Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6076/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, İddiaçı 26 aprel 2022-ci ildən, 50 yaşdan, “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və 19 noyabr 2021-ci il tarixindən halhazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında 26 aprel 2022-ci il tarixindən, 50 yaşdan X4 Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə sasən „X2 Haqqında “ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 20 ildən çox ümumi iş stajı və 10 ildən artıq təyyarə bələdçisi vəzifəsində güzəştli pensiya hüququ verən iş stajı topladığı üçün cavabdeh ƏƏSMN yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh isə 03 dekabr 2024-cü il tarixli, 3-17-1/2-U-296510/2024 saylı məktubu ilə iddiaçıya belə bir pensiya təyinatı aparılmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təyyarə bələdçisi vəzifəsi mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərə aid deyil, əmək pensiyasının təyinatı qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir.” Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etməyə məcbur oldu. Cavabdehin imtina məktubunu poçt vasitəsilə 09 dekabr 2024-cü il tarixində almış və bu fakt konvertin üzərində poçt şöbəsinin ştampı ilə təsdiq edilir. İddiaçı xx xxxxx 1972-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Orta məktəbi bitirdikdən sonra 08 aprel 1992-ci ildə Azaltrans Bakı Nəqliyyat Aviaşikətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. 01 aprel 1997-ci ildə Bakı Nəqliyyat Aviaşikətinin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq, Azal Milli Aviasiya Şirkətində təyyarə bələdçisi kimi əmək fəaliyyətini davam etdirmişdir. 03 aprel 2017-ci ildə böyük təyyarə bələdçisi keçirilmişdir. 02 aprel 2019-cu ildə işdən çıxmışdır. 04 aprel 2019cu il tarixinə təkrarən Azərbaycan Hava Yolları QSC-nin Təyyarə Bələdçiləri Xidmətinə böyük təyyarə bələdçisi qəbul edilmişdir. 09 yanvar 2024-cü il tarixində Təyyarə Bələdçiləri Xidmətinə təyyarə bələdçisi keçirilmiş və hazırda da həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. 01 yanvar 2006-cı ilə qədər cavabdeh topladığı güzəştli və ümumi iş stajını uçuş saatlarına görə hesablamamışdır, çünki belə etsəydi, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (sonradan-Qaydalar) 3.7,-ci maddəsində qeyd edilir ki, - Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. „Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalarının” (sonradan- Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı- sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Beləliklə, aydın olur ki, cavabdeh özünün inzibati praktikasında tətbiq etməli olduğu hüquq normalarını iddiaçıya münasibətdə tətbiq etməmiş, həmin hüququnu gözardı etmişdir. Cavabdeh tabe olduğu yuxarı inzibati orqanın Qaydaların tətbiqi ilə bağlı yuxarıda qeyd edilən və daxili təlimat rolunu oynayan sənədi (məktubu) gözardı etmişdir. Məsələ burasındadır ki, həmin məktub Qaydaların tətbiqi ilə bağlı pensiya təyinatında inzibati orqanın atmalı olduğu addımları müəyyən edir. Cavabdehin güzəştli iş stajı barədə arayışın qaydalara uyğun tərtib edilməməsi iradına cavab olaraq bildirmək istəyir ki, cavabdeh həmin güzəştli arayışda işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun kodunun nə olmasının göstərilməsini istəmişdir. Bu absurd bir tələbdir, belə ki, həmin Siyahıda kod anlayışından istifadə edilmir, əgər köhnə güzəştli Siyahıya uyğun kodunun nə olmasını bilmək istəyirdisə, bu zaman İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, cavabdeh özü əlavə araşdırma apara bilərdi, lakin o bunu etməmişdir. Digər bir məqam ondan ibarətdir ki, cavabdeh ona edilən müraciətdə göstərdiyi kimi, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi xahişinə münasibət bildirməmiş, əvəzində ƏPQ-nun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatdıqda, müraciətinə baxıla biləcəyini bildirmişdir.
3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina onunla əsaslandırılmışdır ki, ““X4” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalan"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Təyyarə bələdçisi vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu səbəbdən də, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinizə dair işəgötürənin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Bundan başqa bildiririk ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə, sizin xx.xx.1992-ci il tarixindən bugünədək Azərbaycan Respublikasının mülki aviasiyasında təyyarə bələdçisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulan mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə aid deyil. Buna görə də, təyyarə bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Qanunun hazırda qüvvədə elan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatdıqdan sonra (hazırda 64 yaş) sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı ona təyyarə bələdçisi kimi 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiaia müraciət etmişdir. İddiaçı müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq Mərkəzi Filial tərəfindən ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-U-296510/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. Sözügedən məktubda T.X3 təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1992-ci il tarixdən bugünədək Azərbaycan Respublikasının mülki aviasiyasında işlədiyi təyyarə bələdçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda (bundan sonra - Qaydalar) nəzərdə tutulan mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə aid olmadığı, buna görə də təyyarə bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğu qeyd edilmişdir. Əlavə olaraq, Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatdıqdan sonra (hazırda 64 yaş) iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla biləcəyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İlk növbədə qeyd edirik ki, “X4” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Göründüyü kimi, iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi sözügedən Qaydalarda nəzərdə tutulmadığından hazırda qüvvədə olan qanunvericiliyin 9.3-cü maddəsinin tələblərinə münasibətdə pensiya hüququ yaranmır. Bundan başqa, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda həmin Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən azı 20 il ümumi iş stajı olan və bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışan hava gəmilərində bələdçi işləyən 50 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. İddiaçı zərərli əmək şəraitində işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə məlumatların əks olunduğu iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajının olub-olmamasını müəyyən etmək mümkün deyil. Həmçinin T.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (13 il 8 ay 23 gün (xx.xx.1992xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi İddiaçı iddia tələbi “X2 haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən ona pensiya təyin edilməsi hissəsində əsassızdır, çünki onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi stajı tamamlanmamışdır. İddiaçı iddia ərizəsində ümumi və güzəştli iş dövrünün təqvim illərinə əsasən yox, uçuş saatlarına əsasən hesablanmalı olması ilə bağlı tələbinə münasibətdə qeyd edirik ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndi “X4” Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajının hesablanması qaydalarını nəzərdə tutur. Göründüyü kimi iddiaçının “X2 haqqında” Azərbyacan Respublikasının Qanununun 13-cü maddəsinin d bəndinə əsasən ona pensiya təyin edilməsini istəməsi qanunvericiliyin tələblərinə ziddir, iddiaçı pensiya təminatı hüququnu yalnız “X4” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən realizə etmək hüququna malikdir. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının, işin hallarının və hüquqi mövqelərin qarşılıqlı təhlilindən bir daha aydın olur ki, cavabdehin imtinası əsassız olmamaqla, “İnzibati icraat haqqında” Azərbyacan Respublikası Qanununun tələblərinə uyğundur. Qeyd olunan səbəblərdən dolayı T. Ukleinanın iddia tələbi təmin edilməməlidir.
5. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Hava Yolları QSC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı ona görə ki, Azərbaycan Respublikasının Mülki Aviasiyasında təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: .04.1992-xx.xx.1992-ci illər : 497 saat 8 dəqiqə xx.xx.1993- xx.xx.1993-cü illər : 502 saat 30 dəqiqə xx.xx.1994-xx.xx.1994-cü illər : 517 saAT xx.xx.1995- xx.xx.1995-ci illər : 483 saat xx.xx.1996-xx.xx.1996-cı illər : 389 saat 45 dəqiqə 31.12..1997-xx.xx.1997-ci illər : 637 saat 26 dəqiqə xx.xx.1998-xx.xx.1998-ci illər : 376 saat 6 dəqiqə xx.xx.1999-31.12 1999-cu illər : 217 saat 47 dəqiqə 01 01.2000- xx.xx.2000-ci illər : 267 saat 15 dəqiqə xx.xx.2001-xx.xx.2001-ci illər : 233 saat 17 dəqiqə xx.xx.2002-xx.xx.2002-ci illər : 194 saat 15 dəqiqə xx.xx.2003-xx.xx.2003-cü illər : 354 saat 52 dəqiqə xx.xx.2004-xx.xx.2004-cü illər : 545 saat 44 dəqiqə xx.xx.2005-xx.xx.2005-ci illər : 471 saat 37 dəqiqə xx.xx.2006-xx.xx.2006-cı illər : 604 saat 24 dəqiqə xx.xx.2007-ci il : 43 saat 1 dəqiqə .10.2008-xx.xx.2008-ci illər : 115 saat 7 dəqiqə xx.xx.2009- xx.xx.2009-cu illər : 502 saat 20 dəqiqə xx.xx.2011- xx.xx.2011-ci illər : 613 saat 51 dəqiqə xx.xx.2012- xx.xx.2012-ci illər : 751 saat xx.xx.2013- xx.xx.2013-cü illər : 801 saat xx.xx.2014-xx.xx.2014-cü illər : 843 saat 24 dəqiqə xx.xx.2015-xx.xx.2015-ci illər : 852 saat xx.xx.2016-xx.xx.2016-cı illər : 735 saat xx.xx.2017-xx.xx.2017-ci illər : 926 saat 28 dəqiqə xx.xx.2018-xx.xx.2018-ci illər : 837 saat xx.xx.2019-xx.xx.2019-cu illər : 887 saat 29 dəqiqə xx.xx.2020- xx.xx.2020-ci illər : 115 saat 32 dəqiqə xx.xx.2021-xx.xx.2021-ci illər : 291 saat 31 dəqiqə xx.xx.2022-xx.xx.2022-ci illər : 457 saat 1 dəqiqə xx.xx.2023-xx.xx.2023-cü illər : 526 saat 37 dəqiqə xx.xx.2024- xx.xx.2024-cü illər : 422 saat 19 dəqiqə
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. “X4” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“X4” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “X4” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
15. İddia mümkündür. III.Məhkəmənin mövqeyi
16. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “X4” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “X2 haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “X4” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
17. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
18. “X2 haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
19. “X4” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
20. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “X2 haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “X4” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
21. Hazırda iddiaçı məhkəməyə müraciət edərək 26 aprel 2022-ci ildən, yəni 50 yaşdan “X2 Haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş edir.
22. İddiaçı xx xxxxx 1972-ci il təvəllüdlüdür.
23. “X4” Qanunun 9.8-ci maddəsinin tələbindən çıxış edərək qüvvədən düşmüş “X2 haqqında” Qanunun 13-cü maddəsinin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının işlədiyi vəzifənin həmin dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda (1 və 2 nömrəli) nəzərdə tutulan vəzifələrdən birinə uyğun gəlməsi tələb olunur.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndində mülki aviasiya bölməsində hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifəsi güzəştli pensiya təyinatına imkan verən zərərli peşə kimi nəzərdə tutulmuşdur.
25. Hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “X4” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatmamışdır.
26. “X4” Qanunun 9.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.
27. “X4” Qanunun 9.3-cü maddəsinə əsasən (13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 9.3-cü maddə yeni redaksiyada verilmişdir.) mülki aviasiya sahəsində yaş həddi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan çalışanların güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı; - 25 il ümumi iş stajı olmalı; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
28. “X4” Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: -1-ci bədinə görə bu Qaydalar “X4” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bədinə görə, “X4” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bədinə görə “X4” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür.
30. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur.
31. Göründüyü kimi qeyd edilən Qaydalara əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin, təyyarədə çalışan sıravi ekipaj üzvlərinin ümumi sığorta stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında deyil, xüsusi qaydada - uçuş saatlarına uyğun olaraq hesablanır.
32. Həmin Qaydaların 2-ci bəndində “X4” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafiq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır.
33. “Aviasiya haqqında” Qanunun: 1.0.2. Aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. 1.0.13. Hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. 1.0.14. hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir 1.1.76. Uçuş heyəti uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir.
34. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normaları, eləcə də sorğuya cavablar üzrə təqdim edilmiş məlumatların ümumiləşməsindən müəyyən olunur ki, hava gəmilərinin ekipajı uçuş heyəti və kabin (xidmət) heyətindən ibarətdir.
35. Uçuş heyətinə etibarlı uçuş heyəti sertifikatı, habelə bu tipli hava gəmisini və ya onun avadanlığını idarə etmək üçün zəruri olan təlim və təcrübəyə malik olan şəxslər daxildir. Bunlar əsasən: kapitan, şturmanlar, bort mühəndisləri, bort mexanikləri, uçuş radio operatorları, müşahidə pilotları; eləcə də xüsusi işləri yerinə yetirən uçuş operatorlarıdır.
36. Ekipajın kabin (xidmət) heyətinə əsasən stüardessalar, nəqliyyat təyyarələrinin bort operatorları daxildir.
37. Başqa sözlə, uçuş heyəti ilə kabin heyətinə aid ekipaj üzvlərinin pensiya təyin edilməsindəki fərq ilk növbədə onların yerinə yetirdikləri əmək funksiyaları, funksional vəzifələrinin spesifikliyi, xarakterinə görə fərqli olması və uçuş zamanı məruz qaldıqları psixofizioloji yük və məsuliyyətlə əlaqədadır.
38. Bu mənada təyyarə bələdçiləri (bort bələdçiləri) yerinə yetirdikləri əmək funksiyalarına əsasən uçuş heyətinin bir hissəsi deyil, kabin heyətinə aiddir. Təyyarə bələdçisi xidmət personalı kimi təsnif edilir və uçuş heyətinin üzvlərinə daxil edilmir. Hava gəmilərinin təyyarə bələdçisi Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndində göstərilməklə bilavasitə “X4” Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyinatına əsas verən zərərli iş hesab olunur.
39. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2.1-ci bəndində göstərilən “hava gəmisinin uçuş heyət üzvü siyahısında kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist kimi vəzifələrlə yanaşı həm də “digər uçuş mütəxəssisləri” göstərilmişdir. Digər uçuş mütəxəssislərinin konkret kimlərdən ibarət olduğunu adıçəkilən Qaydalar açıqlamasa da, təyyarə bələdçiləri vəzifəsinin “digər uçuş mütəxəssisləri”nə aid edilib-edilməməsi ilə bağlı hər hansı əsaslı dəlil təqdim edilməmiş, onun uçuş heyəti ilə eyni təlim və təcrübəyə malik olduğu, əmək funksiyalarını (xüsusən hava gəmisinin idarə edilməsində iştirak etmək) yerinə yetirdiyi, psixofizioloji yük və məsuliyyətə məruz qaldığı sübut olunmamışdır.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təyyarə bələdçiləri tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmamasını birmənalı təsbit edir. Odur ki, təyyarə bələdçiləri uçuş heyətinə daxil olmadıqları üçün onların sığorta stajının hesablanmasına münasibətdə Qaydalar tətbiq edilmir. Aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir. İddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan “X4” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
41. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan huquqlarını pozmur, iddia əsassız olduğundan rədd edilməlidir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva