Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6076/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiya təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X15 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək olan əmək stajını onun sosial sığorta stajma əlavə edilməklə X1 vəfat etdiyi gündən, yəni 30.12.2020-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və X1 yetkinlik yaşına çatmayan oğlu X9 verilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 30 dekabr 2020-ci il tarixdə həyat yoldaşı X7 vəfat etmişdir. Azər Əliyevin vəfatı ilə əlaqədar ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və yetkinlik yaşına çatmayan övladları X9 verilməsi məqsədilə o, 2021-ci ilin yanvar ayında ərizə və müvafiq sənədlərlə birlikdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etdi, müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və 04 fevral 2021-ci il tarixdə həmin quruma daxil olmuşdur. Mərkəzi Filialın 05 mart 2021-ci il tarixli **********8 nömrəli məktubuna əsasən mərhum əri X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunan məktub ona 29 mart 2021-ci il tarixdə daxil olmuşdur. X15 əmək kitabçasında onun 02.07.1990-cı il tarixdən 03.08.1992-ci il tarixədək və 05.10.1992-ci il tarixdən 11.07.2005-ci il tarixədək müxtəlif iş yerlərində əmək fəaliyyəti əks olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab məktubunda qeyd etmişdir ki, X15 ИТ-İ № ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən onun sığorta stajı 01.01.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il 4 ay müddətindən az olduğundan ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Belə ki, X15 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün "həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından" mümkün olmamışdır. Hesab edirəm ki, X15 əmək kitabçasında əksi tapmış onun 04.01.1996-cı il tarixdən 11.07.2005-ci il tarixinədək əmək fəaliyyəti də həqiqi iş stajı kimi onun sosial sığorta stajına əlavə edilməklə X15 vəfat etdiyi gündən, yəni 30.12.2020ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi və X15 yetkinlik yaşma çatmayan oğluna verilməsi barədə qərar qəbul edilməlidir.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 05.03.2021-ci il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.2ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən maddənin tələblərinə uyğun olaraq bildiririk ki, əri X5 ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 01.01.2006-cı ilə kimi 5 il 1 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (10 il 4 aydan) azdır. Əlavə olaraq bildirilmişdir ki, Hüquq, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırmalar şöbəsinin xidməti məruzəsinə əsasən əri X5 04.01.1996-cı ıl tarixindən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanlara əsasən sizə əri X5 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini və iş üzrə növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 06.06.2021-ci il tarixli ərizədə bildirmişdir ki, məhkəmə iclarlarına gələ bilməyəcək və iştirakı olmadan işə baxılmasını xahiş edir. Əlavə olaraq bildirir ki, sərəncamında mərhum həyat yoldaşının iş stajına aid məhkəmənin ilk iclasında göstərdiyindən əlavə hər hansı sübutlar olmadığından onları təqdim etmək iqtidarında deyil.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
6. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
7. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
8. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
9. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
11. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
12. İddiaçının oğluna ailə başçısının itirlməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
14. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X7 ilə X6 arasında nikah 19.02.1999-cu ildə qeydə alınmışdır (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).
20. Doğum haqqında şəhadətnamədən görünür ki, 21.01.2007-ci il təvəllüdlü X8 atası X7, anası İddiaçıdır (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).
21. Ölüm haqqında şəhadətnamədən görünür ki, 19.05.1974-cü il təvəllüdlü X7 30.12.2020-ci il tarixdə vəfat etmişdir (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).
22. X4 əmək kitabçasından görünür ki, 02.07.1990-cu ilə qədər əmək stajı olmamışdır (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur). 02.07.1990-cı il tarixdən 03.08.1992-ci il tarixinədək Avtomobil və X2 Nazirliyinin Azavtoremstroim trestində (“AZARSM tresti RSU-1”) işləmişdir. Daha sonra 1996-2005-ci illərdə eyni müəssisədə işləmişdir.
23. X4 hərbi biletinin surətindən görünür ki, o, 15.04.1993-cü il tarixdən 22.06.1995-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
24. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən verilmiş 08.05.2021-ci il tarixli məktubunda bildirilir ki, dövlət reyestrində “Avtomobil və X2 Nazirliyinin Azavtoremstroim tresti” adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir.
25. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən 27.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı mərhum əri X4 ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən onun Avtomobil və X2 Nazirliyinin Azavtoremstroim trestində (“AZARSM tresti RSU-1”) 02.07.1990-cı il tarixindən 03.08.1992-ci il tarixinədək işlədiyi (2 il 1 ay) dövr və 01.01.2006- cı il tarixindən sonra 2 il 11 ay sığorta stajı nəzərə alınmaqla cəmi 5 il sığorta stajı hesablanmışdır ki, bu da qanunvericiliklə tələb olunan müddətdən (10 il 4 ay) azdır. Əlavə olaraq bildiririk ki, X13, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırmalar şöbəsinin 25.02.2021-ci il tarixli xidməti məruzəsinə əsasən A.Əliyevin 04.01.1996-cı il tarixindən 11.07.2005-ci il tarixinədək işləmiş olduğu müəssisənin arxiv sənədlərinin araşdırılması zamanı həmin sənədlərin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır
26. Məhkəmənin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən 07.05.2021-ci il tarixli məktubla bildirimişdir ki, sorğuda qeyd olunan Avtomobil və X2 Nazirliyinin Azavtoremstroy Trestinin (AZARSM Tresti RSU-1) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
28. X1 tələb edilən sığorta stajı vəfat etdiyi vaxt yaşı 46 yaş olduğundan qanunun qeyd edilən normasına əsasən aşağıdakı kimi hesablanır: 46 yaş – 15 yaş =31 il (əmək qabiliyyətli yaş dövrü) 31x4/12= 10 il 3 ay.
29. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 əmək kitabçasında qeyd edilən əsas olaraq işlədiyi iddia edilən Avtomobil və X2 Nazirliyinin Azavtoremstroy Trestinin (AZARSM Tresti RSU-1) mövcudluğu və fəaliyyət göstərməsi müəyyən olunmur (bax 24-26-cı bəndlər).
30. Nəticə etibarilə X1 10 il 3 ay iş stajı müəyyən olunmadığından mərhumun 18 yaşına çatmamış oğlunun ailə başçısını itirməyə görə pensiya təyin edilməsi hüququ və bununla bağlı iddiaçının “qanuni gözləntisi” yoxdur. Belə ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
31. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
33. Odur ki, məhkəmə cavabdehin imtinasının qanunsuz olduğunu müəyyən etmir.
34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva