Məhkəmə qərarları › İş №2-1(112)-6080/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6080/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6080/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1rşı (3-cü şəxslər: Bakı Şəhər İcra Hakimiyyəti və “X4” MMC) “müdaxilənin aradan qaldırılması, ərazinin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 146 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, "xxxx" metro stansiyasının şərq hissəsində MMC-nin istifadəsinə verilən 0,0724 ha torpaq sahəsində yerləşən avtomobil dayanacağının fəaliyyətinə cavabdeh tərəfindən edilən müdaxiləni dayandıraraq, qanuni istifadəsində olan ərazinin geri qaytarılması və iddiaçıya vurulan 36 000 manat maddi, 50 000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti və "X4" MMC adi cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 146 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, "xxxx" metro stansiyasının şərq hissəsində yerləşən 0,0724 ha torpaq sahəsi avtomobil dayanacaqlarının yaradılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin istifadəsinə ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə “X5” MMC arasında xx.xx.2017-ci il tarixli, 11/17 nömrəli icarə müqaviləsi bağlanaraq aylıq icarə haqqı 180 manat və müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin icarəçinin öhdəliklərin ödənilməsi hissəsində göstərilmişdir ki, icarəçi ödənişli avtomobil dayanacaq sahəsini icarəyə (sub icarəyə) verə bilər. Ona görə də “X5” MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli, AZGR-03 nömrəli icarə müqaviləsi bağlanaraq aylıq icarə haqqı 370 manat və müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Bundan sonra ərizəçi tərəfindən icarəyə götürülən torpaq sahəsinin giriş hissəsinə şlaqbaum qoyulmuş, asfalt örtüyü yenilənərək, işıq dirəkləri bərpa edilmiş, plastmas materiallardan hasar inşa edilərək, su və kanalizasiya xətləri təzələnmişdir. Əraziyə 5 ədəd nəzarət kameraları quraşdırılmışdır. Həmin işlərin icra edilməsinə cəmi 30 000 manat vəsait sərf edilmişdir. MMC ərazidə parkinq xidməti göstərmək məqsədilə ərazini qəbul edib, ağır işlərdə işləmək qabiliyyəti məhdud olan Vətən müharibəsi əlillərini və iştirakçılarını işlə təmin edərək fəaliyyət göstərməyə başlamışdır. Lakin xx.xx.2023-cü il tarixdə cavabdeh rəsmi sənədlərə əhəmiyyət vermədən polisin gücündən istifadə edərək, iddiaçının qanuni istifadəsində olan əmlakdan onun işçilərini çıxardaraq özləri istifadə etməyə başlamışlar. Cavabdeh qanunvericiliyin tələblərinə əməl etmək əvəzinə vəzifələrindən sui-istifadə edərək, qüvvədə olan Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını, bununla əlaqədar bağlanan icarə və sub icarə müqavilələrini mübahisələndirmədən özbaşınalığa yol verməklə ərazidən MMC-ni məcburi çıxardaraq, özü orada qanunsuz və əsassız olaraq fəaliyyətə başlamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçıya 30 000 manat məbləğində maddi, 50 000 manat məbləğində mənəvi zərər yetirilmiş, eyni zamanda 2 ay müddətində fəaliyyəti dayandığına görə 6 000 manat vəsait əldə etməyinin qarşısı alınmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində parklanma yerləri cavabdeh tərəfindən müəyyən olunur, eyni zamanda onun razılığı olmadan parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən təşkil edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrin olması barədə cavabdehdə hər-hansı bir məlumat olmamışdır. Cavabdeh həmin müqavilələrin mövcudluğu barədə məhkəmə gedişatında məlumatlı olmuşdur. İddiaçının təqdim etdiyi müqavilələr əhəmiyyətsizdir, səlahiyyəti olmayan şəxs tərəfindən səlahiyyətlərini aşmaqla bağlanılmış, həmin torpaqdan istifadə hüququnun mövcud olmasını sübut edəcək çıxarış mövcud deyil. Həmin müqavilələr səlahiyyətləri olmayan şəxslər tərəfindən bağlanıldığından, həmçinin həmin vaxt (hal-hazırda da) qüvvədə olan normaları pozduğundan bağlandığı andan əhəmiyyətsizdir. Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin onun istifadəsinə verilmiş hər-hansı bir əmlakın, o cümlədən də dövlət mülkiyyətində olan əmlakın digər bir şəxsin istifadəsinə verilməsi məqsədi ilə hər-hansı bir müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Onun belə bir səlahiyyətinin olmasını təsdiq edəcək hər-hansı bir normativ akt mövcud deyil. Qeyd edilən İdarənin həmin səlahiyyətinin olub-olmaması, olduğu təqdirdə bu səlahiyyətin onda olmasını sübut edəcək hüquqi aktın təqdim edilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bundan əvvəl işçi qaydada bununla maraqlandıqda isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehə həmin İdarənin ləğv edildiyini və İdarənin öz adından dövlət əmlakını, o cümlədən də onun istifadəsinə verilmiş torpaq sahəsini üçüncü şəxslərə icarəyə verilməsi səlahiyyətinin olmaması bildirilmişdir. Həmçinin, verdikləri məlumata əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeyd edilən ərazinin həmin hüquqi şəxsə istifadəyə verilməsi barədə hər-hansı bir akt qəbul edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan da göründüyü kimi qeyd edilən torpaq sahəsinin həmin cəmiyyət, daha sonra isə iddiaçının istifadəsində olmasını təsdiq edəcək hər hansı bir çıxarış mövcud deyil. Məhz bu onu bir daha təsdiq edir ki, idarə ilə cəmiyyət arasında bağlanmış 2017-ci il tarixli icarə müqaviləsi tam qanunsuz olaraq həmin müqaviləni bağlayan vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərini aşmaqla bağlanılmışdır. Məlum olduğu kimi, qeyd edilən ərazi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının maddi və mənəvi ziyan tələbinə münasibətdə bildirilmişdir ki, iddiaçı ona dəymiş maddi ziyanı təsdiq edən heç bir sübut təqdim etməmiş, yalnız öz mülahizələrinə uyğun olaraq istədiyi məbləği iddia ərizəsində qeyd etmiş və cavabdehdən tələb edir. Həmçinin, iddiaçı hüquqi şəxs olduğundan ona hər-hansı bir mənəvi ziyan dəyə bilməz. Əksinə olaraq qeyd edilən torpaq sahəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 146 nömrəli sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, “M.Əcəmi” metrostansiyasının şərq hissəsində yerləşən 0,0724 ha torpaq sahəsi avtomobil dayanacaqlarının yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (bundan sonra – İdarə) ilə “X4” MMC arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli, 11/27 nömrəli icarə müqaviləsinə əsasən İdarə Nəsimi rayonu, Cavadxan küçəsi, “M.Əcəmi” metrostansiyasının şərq hissəsində yerləşən 0,0724 ha torpaq sahəsini xx.xx.2025-ci il tarixədək “X4” MMC-nin icarəsinə vermişdir. Müqavilənin 6.2.4-cü bəndinə əsasən icarəçi icarə ödənişli avtomobil dayanacaq sahəsini yalnız icarəyə verənin razılığı ilə üçüncü şəxslərə icarəyə vermək (subicarə) öhdəliyini götürmüşdür. “X4” MMC ilə iddiaçı arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli, AZGR-03 nömrəli icarə müqaviləsinə əsasən “X4” MMC Nəsimi rayonu, M.Əcəmi metro stansiyasının şərq hissəsində yerləşən 0,0724 ha torpaq sahəsini (ödənişli avtomobil dayanacaq sahəsini) xx.xx.2025-ci il tarixədək iddiaçının icarəsinə vermişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən onun istifadəsində olan dayanacağa edilən müdaxilənin aradan qaldırılmasını və cavabdehdən kompensasiya tutulmasını xahiş edir. Həmin iddia mahiyyətcə müəyyən hərəkətləri etməkdən çəkinməyə və kompensasiya tələbinə dair iddiadır. İddiaçı göstərilən tələblərlə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3.). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi etibarsız əqdlər iki qrupa: mübahisələndirilən və əhəmiyyətsiz əqdlərə bölünmüşdür. Əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız əqdlərdir. Mübahisələndirilən əqdlər isə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mülki Məcəllədə etibarsız əqdlərin bir qismi mübahisələndirilən, bir qismi isə əhəmiyyətsiz əqdlərə aid edilmişdir. Göründüyü kimi iddiaçı İdarə ilə “X4” MMC arasında bağlanmış icarə müqaviləsinə və həmin icarə müqaviləsinə əsasən onunla “X4” MMC arasında bağlanmış icarə müqavilələrinə əsaslanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 51-ci maddəsində göstərilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Göründüyü kimi iddiaçının dayanacaq kimi istifadə etdiyi ərazi dövlət mülkiyyətində olmaqla Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dayanacaqların yaradılması üçün Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin istifadəsinə verilmişdir. İdarə isə həmin ərazini “X4” MMC-yə icarəyə vermişdir. Qanunda icarəyə götürülmüş torpaq sahəsinin yalnız mülkiyyətçi olan icarəyə verənin razılığı ilə subicarəyə verilməsi nəzərdə tutulsa da, “X4” MMC belə bir razılıq olmadan həmin torpaq sahəsini iddiaçıya icarəyə vermişdir. Yəni, o öz səlahiyyətindən kənara çıxmaqla əqd bağlamışdır. Mülki Məcəllənin 350-ci maddəsində göstərilmişdir ki, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, “X4” MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız əqd olmuşdur. Bu səbəbdən iddiaçının həmin ərazi iə bağlı hər hansı hüququ yaranmamışdır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil nəqliyyatı parklarının, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsi yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir (6.5.). “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 saylı Fərmanının 1.1-ci bəndi ilə Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin edilməsi həvalə edilmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 saylı Fərmanının 3.1-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 saylı Fərmanı ilə (1.-ci bənd) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmiş, (2.-ci bənd) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmiş, (3.-cü bənd) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar