Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6077/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 4 saylı binanın 80 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən, 4 saylı binanın 80 saylı mənzili binanın əvvəllər məxsus olduğu Bakı Baştikinti Mənzil Kommunal İdarəsinin 19 may 1994-cü il tarixli, 729 saylı orderi əsasında 2 nəfər ailə üzvü ilə birlikdə (özü və oğlu-X5) istifadəsinə verilmişdir. 2003-cü ilin əvvələrindən yaşadıqları bina Bakı Şəhər icra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Daha sonra cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən, 4 saylı binanın 80 mənzilinə dair kirayə müqaviləsinin adına bağlanılmasına sərəncam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1 (112)-8019/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. Qərara uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 44/1 saylı sərəncamda aşağıdakılar qeyd edilmişdir: 1. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin, yaşayış sahəsi 24,0 kv.metr olan 2 otaqlı 80 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, oğlu və 3 nəvəsi) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılsın və o, həmin mənzilin kirayəçisi hesab olunsun. 2. Qeyd olunan mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanması və şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 122 saylı Mənzil- Kommunal İstismar Sahəsinə tapşırılsın. 3. Sərəncamın surətinin 1 saylı Xüsusi Təyinatlı MKTB, 122 saylı MKİS-ə və vətəndaş İddiaçı göndərilməsi Departamentin Ümumi şöbəsinə tapşırılsın. Yuxarıda göstərilən orderi və sərəncamı əsas götürərək, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən, 4 saylı binanın 80 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, sənədlərin təqdim edilməməsi əsası ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Halbuki, mənzilə dair oder, kirayə müqaviləsinin bağlanmasına dair inzibati orqanın sərəncamı İdarəyə təqdim edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********76 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakı ndövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsaəsn Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. İşdə olan İddiaçı adına Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 729 nömrəli, xx.xx.1994-cü il tarixli orderin surətindən görünür ki, həmin orderə əsasən o, Mənzil Kommunal İdarəsində mühasib vəzifəsində işlədiyindən ona Əbilov qəsəbəsində, 830 keçid, ev 4, 80 nömrəli mənzil 4 nömrəli yataqxanasında yeddinci mərtəbədə iki otaqlı mənzil (iki tərkibli ailə olaraq o və oğlu X6) verilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən, 4 saylı binanın 80 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmuşdur. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı adına Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 729 nömrəli order verildiyindən, yaşayış sahəsində onunla oğlundan başqa şəxslər yaşamadığından, MKİS-nin qeydiyyat kartoçkasına əsasən 1994-cü ildən həmin mənzildə yaşadığından, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda qeydiyyatda olduğundan, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadığından (bu barədə məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdehin iddiaçıya mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 44/1 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı İnzibati Məhkəməsiin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8019/2022 saylı qərarına əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı evin, yaşayış sahəsi 24.0 kv.m olan 2 otaqlı 80 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, oğlu və 3 nəvəsi) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İşdə olan 7 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, X6 13 iyun 2003-cü il tarixdən yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Ondan başqa sözügedən ünvanda xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan notarial qaydada təsdiq edilmiş **********316 nömrəli ərizədən görünür ki, X6 ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdiirlməsinə, həmçinin reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə etiraz etmir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 44/1 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamı əsasında ayrılsa da, onun mübahisəli mənzilə dair hüquqları xx.xx.2022-ci il tarixdən deyil, işlədiyi Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin 19 may 1994-cü il tarixli, 729 nömrəli orderinə əsasən ayrılmış və ona həmin mənzilə dair order verilmişdir. Beləliklə, onun mübahisəli mənzilə dair hüquqları 1994-cü ildən yaranmışdır. MKİS-nin qeydiyyat kartoçkasına əsasən iddiaçının oğlu ilə birlikdə 1994-cü ildən həmin mənzildə yaşadığı və qeydiyyatda olduğu müəyyən edilmiş, bundan əlavə sözügedən faktlar Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-8019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə bir daha öz təsdiqini tapmışdır. İddiaçıdan başqa sözügedən ünvanda oğlu X6 və onun yetkinlik yaşına çatmayan övladları qeydiyyatda olmaqla yaşayırlar. Ü.Kərimov hazırda notarial qaydada razılıq ərizəsi təqdim edərək, sözügedən mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 4 saylı binanın 80 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6077/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6077/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver