Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6074/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X9 və X12) “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1146 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 mart 1989-ci il tarixdə Bağ sahəsinin və uzun müddətli kirayə verilməsi üçün 16590 nömrəli Müqaviləyə əsasən Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən bağ sahəsi X5 verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları adlandırılan, sahəsi 0.25 hektar olan 26.45 kv.metrlik mənzili, 1147 №-li bağ sahəsini köməkçi tikintilərlə birlikdə müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsi müvafiq olaraq icarəyə verilmiş və təhvil alınmışdır. Lakin bağlar idarəsi tərəfindən 1255/1146 №-li torpaq sahəsinə dair iddiaçıya yerləşmə sxemi verilmişdir. Azərbaycan Respublikasını Ədliyyə Nazirliyi 14 saylı notariat ofisi tərəfindən 15 noyabr 2024-ci il tarixdə X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi müraciət olunmuşdur. İddiaçı bildirir ki, 10 mart 1989-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi 1147 kimi göstərilsə də, iddiaçıya təqdim olunmuş daşınmaz əmlakın arxivindən eskiz lahiyənin möhüründə 1146 qeyd olunmuşdur. Cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təminindən imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və **********81 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sərhədləri şərtidir və sahədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə uyğun hasarlanma işləri aparılmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd edir ki, 10 mart 1989-cu il tarixli müqavilədə bağ nömrəsinin 1147, ona təqdim olunmuş eskiz layihənin möhüründə 1146 qeyd olunmuşdur. 1147 saylı bağ sahəsi15988 nömrəli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan bölünmüşdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 və X12 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X4 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1968-ci il tarixli, 16590 nömrəli müqaviləsindən görünür ki, Ləhiş bağlar massivində olan 1255 nömrəli sahəsi 0,25 ha olan bağ sahəsi iddiaçıya ayrılmışdır. X4 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1979-cu il tarixli, 16590 nömrəli müqaviləsindən görünür ki, Ləhiş bağlar massivində olan 1256/1147 nömrəli sahəsi 0,25 ha olan bağ sahəsi iddiaçıya ayrılmışdır. X4 və İstismarı Birliyi ilə X7 arasında bağlanmış Bağ sahəsinin və tikintilərinin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1989-cu il tarixli, 16590 nömrəli müqaviləsindən görünür ki, Ləhiş bağlar massivində olan 1147 nömrəli sahəsi 0,25 ha olan bağ sahəsi iddiaçıya ayrılmışdır. ünvan ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda xx.xx.1996-cı il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən torpaq sahəsinə dair miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən sorğuya cavab məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1147 saylı bağ sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1147 saylı bağ sahəsinin bir hissəsini Əsgər-zadə Mehdi Seyfulla oğluna bağışlamışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Əsgər-zadə Mehdi Seyfulla oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1147 saylı bağ sahəsinin bir hissəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1147 saylı bağ sahəsinin bir hissəsi üzərində X8 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. X9 və X12 məhkəməyə daxil olmuş ərizələrində bildirmişlər ki, 1147 saylı bağ sahəsi onlara məxsusdur. İş üzrə üçüncü şəxs qismində cəlb edildikdən sonra 1146 nömrəli bağın sahibinin nümayəndəsi ilə görüşmüş və yerində məsələni araşdırmışlar. Aydmlaşdırmışlar ki, bizim aralarında mübahisə doğuracaq heç bir məsələ yoxdur. Belə ki, hər kəsin ayrıca yerləşmə yeri olan öz torpaq sahəsi vardır, eləcə də ayrıca və müstəqil yolları vardır. Torpaq sahələri üst-üstə düşmür. Aralarında heç bir problem yoxdur. Sadəcə rəqəmlərdə uyğunsuzluq vardır ki, bunu da məhkəmə yolu ilə aradan qaldırmaq lazımdır. Belə ki,iddiaçıya məxsus ilkin sənədlərdə “1147” rəqəmi keçir. Amma son sənədlərində nömrə “1146”-dır. Hesab edirlər ki, bu sənədlərdə olan texniki səhvdir ki, bunu da cavabdeh orqanın özü aradan qaldırmalıdır. Onların bağ sahələrinin nömrəsi “1147”-dir. İddiaçının bağ sahəsinin nömrəsi isə özünün məhkəməyə ərizəsində ifadə etdiyi kimi “1146”-dır. Halhazırda, iddiaçının özünə aid bağ sahəsinin qeydiyyatına, ona müstəqil ünvan və ayrıca nömrə (1146 və yaxud başqa bir nömrə) verilməsinə etirazları yoxdur. Xahiş edirlər ki, məhkəmə iclasları onların iştirakları olmadan keçirilsin və mübahisənin aradan qaldırılmasına dair qərar qəbul olunsun. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı X4 və İstismarı Birliyi ilə bağlanmış müqaviləyə əsasən ayrılmış torpaq sahəsinin mərhum X5 məxsus olması barədə arayış verilməsini istəyir. İddiaçı öz tələbinin əsası kimi xx.xx.1989-cu il tarixli müqaviləyə əsaslanmışdır ki, həmin müqavilənin həqiqiliyi mübahisə mövzusu deyildir. Belə ki, həmin müqavilə cavabdehin arxiv sənədlər arasında da mövcuddur. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, torpaq sahəsinin sərhədləri şərtidir və sahədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə uyğun hasarlanma işləri aparılmamış, bundan başqa 10 mart 1989-cu il tarixli müqavilədə bağ nömrəsi 1147 kimi, ona təqdim olunmuş eskiz layihənin möhüründə isə 1146 kimi göstərilmişdir. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin imtina məktubunda göstərilənlər idddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Ərazidə hasarlamanın aparılmaması iddiaçının ziyanına şərh edilə bilməz. Digər tərəfdən isə, 1147 nömrəli bağ sahəsinin artıq digər şəxsin adına qeydiyyatdan keçməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iş materiallarından da göründüyü kimi iddia olunan bağ sahəsi müqavilədə ilk öncə 1255, daha sonra 1256/1147, ən sonda isə 1147 nömrə altında göstərilmişdir. Göründüyü kimi bağ sahəsinin nömrəsi ilə bağlı müqavilələrdə dəyişikliklər olmuş, bu hallar bağ sahələrinin bölünməsindən meydana gəlmişdir ki, sonuncu müqavilədə bağ sahəsinin nömrəsinin 1147 kimi göstərilmişdir. Lakin bu hal iddia olunan bağ sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan bağ sahəsinin üst-üstə düşməsi qənaətinə gəlmək üçün əsas vermir. Müqavilədə bağ sahəsinin nömrəsi 1147 kimi göstərilsə də, mövcud olan eskiz layihəsində həmin bağ sahəsinin nömrəsi 1146 kimi göstərilmişdir. Məhkəmə, bağ nömrəsi ilə bağlı uyğunsuzluğu texniki xəta kimi qiymətləndirir. Eyni zamanda üçüncü şəxslər də məhkəməyə təqdim etdikləri ərizələrində onlara məxsus torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiklərini bildirmişlər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1146 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1146 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6074/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6074/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver