Məhkəmə qərarları › İş №2-1(112)-6080/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6080/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6080/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “tikilinin dövlət reyestrinə daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı İddiaçı tərəfindən inşa edilmiş Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış (otel və ticarət mərkəzi) binasının dövlət reyestrinə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra aidiyyət məsələsinin müzakirə edilməsinə dair hazırlıq icraatı üzrə məhkəmə iclası 24.06.2021-ci il tarixə təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə tərəflərin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncəİnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbindən və iş materiallarından görünür ki, dövlət reyestrinə daxil edilməsi tələb edilən tikili Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisə predmeti olan torpaq sahəsinin ünvanı Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçələri ərazi yurisdiksiya baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Abşeron rayonu Gəncəİnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “İddiaçı tərəfindən inşa edilmiş Gəncə şəhəri, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 942.0 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış (otel və ticarət mərkəzi) binasının dövlət reyestrinə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 6080/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar