Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6080/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirаkı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “yetkinlik yaşına çamayan uşaqların soyadlarının dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 dəyişdirilərək “Paşazadə” yazılması və bu barədə akt qeydləri aparılmasının Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar qarşılıqlı razılığa gələrək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə müraciət edərək, xx xxxx 2012ci il təvəllüdlü qızları X6 və xx xxxxxx 2014-cü il təvəllüdlü oğulları X7 ata babasının adının soyad kimi verilməsini, onun doğum haqqında şəhadətnaməsinin soyad qrafasında Paşazadə yazılmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ədliyyə İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixl 05/Q-1753/13 №-li cavab məktubunda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, uşağın soyadı valideyinlərin soyadı ilə qeyd edilir. İddiaçılar hesab edirlər ki, xx xxxx 2012-ci il təvəllüdlü qızları X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü oğulları X5 doğum haqqında şəhadətnamələrinin soyad qrafasında ata babalarının adı – Paşazadə yazılmalıdır. Belə ki, uşağın valideynləri kimi uşağın soyadının Paşazadə soyadına dəyişmək qərarına gəlmişlər. Bu qərara gəlmələrin səbəbi isə atası X10 anası Mamedova Sona ilə faktiki nikahda olmuşlar və faktiki nikahdan o, xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş və ona doğum haqqında şəhadətnamə Türkmənistan Respublikasında verilmişdir və soyadı anasının soyadına müvafiq yazılmışdır. Göründüyü kimi bu soyad milli soyadları ilə də uyğun deyil, bu səbəbdən də onlar uşaqların soyadlarının dəyişdirilməsi qərarına gəlmişlər, bu da uşaqların gələcəkdə soyadları ilə bağlı çətinliklər yaşamamaları və babalarının adını soyad kimi daşımaları üçün şərait yaradacaqdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, iddiaya etiraz etmədiklərini, mübahisənin həllinin məhkəmə mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdehnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1988-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1989-cu il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - AZ – İİİ № 465202 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin yanvar ayının 06 günündə 50 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı1, anası İddiaçı2 göstərilmişdir. - AZ – İİ № 917428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2012-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2012 ilin iyul ayının 18 günündə 2344 № ilə qeyd edilmişdir. Valideynlər bölməsində atası İddiaçı1, anası İddiaçı2 göstərilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1753/13 saylı məktubuna əsasən, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, hazırki qanunvericilikdə uşağın soyadı valideynlərin soyadı ilə qeyd edilir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 05/Q-2201/13 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 xx xxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1989-cu il təvəllüdlü İddiaçı2 X4 valideynləridir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş ********* nömrəli doğum haqqında akt qeydindən görünür ki, X11 xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1989-cu il təvəllüdlü İddiaçı2 X5 valideynləridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçılar hazırki iddia tələbi ilə xx xxxx 2012-ci il tarixdə anadan olmuş övladları X4 və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş övladları X2 “Mamedov”-dan “Paşazadə” soyadına dəyişdirilməsini xahiş edirlər. İddiaçılar övladının soyadının “Mamedov”-dan “Paşazadə” soyadına dəyişdirilməsi ilə bağlı yaşadığı yer üzrə qeydiyyat orqanı -Bakı şəhəri Binəqədi rayon qeydiyyat orqanına müraciət etmiş, inzibati orqan isə xx xxxxxx 2020-ci il tarixli, 05/Q-1753/13 saylı imtina məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadının valideynlərin soyadı ilə qeyd edildiyinibildirərək, aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İddiaçılar cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirillər. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan maddənin birinci cümləsində «Uşağın soyadı» sözlərindən sonra «bir qayda olaraq» sözləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında xx.xx.2010-cu il tarixli qanunla əlavə edilmişdir. Məhkəmə hesab edir ki, qanunverici «bir qayda olaraq» sözlərini əlavə etməklə həmin qaydadan istisnanın mümkün olmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 №-li Qərarı ilə «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 6.1-ci maddəsinə də əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin, nəzərə almaq lazımdır ki, vətəndaşın mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına çatdıqda tam əmələ gəlir. Həmin vaxta qədər, onu təmsil etmək hüququ məhz onun valideynlərinə, övladlığa götürənlərə və ya himayəçiyə məxsusdur. İşin faktiki hallarından görünür ki, hazırda valideynlər uşaqlarına öz soyadlarının deyil, uşaqların babasının adı ilə - Paşazadə soyadının verilməsini istəyirlər. Məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində, adıçəkilən Qaydalarda belə bir hal nəzərdə tutulmamış, eyni zamanda belə bir hal üçün qadağa da nəzərdə tutulmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırda uşağa başqa soyadın verilməsi barədə iddia ilə onun valideynləri müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçıların uşağına «Paşazadə» soyadının verilməsi İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasına, Azərbaycan Respublikası Konstitusiyasına, Ailə Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 №-li Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na, ictimai qaydaya, əxlaqa zidd deyildir və ona münasibətdə adın dəyişdirilməsini istisna edən müvafiq hallar mövcud olmamışdır. Həmçinin, övladının soyadının dəyişdirilməsində hər iki valideynin razılığı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Məhkəmə iş üzrə sübutları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıların övladının doğum haqqında akt qeydində soyadının “Mamedov” soyadından “Paşazadə” soyadına dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları X4 və X5 doğum haqqında akt qeydində soyadının “Mamedov”-dan “Paşazadə” soyadına dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6080/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6080/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver