Məhkəmə qərarları › İş №2-1(112)-6079/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6079/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6079/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının İddiaçı, nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin olunması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, onun sosial evlə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı cavabdehə ərizə ilə müraciət edərək, onun şəhid ailəsi olmasının və hazırda ailə üzvləri ilə birlikdə yaşamaq üçün kifayət qədər mənzil şəraitinin olmamasının nəzərə alınaraq onun mənzillə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-1446/2023 saylı məktubu ilə onun mənzillə təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçının mərhum həyat yoldaşı xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, bu barədə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 457076 nömrəli ölüm haqqında şəhadətnamə verilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1994-cü il tarixdən X6 “Şəhid”, onun ailəsi ilə “Şəhid ailəsi” hesab edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixdə 003222 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, O-3/2-068/2-t/l saylı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ailə tərkibi nəfərlə (özü, oğlu, gəlini, 2 nəvə və digər qohum) Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli vətəndaş İddiaçı şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamı ilə İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Bundan sonra İddiaçı tələb olunan sənədləri cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tam qanunsuz və əsassız olaraq iddaçının mənzillə təmin olunmaq barədə ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina edilməsinə əsas kimi İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsinin mövcud qanunvericilivə uyğun olmadığına istinad etmişdir. Lakin cavabdehin imtinanın əsası kimi göstərilən hallar hansı qanunvericilik normasının tələblərinə əsasən müəyyən edildiyini imtina məktubunda qeyd etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kvadratmetrdir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Göründüyü kimi qanunvericilik aktlarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 1 nəfər şəxs üçün 16 kvadratmetr müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmaqla, İddiaçı ailə tərkibi 3 nəfərlə (qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş, həmçinin həmin ünvanda İddiaçı oğlu - X13, gəlini - X3, nəvələri - X7, X14 və qohumu - X8 ilə birlikdə yaşayır. Göründüyü kimi İddiaçı şəhid ailəsi kimi mənzillə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ölçülər (1 nəfər üçün 16 kv.metr) nəzərə alınmaqla kifayət qədər yaşayış sahəsi olan mənzili olmamış, onun mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuş, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 nömrəli sərəncamını rəhbər tutmaqla hesablandığı halda (İddiaçı ailə tərkibi 3 nəfərlə - qızı Babayeva (Rzayeva) Sevinc, 2 nəvəsi X10 və X12) onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 64 kv.metr, həmçinin həmin mənzildə qeydiyyatda olan digər şəxslər - oğlu - X13, gəlini - X3, nəvələri - X7, X14 və qohumu - X8 əsas götürülməklə hesablandığı halda isə onun mənzillə təmin edilməsindən imtina edilməsi üçün onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüsü 144 kv.metr olmalı idi. Lakin iş materiallarında olan sənədlərlə müəyyən edildiyi kimi iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsi 45.15 kv.metr olmuşdur. Beləliklə də cavabdehin imtinasının qanunsuz olduğu öz təsdiqini tapmışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 06 may 2021-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, qızı və iki nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində ünvan 2 ünvanında yaşayış sahəsi 45.15 kvadratmetr olan mənzilin olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən şəhid ailəsi kimi üç nəfər ailə tərkibi ilə birlikdə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Sıra №38.

5. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ********** nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2, 43 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X4 adına ümumi birgə mülkiyyət hüququ ilə Füzuli rayonu, Babı kəndində yerləşən 0,22 ha və 2,91 ha torpaq sahələri aşkar edilmiş, lakin arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilmədiyindən sorğuda qeyd olunan şəxs olduğunu dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin 1991-ci il təvəllüdlü X9 adına ümumi birgə mülkiyyət hüququ ilə Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən 3,29 ha torpaq sahəsi qeydiyyata alınmışdır. X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi E.Yusiofov iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi Y.Qüdrətli iddiaya yazılı etirazın məzmununa uyğun olaraq iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü

9. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; Maddə 95. Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

12. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir.

III.İddianın mümkünlüyü və məhkəmənin mövqeyi.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

14. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə və müvafiq sərəncama əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. 49.4.Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir.

17. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarından da göründüyü kimi sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələr əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

18. Sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, ümumi sahəsi olan 65.98 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində mənzilin olması onun və ailə üzvlərini sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum etməməlidir. Belə ki, iddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfər ailə üzvündən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 65.98 kv.m təşkil etsə də, bu sahədən yalnız 45.15 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının ailə tərkibi özləri də daxil olmaqla 4 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 64 kv.m (16 kv.m x 4 nəfər) təşkil etməlidir ki, hazırda iddiaçının və ailə üzvlərinin belə ölçüdə mənzilə sahib olduqları müşahidə olunmur. Belə olan halda iddiaçının mülkiyətində olan mənzil üzrə iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından aşağıdır.

20. Həmçinin məhkəmə qeyd edir ki, həmin mənzil iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına alınmış, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi cavabdeh və ya digər qurum tərəfindən verilməmişdir.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

22. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

23. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı ona mənzil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. İddiaçı şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı ona mənzil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar