib, xx.xx.1983-cü il tarixdən KP-nin Orconikidze RK-nın katibi vəzifəsinə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü il tarixdən rayon partiya komitəsinin birinci katibi seçilmiş, xx.xx.1989-cu il tarixdən Azərbaycan KP-nin MK-nin aparatına keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu il tarixdən Azərbaycan KP-nin MK-nin partiya və kadr işinin təşkili şöbəsinin səlahiyyətli təşkilatçısı vəzifəsinə təsdiq edilmiş, xx.xx.1990-cı tarixdən başqa işə keçirilməsi ilə əlaqədar Azərbaycan KP-nin MK-nın partiya və kadr işinin təşkili şöbəsinin səlahiyyətli təşkilatçısı vəzifəsindən azad edilmiş, xx.xx.1990-cı il tarixdən Bakı şəhəri X5 sədrinin birinci müavini vəzifəsinə seçilmiş, xx.xx.1991-ci il tarixdən Respublikanın partiya və sovet orqanlarında çoxillik fəal işinə görə Azərbaycan SSR fəxri fərmanı ilə təltif edilmiş, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının Ali Sovetinin Milli Məclisinin üzvü işlədiyinə əsasən Milli Məclisə müddətli işləməyə keçirilmiş, köhnə iş yeri və tutduğu vəzifəsi saxlanılmaqla, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Ali Soveti Milli Məclisinin üzvü seçilmiş, xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikasının yeni seçilmiş Milli Məclisinin işə başlaması ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin üzvü səlahiyyətlərinə xitam verilmiş, xx.xx.1995-ci il tarixdən Milli Məclisi üzvü səlahiyyətləri xitam olunduğundan öz vəzifəsinin icrasına qaytarılmış, xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikası yerli xalq deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1996-cı il tarixdən "xxxx" LTD ÇMMC-nin baş direktorunun 1-ci müavini təyin edilmiş, xx.xx.1996-cı il tarixdən başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1996-cı il tarixdən “Alko” LTD birgə müəssisəsinin direktoru olmuş, xx.xx.1999-cu il tarixdən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir. Mərhum əri X4 əmək pensiyaçısı olmuş, sağlığında 300 manat məbləğində əmək pensiyası təyin edilmiş, əmək pensiyasının düzgün təyin edilməməsi ilə bağlı DSMF-nin Nəsimi rayon şöbəsinə müraciətlər etmiş, xx.xx.2006-cı il tarixdə vəfatından sonra təyin edilmiş əmək pensiyası onun adına rəsmiləşdirilmiş, sonradan DSMF-nin Xətai rayon şöbəsinə müxtəlif vaxtlarda əmək pensiyasının yenidən hesablanması barədə müraciətlər etmiş, 2021-ci ilə qədər almış olduğu əmək pensiyası 565 manat məbləğində təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, müraciətinə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxıldıqdan sonra əmək pensiyasında 400 manat məbləğində artım edilmiş və nəticə etibarı ilə aylıq əmək pensiyası 965 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edilərək mərhum əri X2 təyin edilmiş əmək pensiyasını 2006-cı il tarixindən yenidən hesablanması (hər il əmək pensiyasına edilmiş artımlar nəzərə alınmaqla) və son 15 il ərzində ödənilməyən əmək pensiyasının artımlarının kompensasiyasının ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən **********2 nömrəli xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) Fondun Nəsimi rayon şöbəsi tərəfindən 15 mart 2006-cı il tarixdən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2006-cı il tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və son 15 il ərzində ödənilməyən əmək pensiyasının ödənilməsi tələbi ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda iddiaçının müraciəti əsasında aparılan araşdırma nəticəsində əmək pensiyasının 737,28 manatdan 968,13 manata artırıldığı qeyd olunmuşdur. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. İddiaçının keçmiş müddət üçün hesablanmış ümumilikdə 10966,43 manat fərq məbləği 2021-ci ilin iyun ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 296,39 manat) əmək pensiyası (968,13 manat) üzərinə əlavə olunmaqla (296,39+968,13=1264,52 manat) müvafiq kart hesabına köçürülür. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödənilir. Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay əmək pensiyasının məbləği ilə birgə ödənilir. Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına görə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir. Bunun nəticəsində hazırda iddiaçıya 296,39 (keçmiş dövr) + 968,13 (pensiya məbləği) + 96,8 (maddi yardım)=1361,33 manat əmək pensiyası ödənilir. İddiaçıya yenidən hesablama tələbinə dair müraciətindən Qanunvericiliyə uyğun olaraq əvvəlki 3 il üzrə ödəmə aparıldığından hazırkı iddia tələbi əsassızdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “mərhum ərim X1 xx.xx.2006-cı il tarixdə vəfatından sonra onun əmək pensiyasını almaq hüququ yarandığı gündən xx.xx.2018-ci il tarixədək hesablanmış, lakin ödənilməmiş əmək pensiyasının kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 2006-cı il tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və son 15 il ərzində ödənilməyən əmək pensiyasının ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Hazırda iddiaçı əmək pensiyasını almaq hüququ yarandığı gündən xx.xx.2018-ci il tarixədək fərq məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; 32.1-1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 32.1-2-ci maddəsinə (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiya) əsasən, bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ilk dəfə hesablanması, xx.xx.2019-cu il tarixdən sonra müraciət etmiş pensiyaçıların isə əmək pensiyasının yenidən hesablanması müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ... Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, pensiyanın yenidən hesablanması üçün xx.xx.2019-cu il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutü məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə, iddiaçının pensiyasının yenidən hesablanması, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq 3 il əvvəlki dövrdən – xx.xx.2018-ci il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının həmin tarixdən (xx.xx.2018-ci il) əvvəlki dövrlər üzrə tələbi əsassız hesab olunur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiyanın fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar