Məhkəmə qərarları › İş №2-1(112)-6077/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6077/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6077/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçıya (İddiaçı) Səbail rayonu Səbail Bələdiyəsinin 297 saylı 3 dekabr 2004-cu il tarixli sərəncamı əsasında Səbail rayonu, Səlyan şossesi, 32 ünvanında bələdiyyə ərazisinə məxsus olan 600 kv.m torpaq sahəsi əlavə edilmiş cizqi əsasında alqı-satqı qaydasında onun adına sənədləşdirilmişdir. Sözügedən torpaq sahəsinin cizgisi təsdiq edilmiş və qanunamüvafıq olaraq alqı-satqı aktı tərtib edilmişdir. Daha sonra AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3418/2014 saylı iş üzrə 8 iyul 2014-cü il tarixli qərarına əsasən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əldə olunmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 fevral 2021-ci il tarixli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Qeyd olunan qurumdan 12 aprel 2021-ci il tarixli məktub daxil olmuşdur. Məktubda guya elektron kadasdır baza məlumatına əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Hesab edilir ki, cavabdehin 12 aprel 2021-ci il tarixli imtinası qanunsuz və əsassızdır. Faktiki hal üzrə sözügedən torpaq sahəsi ilə bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş və imtinaya əsas ola biləcək hər hansı bir hal mövcud deyildir. Belə ki, cavabdeh tərəf eyni sənədlər əsasında həmin ərazilərdən torpaq sahəsi almış digər şəxslərə müvafiq çıxarışın verilməsini təmin etmiş və həmin ərazidə tam yaşayış mövcuddur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsaslanaraq, İPM-in 2.2, 68 – 73-cü maddələrini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestdən çıxarışın verilməsi öhdəliyinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanblanmış 8 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 11 fevral 2021-ci il və 17 sentyabr 2014-cü il tarixli ərizələrlə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi ərizəyə əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 12 aprel 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və AR Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun 4.0.1, 62, 6.5-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verimişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsindəı göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşdiyindən, işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunamüvafiqdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsində inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi fiziki və ya hüquqi şəxsin ərizəsi nəzərdə tutulmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı Qaydaları»nın müddəalarına görə: - (5-ci bənd) «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. - (8-ci bənd) Bələdiyyə orqanı ərizəyə 10 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir. Rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Qaydalara əlavə olumuş “Torpaqların alqı-satqısına dair akt”ın formasında aktın rayon (şəhər) torpaq şöbəsində qeydiyyata alınması barədə məlumatın əks olunması üçün qrafa nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək vurğulayır ki, hazırkı iddiaçıya Səbail bələdiyyəsi tərəfindən müvafiq ərazidə 600 kv.m torpaq sahəsi ayrılarkən keçmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Səbail RİH-in rəyləri alınmalı idi. Bundan başqa, bələdiyyə ilə iddiaçının arasında müqavilə bağlanaraq notarial qaydada təsdiqlənməli, habelə torpağın alqı-satqısına dair akt AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindıən təsdiqlənməli idi. Torpaq sahəsi ayrıldıqdan sonra müvafiq məhkəmə qərarı ilə 11 sentyabr 2014-cü il tarixdə həmin torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölüçü”nün verilməsi və alqı-satqı aktının qeydiyyat alınması öhdəliyi AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulsa da, aidiyyəti qurulardan yuxarıda qeyd olunan rəylər alınmamışdır. Bundan başqa, səlahiyyətli qurum kimi hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində mübahisənin obyekti olan müvafiq torpaq sahəsinin Səbail bələdiyyəsinin mülkiyyətində olması barədə məlumatın olmaması, özündə həmin torpağın alqı-satqı əsasında hazırkı iddiaçının mülkiyyətinə keçməsinin qanuni əsaslara həyata keçirilməməsini ehtiva edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında müvafiq torpaq sahəsinə mülkiyyət hüququ yaranmır və həmin sənədlər torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçüm əsas ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri Səbail bələdiyyəsinin 3 dekabr 2004-cü il tarixli 297 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar