Məhkəmə qərarları › İş №2-1(112)-6070/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6070/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6070/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X17 massivi (1), bina 9, mənzil 87 ünvanından çıxarılmağına dair hərəkətlərdən çəkinmək öhdəliyinin qoyulması və həmin hərəkətlərin onun hüquqlarını pozan qanunsuz müdaxilə kimi qiymətləndirilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Binəqədi rayonu ərazisində məskunlaşdığı yataqxanadan məcburi köçkün kimi qeydiyyatdan çıxarılıb məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə sektoruna, X1na verilmiş Qaradağ rayonu, X17 Massivi 1, bina 9, mənzil 87 ünvanına müvəqqəti qeydiyyata alınması vəsifəsinin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Füzuli rayonunda anadan olub və məlum hadisələrlə bağlı məcburi köçkün kimi 1993-cü il tarixdən Bakı şəhərində yerləşən yataqxanalarda dözülməz şəraitdə yaşamağa məcbur olublar. Belə ki, Binəqədi rayonu ərazisində məcburi köçkün kimi müvəqqəti olaraq qeydiyyatdadır. Əlavə olaraq bildirir ki, ailə üzvlərilə münasibəti korlandığı üçün Füzuli rayon Məhkəməsinin 2(064)- 503/2021 nömrəli 29 mart 2021-ci il tarixli qətnaməsilə yoldaşı X9 ilə olan nikahı pozulmuşdur. Bu səbəbdən də, Binəqədi rayonu ərazisində məskunlaşdıqları yataqxanada keçmiş arvadı və iki yetkinlik yaşına çatmış oğlu yaşayır. Nikahlarının pozulması səbəbindən həmin şəxslərlə münasibəti dözülməzdir, faktiki olaraq onun həmin mənzildən başqa qalmağa evi yoxdur. Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması haqqında qəbul etdiyi dövlət proqramına uyğun olaraq onlara da, yəni ailə üzvlərinə-ata-anasına yaşaması üçün Qaradağ rayonu, X17 Massivində mənzil verilmişdir və həmin mənzildə bu günə qədər yaşamaqda davam edir. X1 13.02.2021-ci il tarixdə vəfat etdikdən sonra onun üçün vəziyyət çətinləşib. Anası vəfat etməmişdən əvvəl də o anası ilə birlikdə yaşayıb və bunu həmin binada yaşayan bütün sakinlər də təsdiq edə bilər. Belə ki, özünü Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Qaradağ rayonu, X17 Massivi üzrə Mənzil Kommunal Təşkilatının nümayəndəsi kimi təqdim edən Xalid adlı şəxs anasının və onun yaşadığı yuxarıda göstərilən ünvanda yerləşən mənzilin təcili olaraq boşaldılmasını tələb edir. Bunun qanunsuz olmasını ona dəfələrlə izah etdikdə ona bildirir ki, bu əmri Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev vermişdir, əgər bu mənzili boşaldıb təhvil verməsə, onun barədə tədbir görüləcək, mənzil ondan alınaraq başqa adama veriləcəkdir. Dəfələrlə ona Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevin adından hədə-qorxu gələrək mənzilin boşaldılmasını, əgər boşaltmasa, ona məxsus əşyaların polis vasitəsilə onun xəbəri olmadan çölə tökəcəyi ilə hədə-qorxu gələrək onu təhdid altında saxlamaqla ona qarşı psixoloji tədbirlərini davam etdirir.

3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmənin 07.06.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X17 massivi 1, bina 9, mənzil 87 ünvanından çıxarılmağına dair hərəkətlərdən çəkinməyi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə edilməsi və həmin hərəkətlərin onun hüquqlarını pozan qanunsuz müdaxilə kimi qiymətləndirilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Cavabdeh dəyişdirilmiş iddia tələbinə yazılı etiraz təqdim etdi. Etirazda bildirilir ki, İddiaçı iddia tələbi tam əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış QobuPark 1 yaşayı kompleksindəki bina 9da yerləşən 87 nömrəli mənzilin kirayə müqaviləsində İddiaçı adı qeyd edilməmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu A.Gəraybəyli küçəsi 4 saylı yatanxanada qeydiyyatdadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. QobuPark 1 yaşayış kompleksində bina 9-da yerləşən 87 nömrəli mənzil xüsusu təyinatlı kirayə müqaviləsi əsasında X3 yaşamaq üçün verilmiş və o, sözügedən mənzildə bir müddət yaşadıqdan sonra 13.02.2021-ci il tarixində vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 3.6-cı maddəsinə əsasən məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Gilas Əhmədova vəfat etdikdən sonra 87 nömrəli mənzilə İddiaçı qeyri-qanuni olaraq yerləşdiyindən ona mənzilli könüllü boşaltması barədə xəbərdarlıq edilmiş və əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı qarşı hüquqlarını pozan heç bir müdaxilə edilməmiş, əksinə qanun çərçivəsində etdiyi hərəkətin qanunsuz olduğu diqqətinə çatdırılmışdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, Qubadlı rayonundan məcburi köçkündür, həmin binada 88 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır, İddiaçı yataqxanada onun qonşusudur, hər ikimiz eyni mərtəbədə, yəni 1-ci mərtəbədə qalırlar. O, 2 ildən artıqdır ki, həmin yataqxanada yaşayı. İddiaçı ondan qabaq da həmin yataqxanada anası ilə bir yerdə yaşayırdı. Anası rəhmətə getdikdən sonra da iddiaçı həmin mənzildə yaşayır.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Kəlbəcər rayonundan məcburi köçkündür, həmin binada 89 nömrəli mənzildə ailəsi ilə birlikdə 3 ildir ki, həmin yataqxanada yaşayır. İddiaçı ondan qabaq həmin yataqxananın 87 nömrəli mənzilində anası ilə birgə yaşayırdı. Anası rəhmətə getdikdən sonra da iddiaçı həmin mənzildə yaşayır.

II. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. İddiaçı 1970-ci ildə Füzuli rayonunda anadan olub, Füzuli rayonundan məcburi köçkündür.

13. CMS-AZEMİS məlumat axtarış sistemindən çıxarışa əsasən, İddiaçı Füzuli rayonu 25 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 39-cu aşırım 4 saylə fəhlə yataqxanası, otaq 80 üzrə müvvəqqəti qeydiyyatdadır.

14. Məcburi köçkünlərin miqrasiyasının qeydiyyata alınması haqqında arayışa əsasən, X5 (iddiaçının anası) Füzuli rayonundan məcburi köçkün kimi Qaradağ rayonu, X17 Massivi 1, bina 9, mənzil 87 ilə təmin edilib.

15. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 20.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, X1nın adına verilmiş bina 9, mənzil 87, 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsi barədə ərizəyə baxılmışdır. Mənzil tək olaraq X2 adına verilmiş və 13.02.2021-ci il tarixdə vəfat etmişdir. Mövcud qanunvericiliyə əsasən dövlət tədbirləri əsasında məcburi köçkünlər üçün salınmış yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid olmaqla dövlət mülkiyyətindədir. Həmin mənzil fondunun istismarının idarəçiliyi Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə məxsusdur. Bu səbəbdən 87 nömrəli mənzilin adına sənədləşdirilməsi imkan xaricindədir.

16. Füzuli rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsinə əsasən, X9 ilə İddiaçı arasında bağlanmış 05.10.1996-cı il tarixli 5 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

17. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

18. Həmin Əsasnamənin 3.17-ci bəndinə əsasən, Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş və Komitənin balansına götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.5-ci maddəsinəəsasən, sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.

21. Məhkəmə qeyd edir ki, müdaxiləni (Qaradağ rayonu, X17 Massivi 1, bina 9, mənzil 87 ünvanından çıxarılmasını) zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh qurum sübut etməmişdir, mənzildə yaşayan kirayəçinin (iddiaçının anasının) vəfatı ilə əlaqədar mənzilin boşaldılmalı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin yaşayış sahəsində iddiaçının anası (X5) tənha yaşamamış, oğlu olan İddiaçı ilə birlikdə yaşamışdır.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

23. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

24. X15 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

25. X15 Məhkəməsinin presedent hüququna əsasən, “mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsinin olduğu məkanı bildirir (Nimetz Almaniyaya qarşı; Prokopoviç Rusiyaya qarşı; Xalikova Azərbaycana qarşı). Məhkəmə hesab edir ki, həmin mənzil X15 Konvensiyanın 8-ci maddəsi baxımından iddiaçının evidir və odur ki, həyata keçiriləcək müdaxilə həmin normanın məqsədlərinə xidmət etməklə ona uyğun olmalıdır. Yəni müdaxilə qanuni olmalı, qanuni məqsəd daşımalı və demokratik cəmiyyətdə zəruri olmalıdır.

26. Odur ki, məhkəmə qeyd edir ki, məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi cavabdeh qurumun iddiaçını həmin mənzildən çıxarılmasına dair müdaxiləsi (olduğu təqdirdə) qanuni olmalı (məhkəmə qərarı əsasında həyata keçirilməli), qanuni məqsəd daşımalı (həmin qanuni məqsəd cavabdeh qurum tərəfindən əsaslandırılmalıdır) və demokratik cəmiyyətdə zəruri olmalıdır (iddiaçının fərdi halları nəzərə alınmaqla mütənasib tədbirlər görülməklə həyata keçirilməlidir).

27. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, X17 massivi (1), bina 9, mənzil 87 ünvanından çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar