Məhkəmə qərarları › İş №2-1(112)-6077/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6077/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6077/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "qaraja dair hüquqların qeydiyyata alınmaqla, texniki pasportun verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 35 kv.m təşkil edən (eni 5, uzunluğu 7 metr) daş qaraj üzərində iddiaçının istifadə və sahiblik hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qaraj sahəsinə dair onun adına texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 35 kv.m təşkil edən (eni 5, uzunluğu 7 metr) daş qaraj 1956-cı ildən mərhum babası X1 və istifadəsində olmuş, onun 2015-ci ildə vəfat etməsindən sonra həmin qaraj sahəsi iddiaçının istifadə və sahibliyinə keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1018/2017 saylı iş üzrə qəbul etdiyi 06 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilmiş və ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 35 kv.m təşkil edən (eni 5, uzunluğu 7 metr) daş qaraj üzərində onun istifadə və sahiblik hüquqları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və hazırda qüvvədədir. Qətnamə əsasında 06 fevral 2017-ci il tarixli 2(006)-1018/2017 saylı icra vərəqəsi verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi qeyd olunan qətnamə və icra vərəqəsi əsasında xx.xx.2024-cü ildə cavabdeh təşkilata müraciət edərək həmin icra vərəqəsinin icra olunmasını tələb etmişdir. Lakin həmin icra sənədi bu günədək icra olunmamışdır. Qeyd olunur ki, həmin qaraj sahəsi hazırda iddiaçının istifadə və sahibliyindədir. Həmin qaraj sahəsinə görə iddiaçı tərəfindən bələdiyyəyə ödənişlər edilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (qaraj) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, qarajın faktiki ölçüsü 30 kv.m-dır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabehin nümayəndəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Baki şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1018/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçının X3 qarşı qaraj üzərində sahiblik və istifadə hüququnun müəyyən edilməsi və digər tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 35 kv.m (eni 5 metr, uzunluğu 7 metr) olan daş qarajdan iddiaçının istifadə və sahiblik hüquqlarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən qarajın iddiaçının adına qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 139/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1018/2017 saylı, 06 fevral 2017-ci il tarixli qətnaməsi 10 mart 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qətnamə icra olunmuş və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra işi üzrə icraata xitam verilməsi haqqında qərarı qəbul olunmuşdur. Cavabdeh tərəfindən mübahisəli qaraja dair tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən qarajın faktiki sahəsi 30 kv.metrdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qaraja hüquqların qeydiyyata alınmaqla, texniki pasportun verilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.4). Məhkəmə bildirir ki, iddiaçı hazırki iddia ilə ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 35 kv.m təşkil edən (eni 5 metr, uzunluğu 7 metr olan) daş qaraj üzərində istifadə və sahiblik hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmçinin həmin qaraj sahəsinə dair öz adına texniki pasportun verilməsi tələbi ilə çıxış edir. Qeyd olunmalıdır ki, iddiaçının mübahisəyə səbəb olan qaraj sahəsinə dair hüquqlarının əsasında, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi dayanır. Həmin qətnamə ilə iddiaçının həm istifadə, həm də sahiblik hüquqları tanınmışdır. Məhkəmə vurğulayır ki, bu qətnamə preyudissial xarakter daşıyır. Belə ki, hüquqi qüvvəyə minmiş məhkəmə qərlarının digər məhkəmələr və ya inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Bu institut, hüquqi münasibətlərin sabitliyini təmin edir, xüsusilə maddi hüquq norması ilə təsbit edilmiş faktlar və hüquqi qiymətləndirmələrə şamil olunur. Bu kontekstdə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən qaraj sahəsinə dair istifadə və sahiblik hüquqları təsbit olunduğundan, həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi təmin olunmalıdır. Lakin Məhkəmə əlavə olaraq qeyd edir ki, baxmayaraq ki, məhkəmə qətnaməsi ilə tanınan hüquqlar 35 kv.m sahəyə münasibətdə müəyyən edilsə də, aparılmış ölçmə zamanı qarajın real texniki ölçüsünün 30 kv.m olduğu müəyyən edilmişdir. Bu halda, mübahisəyə səbəb olan obyektin faktiki ölçüsü ilə sənədlərdə göstərilən ölçü arasında 5 kv.m fərq meydana çıxmışdır. Bu səbəbdən, Məhkəmə belə qənaətə gəlir ki, hüquqların qeydiyyatı və texniki pasportun verilməsi yalnız faktiki texniki ölçülərə, yəni 30 kv.m sahəyə münasibətdə həyata keçirilə bilər. Əks təqdirdə, qəbul ediləcək məhkəmə qərarının icrası mümkün olmayacaq. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, sahəsi 30 kv.m olan daş qaraj üzərində İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qaraj sahəsinə dair onun adına çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar