Məhkəmə qərarları › İş №2-1(112)-6074/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6074/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6074/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair ½ hissədə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair ½ hissədə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, döngə 2, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, döngə 2, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi 18 iyun 1988-ci il tarixdə vəfat etmiş mərhum nənəsi Sona İsa qızına məxsus olmuşdur. O, 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət edərək vərəsəlik işi açdırmışdır. Bundan sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, döngə 2, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarışın verilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq cavabdeh tərəfindən 07 yanvar 2024-cü il tarixli **********38 saylı imtina məktubu göndərilmişdir. Ərizəsinə əlavə etdiyi sənədlər qanuna müvafiq olsa da, cavabdeh təşkilat qeyd olunan yaşayış evinin dövlət reyestrində qeydiyyata almaqdan əsassız olaraq imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə riayət etsə də, həmin qanunun 15-ci maddəsində göstərlən əsaslar olmadan cavabdeh onun müraciətindən imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə mülkiyyət hüququnun ölmüş şəxsə (X8) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********38 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”a uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Ə1665-8/2023 **********38 nömrəli məktubla imtina edilmişdir.

9. Bakı Şəhər İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1962ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasporta əsasən Bakı şəhəri, Maştağa qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 2, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə dair Sona İsa qızı və Firuzə Qəzənfər qızının adına texniki pasport tərtib edilmişdir.

10. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli 861 nömrəli məktuba əsasən İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1988-ci il tarixdə vəfat etmiş Sona İsa qızından qalmış miras əmlaka (Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfidən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-10091/2024 **********91 nömrəli məktula bildirilmişdir ki, ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, lakin, döngə 2, ev 15 a fərdi yaşayış evi X1 və Sona İsa qızının adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir (müvafiq sənədlər əlavə edilmişdir). Həmçinin, X4 və X2 mülkiyyətlərində olan Bakı şəhəri, Sabunçu rayonu, M.Mirəliyev (C.Cabbarov) küçəsi, döngə 2, ev 15 (Yeni qaydalarla: ünvan 5 ünvanına və Teyyub İsrafil oğlunun mülkiyyətində olan ünvan 6 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri, eyni zamanda sözügedən ünvanlarda yerləşən qeydiyyatdan keçməyən fərdi yaşayış evlərinə dair tərtib edilmiş texniki pasportların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-333894/2024 **********94 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 2, 15 saylı fərdi yaşayış evinə dair sənədlərin və müayinə aktının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-46597/2024 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, döngə 2, 15 a saylı fərdi yaşayış evinin ½ hissəsi X3, ½ hissəsi isə Sona İsa qızının adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, döngə 2, 15 a saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, döngə 2, 15 a saylı fərdi yaşayış evinin ½ hissəsini iddiaçının mərhum nənəsi Sona İsa qızı notarial qaydada təsdiq edilmiş 12 aprel 1965-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir və həmin müqavilə əsasında sözügedən fərdi yaşayış evinin ½ hissəsi X3, ½ hissəsi isə Sona İsa qızının adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

21. İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş məktuba əsasən Sona İsa qızının vərəsəsidir. İddiaçı həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən texniki pasportun Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilməsinə, həmin fərdi yaşayış evinə dair Bakı Şəhər İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1962-ci il tarixdə, Sona İsa qızı və Firuzə Qəzənfər qızının adına tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasportda ünvan ünvan 7nvanların dəqiqləşdirilməsi məqsədilə cavabdehin nümayəndələrinə iddiaçı tərəfindən şərait yaradılmamasına, bununla da, yerli müayinə aparılaraq ünvanların dəqiqləşdirilməsinin mümkün olmadığına istinad edilməklə imtina edilmişdir.

22. İşin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qanuni olaraq iddiaçının mərhum nənəsinin və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Cavabdehin imtinasının əsaslarından biri texniki pasportun Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilməsi olmuşdur ki, məhkəmə cavabdehin həmin dəlilini qanunvericiliyin aşağıdakı normalarına istinad etməklə qanunsuz və əsassız sayır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bənində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir.

26. Qeyd olunanlardan əlavə, işin təkzib olunmaz hallarından göründüyü kimi, iddiaçının mərhum nənəsi Sona İsa qızı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı (hazırda Mirəli Mirəliyev) küçəsi, döngə 2, 15 a saylı fərdi yaşayış evinin ½ hissəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir və həmin müqavilə əsasında sözügedən fərdi yaşayış evinin ½ hissəsi X3, ½ hissəsi isə Sona İsa qızının adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Belə olan təqdirdə cavabdehin özündə həmin ünvana dair mövcud alqı-satqı müqaviləsinin olmasına və həmin ünvanda yerləşən daşınmaz əmlak mülkiyyət hüququ ilə Sona İsa qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş olmasına baxmayaraq iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsasları tamamilə formal, qanunsuz və əsassız olmuşdur.

27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçının mərhum nənəsinin mübahisəli fərdi yaşayış evi üzərində hüquqları qeydə alınmış olduğundan, iddiaçının sözügedən fərdi yaşayış evinə dair ½ hissədə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın əldə edilməsi üçün qanuni əsasları olmuşdur.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

30. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və Sona İsa qızının vərəsəsi İddiaçı Abbas oğluna bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

32. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

33. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə mülkiyyət hüququnun ölmüş şəxsə (X8) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar