Məhkəmə qərarları › İş №2-1(112)-607/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-607/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-607/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı, Şəki rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs kimi cəlb edilməklə “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Şəki rayonunda doğulmuşdur. 2014-cü ildən ürək xəstəliyindən (Diaqnoz. Obstruktiv hipertrofik kardiomiopatiya, hipertrofık obstruktiv kardiomiopatiya, Durğunluq ürək çatışmazlığı, QDÇ 2 və 3-cii FS, digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması, aşağı ətrafın bir neçə nahiyələrinin açıq yaralan, sağ qasıq və sarğı nahiyəsinin köhnə qəlpə çapığı, miopiya, zəif dərəcəli miopiya, hipertenziya, arterial hipertenziya 3-cü dərəcə yüksək əlavə risk, hiporteniya xəstəliyi 2-ci mərhələ) əziyyət çəkir və mütəmadi olaraq stasionar və ambulator müalicə alır. Hətta “hipertrofik obstruktiv kardiomiopatiya. Ürək ritminin mədəcik ekstrasistoliyası tipli davamlı pozulması. 2-ci funksional sinif ürək çatışmazlığı. Hər iki gözün miopiyası. Vegetativ damar distoniyası” xəstəliyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi xidmətdə olarkən 08 avqust 2017-ci il tarixli hərbi həkim komissiyasının 2103 saylı arayışına əsasən Ordu Sıralarından həm sülh dövründə, həm də müharibə dövründə yararsız hesab edilərək, tərxis olunmuşdur. 15.02.2019-cu il tarixdə Şəki rayon Mərkəzi xəstəxanası tərəfindən Forma-88 yazılaraq TSERAS-a göndərilmiş, TSEK tərəfindən müalicə etdirilsin cavabı verilmişdir. Yenidən müayinə və müalicədə olunmuş, səhhətində hər hansı irəlləyiş olmadığı üçün 14.05.2019-cu ildə Şəki rayon Mərkəzi xəstəxanası tərəfindən yenidən Forma-88 yazılaraq TSERAS-a göndərilmiş, TSEK tərəfindən müalicə Forma-88 natamam doldurulub cavabı verilmişdir. Son olaraq 24.12.2019-ci ildə Şəki rayon Mərkəzi xəstəxanası yenidən Forma-88 yazaraq TSERAS-a göndərmiş TSEK 15.01.2020-ci il tarixdə cavab verərək müalicə davam etdirilsin cavabını vermişdir. Həm rayon xəstəxanası həm də TSEK ona əlillik dərəcəsi vermək üçün süründürməçilik etməklə bərabər onun hüquqlarını da kobud surətdə pozurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHMF saylı göndərişi əsasında 27.02.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHMF saylı göndərişin təhlili göstərdi ki, xəstəlik 04.12.2014-cü il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Obstruktiv hipertrofik kardiomiopatiya, Hipertrofik obstruktiv kardiomiopatiya" xəstəliyi, ağırlaşma kimi isə “Durğunluq ürək çatmamazlığı, Xroniki ürək çatmamazlıgı ll-lll f.s. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması” xəstəlikləri qeyd edilmişdir. Göndərişdə ağırlaşmada qeyd edilmiş “ll-lll f.s. ürək çatmamazlığı” diaqnozu köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHQ2 saylı göndərişi əsasında 12.06.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHQ2 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik 04.12.2014-cü il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Obstruktiv hipertrofik kardiomiopatiya, Hipertrofik obstruktiv kardiomiopatiya" xəstəliyi, ağırlaşma kimi isə “Durğunluq ürək çatmamazlığı, Durğunluq ürək çatmamazlığı, QDÇ ll-lll f.s. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Urək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması” xəstəlikləri qeyd edilmişdir. Bu göndərişdə ağırlaşmada qeyd edilmiş “ll-lll f.s. ürək çatmamazlığı" diaqnozu köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAH22 saylı göndərişi əsasında 30.12.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAH22 saylı göndərişin təhlili göstərdi ki, bu göndərişdə də əlilliyin təyininə əsas verən ağırlaşma - “Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ f.s." köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmçinin Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1. bəndinə görə “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı'' olduğu hallar ikinci dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsi tərəfindən İddiaçı rəsmiləşdirilmiş hər üç göndərişdə əlilliyin təyininə əsas verən qan dövranının davamlı olaraq ikinci dərəcə çatmamazlığı köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadı ilə, Şəki rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı ilə, iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1977-ci ildə Şəki şəhərində doğulmuş İddiaçı 2-ci dərəcəli əlilliyinin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2- 1(103)-1353/2021 nömrəli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Şəki Rayon X3 hüquqi şəxsi) ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən “məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının ikinci qrup əlilliyin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması” barədə natamam qərar qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə qərarının icra oluna bilməsi onun nəticə hissəsinin anlaşılan və konkret fikir ifadə etməsindən irəli gəlir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən hüquqi mövqeyini əsaslandırmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki rayon X3 Hüquqi şəxsi tərəfindən sonuncu dəfə 30 dekabr 2019-cu il tarixli 0344003AAH22 saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Diqanoz: Əlavə müalicəyə ehtiyacın olması Əsas, diqanozun fəsadlarını (ÜÇ) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 364/2020 saylı (ekspertizanın başlanma tarixi 29 oktyabr 2020-ci il, başa çatma tarixi 28 dekabr 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı Şəki RMX-nın poliklinika şöbəsində və Elmi-Tədqiqat Kardiologiya institutunun konsultativpoliklinika şöbəsində müəyyən edilmiş “hipertrofik obstruktiv kardiomiopatiya, ürək ritminin mədəcik ekstrasistoliya tipli davamlı pozulması, arterial hipertenziya İİ dərəcə, qan- damar çatmamazlığı İİ funksional sinif, MÇ-İİ dərəcə, TÇ-İ dərəcə, hər iki gözün miopiyası, sağ sağrı nahiyəsinin dəlib-keçən güllə yarası, hərəkətin mülayim pozğunluğu” diaqnozu onun 11.12.2020-ci il tarixdə təkrarən Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinələri zamanı bir daha təsdiq olunmuşdur. Əsas diaqnozun (xəstəliklərin) fəsadı olan qan-damar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşkar edilir ki, bunun da dəqiqləşdirilməsi üçün əlavə müalicə tələb olunmur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsinin 0344003AAH22 saylı göndəriş əsasında göndərilmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ikinci dərəcə əlilliyin təyin olunmasını istəyir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən, Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyası): 1.4-cü bənində əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; 4.1-ci bənində əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bənində əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.4-cü bənində əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir; 4.9-cu bənində əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür; 4.23-cü bənində əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEKin çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; 4.24-cü bənində əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir; 4.25-cü bənində əsasən, araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir; 4.26-cü bənində əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 1.5-ci bəndinə əsasən, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir; 1.2-ci bəndinə əsasən, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulatorpoliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. 1.3-cü bəndinə əsasən, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: 1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması; 1.3.2. əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra əlillik) müddətinin bitməsi; 1.3.3. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.3.4. şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi; 1.3.5. əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması; 1.3.6. xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi. 2.2-ci bəndinə əsasən, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Məhkəmə araşdırması zamanı iş materialları, o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda əsas diaqnozun (xəstəliklərin) fəsadı olan qan-damar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşkar edilir ki, bunun da dəqiqləşdirilməsi üçün əlavə müalicə tələb olunmur. Göründüyü kimi, cavabdehin iddiaya dair etirazında qeyd etdiyi dəlillər (ağırlaşmaların stasionar şəraitdə müayinə ilə dəqiqləşdirilməsi üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması) ekspert rəyi ilə təkzib olunur. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli 0344003AAH22 saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli 0344003AAH22 saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar