Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6075/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi kimi çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi kimi çıxarışın verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla əmlaka çıxarışın və texniki pasportun verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, sözügedən əmlak ilə bağlı eskiz layihəsi hazırlanmış və eskiz layihəyə uyğun olaraq mənzilin küçəyə baxan pəncərəsinin qapı ilə əvəz olunması ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Müvafiq olaraq qeyd edilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh onun müraciətinə rəsmi cavab verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı, qəbul komissiyasının aktı, eskiz layihə təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxışı zamanı mənzilin arakəsmə divarlarının sökülərək, binanın konturundan kənarda əlavə tikilinin inşa edildiyi və 2 ədəd qapı oyuğu açılaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulur və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək məhkəmədən ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə məxsus 68.4 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən rəsmi imtina məktubunun verilməməsi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi mənasını kəsb etmir. Belə ki, cavabdehin yazılı etirazından da görünür ki, İddiaçı müvafiq tələb ilə bağlı 31.01.2021, 18.02.2022 və 16.03.2022-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Göründüyü kim, cavabdeh inzibati orqan iddiaçı tərəfindən rəsmi müraciət edildiyini təsdiq etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırki iddia növü üzrə mümkünlük şərtləri ödənilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 7 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ yaranmışdır. İddiaçı hazırda razılaşdırılmış layihə əsasında inşa edilmiş və icra hakimiyyətinin sərəncamı əsasında sənədləşdirilməsinə icazə verilmiş mənzilin qeyri-yaşayış sahəsinə çevirməklə üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə ilkin olaraq ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilin qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsinə yol verilbverilməməsini araşdırmalıdır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaş-dırılma-sının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki,hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Məhkəmə bildirir ki, cavabdehin etiraz ərizəsində irəli sürdüyü birinci əsas aşağdaki qanunvericiliyin müddəalarına görə qanunazidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.10-cu maddəsinə əsasən, keçirilmiş sahə yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24.05.2010-cu il tarixli Fərmanıın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Şərh olunan qanunvericiliiyin normalarından görünndüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə yalnız Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Bu zaman mühüm olan əsas şərtlər onlardı ki, yaşayış sahəsi qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verməli, həmçinin sahə konstruktiv cəhətdən qeyri-yaşayış sahəsi kimi istifadə üçün təminat etməli və müvafiq icra hakimiyyəti orqanları tərəfindən istifadəsinə icazə verilməlidir. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məlum olduğu kimi, cavabdeh tərəfindən mübahisələndirilən məsələ məhz mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın olmaması ilə bağlıdır. Halbuki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş 19.12.1997-ci il tarixli, 758 saylı sərəncam sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsini təsdiqləyən inzibati akt sayılır. Belə ki, həmin sərəncam ilə vətəndaş E.Q.Ələkbərova ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilinin küçəyə baxan pəncərənin oyularaq qapı ilə əvəz edilməsinə icazə verilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin müddəalarını rəhbər tutaraq bildirir ki, inzibati aktın aydın və anlayışlı olması mühim olan şərtlərdən biridir. Sərəncamda birbaşa olaraq, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi göstərilməsə də, həmin sərəncam sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə xarakteri daşıyır. Beləliklə, sözügedən sərəncamın Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan qərar kimi qiymətləndirilməməsi formal xarakter daşıyır və iddiaçının hüquqlarının pozulmasına yönələn hərəkət sayılır. Bundan savayi isə, ünvan 2 ünvanında yerləşən 7 saylı mənzili ilə bağlı eskiz layihəsi Nərimanov rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış, həmçinin də hazırda həmin əmlak ilə bağlı eskiz layihəsi tərtib olunmuşdur. Sadalanmış hallar ona dəlalət edir ki, mübahisə predmetini təşkil edən əmlak Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam əsasında keçirilmiş konstruktiv dəyişiklikdən sonra belə qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən sərəncamın mötəbərliyi şübhə doğurmamaqla yanaşı, həmçinin köhnə Mənzil Məcəlləsinin tələblərinə də uyğundur. Belə ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 8-ci maddəsinə görə yaşamağa yararlı yaşayış evlərinin, dövlət və ictimai mənzil fondunun evlərində yaşamağa yararlı yaşayış sahələrinin qeyriyaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilməsinə, bir qayda olaraq yol verilmir. Müstəsna hallarda yaşayış evləri və yaşayış sahələri bu Məcəllənin 7-ci maddəsində göstərilən orqanların qərarı ilə qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə keçirilə bilər. İdarə və ictimai mənzil fondunun yaşayış evləri və yaşayış sahələri qeyri-yaşayış evlərinə və qeyri-yaşayış sahələrinə müvafiq nazirliklərin, dövlət komitələrinin, baş idarələrin və ictimai təşkilatların mərkəzi orqanlarının təklifləri ilə keçirilir. Göründüyü kimi, sərəncamın verildiyi dövrdə, yəni 1997-ci ildə Mənzil Məcəlləsinin köhnə redaksiyası qüvvədə olmuşdur ki, həmin Məcəllənin müddəalarının tələbləri baxımından yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq qərar əsasında həyata keçirilirdi ki, bura da Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncam, qərarın özündə əks etdirdiyi bütün səciyyəvi xüsuslara malikdir. Bununla da bir mənalı olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün mötəbər akt hesab olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, Sərəncam əsasında mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinin iddiaçıya deyil də, digər şəxsə icazə verilməsi hazırki mübahisənin həllində hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, yuxarıda sadalanmış sənədlərdən də göründüyü kimi Sərəncam 1998-ci ildə qəbul edilmiş, iddiaçının isə həmin mənzil üzərində mülkiyyət hüquqları 2006-cı il tarixdə qeydiyyata alınmışdır ki (qeydiyyat vəsiqəsi əsasında), bu hal özlüyündə mənzilin Sərəncam ayrıldığı vaxtda iddiaçının mülkiyyətində olmaması ehtimalını yaradır. Başqa sözlə desək, Sərəncamın iddiaçının adına olmaması iddiaçının ziyanına şərh edilmir. Məhkəmə cavabdehin irəli sürdüyü ikinci hissəyə münasibətdə aşağıdakiları bildirir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisi sayılır. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxs həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmək hüququna malik olur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək müəyyən etdi ki, mübahisə predmetini təşkil edən əmlak yalnız iddiaçıya məxsusdur. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş Sərəncam, mənzilə dair qeydiyyat vəsiqəsi və eskiz layihəsi ona dəlalət edir ki, mübahisə predmetini təşkil edən əmlakın yerləşdiyi torpaq sahəsi digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarətdir. Belə olan halda, cavabdehin irəli sürdüyü bu dəlil iddiaçının müraciəti üzrə imtina əsası deyidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci, 2.0.3-cü və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə bildiriri ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Beləliklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqları təsdiq olunduğundan, həmçinin əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsi Əsasnaməyə görə cavabdeh inzibati orqanın vəzifəsi olduğundan, hazırki iddia tələbi texniki pasportun verilməsi hissəsində də təmin olunmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilin, ümumi sahəsi 68,4 kv.m olmaqla, qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilin, ümumi sahəsi 68,4 kv.m olmaqla, qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6075/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6075/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver