Məhkəmə qərarları › İş №2-1(112)-6082/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6082/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6082/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəzadan azad edilməsi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəzadan azad edilməsi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1976-cı il təvəllüdlü İddiaçı minimum aylıq əmək haqqının 4 misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli xx.xx.2022-ci il tarixindən hesablanılmaqla o, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 3 ay 12 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Sosial Adaptasiyamın təmin edilməsi üçün “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununıına əsasən o, adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinəti ilə təmin edilmək üçün cavabdeh orqana müraciət etmişdir. Lakin müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Hal-hazırda hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-82169/2024 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-303007/2023 nömrəli məktubla cavablandırılmış və iddiaçıya birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində minimum aylıq əmək haqqının 4 misli məbləğində birdəfəlik pul müavinətinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun (bundan sonra - Qanun) təşkil etmişdir. Həmin Qanunun 14.1-ci maddəsi aşağıdakı kimi ifadə olunmuşdur: “14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.” İstinad olunan normanın müddəaları baxımından iddiaçıya birdəfəlik pul müavinətinin təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmalıdır; İddiaçı tibbi və sosial yardıma ehtiyacı olan şəxs olmalıdır. İnzibati icraat materiallarından da aydın olur ki, İddiaçı birinci tələbi ödəsə də, ikinci tələb ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər isə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. İnzibati icraat materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 161 nömrəli A formalı arayışının və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 7(007)-1039/2023 nömrəli qərarının surətinə əsasən İddiaçı azadlıqdan məhrumetmə cəzasının müddəti 1 il 9 ay müəyyən edilmiş və iddiaçı cəzanın çəkilməmiş 3 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Lakin şəxsin cəza çəkməkdən azad edilməsi hələ ona birdəfəlik pul müavinətinin verilməsi üçün əsas deyil. Belə ki, şəxsin tibbi və sosial yardıma ehtiyacının olması iş materialları ilə öz təsdiqini tapmalıdır. Sözügedən Qanunun sistematik təfsiri onu deməyə əsas verir ki, Qanunda “sosial adaptasiya” ilə “sosial adaptasiyaya ehtiyacı olma” anlayışları fərqləndirilir. Belə ki, dövlətin məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Elə buna görədir ki, Cəzaların İcrası Məcəlləsində də məhkumların hələ cəzadan azad edilənədək cəmiyyətə yenidən inteqrasiya olunmasını asanlaşdırmaq üçün tədbirlər nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsində də qeyd olunduğu kimi “məhkumların islah edilməsi” adlandırılan bu tədbirlərin əsas vasitələrinə ictimai faydalı əmək, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı daxildir. Oxşar tədbirlər Qanunun 13-cü maddəsində cəza çəkməkdən azad edilmiş şəxslər üçün də müəyyən edilmiş və onların peşə təhsili və əlavə təhsil, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradılması öhdəliyi dövlətin üzərinə qoyulmuşdur. Həmçinin, Avropa Şurasının Nazirlər Komitəsinin “Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının icrasının cəzaçəkmə yerlərinin müdiriyyəti tərəfindən həyata keçirilməsinə dair” xx.xx.2003-cü il tarixli 2003(23) saylı tövsiyə qərarının 33-cü bəndinə görə ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların uziın müddət həbsdə qaldıqdan sonra cəmiyyətdə qanuna tabe olmaqla yaşamağa uyğunlaşma zamanı yaranan konkret problemləri aradan qaldıra bilmələrinə şərait yaratmaq üçün onlar azadlığa buraxılmağa qabaqcadan hazırlanmalı və xüsusən məhbuslar həbsdə saxlanılarkən daxil edildikləri və iştirak etdikləri hər hansı proqramların və ya islah tədbirlərinin azadetmədən sonra davam etdirilməsinə lazımi diqqət yetirilməlidir. Deməli, məhkumlara münasibətdə islah tədbirləri də adaptasiya prosesinin bir mərhələsidir. Bu proses məhkumların cəza çəkdiyi ilk gündən başlayır və cəza çəkməkdən azad edildikdən sonra da davam edir. Buna görə də Qanunun 6.2-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. Həmin Qanunun 6.1-ci maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin siyahısı verilmişdir. Bura daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək, təhsil almalarına şərait yaratmaq və digər tədbirlər aiddir. Qanun heç də cəza çəkməkdən azad edilmiş hər bir şəxsə deyil, onların arasından sosial adaptasiyaya ehtiyacı olan şəxslərə tətbiq edilir. Təsadüfi deyil ki, Qanunun 4 cü maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının ünvanlılıq prinsipinə əsaslandığı qeyd olunmuşdur. Məlumdur ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsində də qeyd olunduğu kimi, normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. Normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. xx.xx.2007-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin V sessiyası iclasında baş tutmuş "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun layihəsinin birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın 48 nömrəli iclas protokolundan da məlum olur ki, sözügedən layihə məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə imkan vermək məqsədilə hazırlanmışdır. “Azərbaycan Respublikası Milli X1 təsdiq edilməsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin Sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. Sözügedən Qanun layihəsinin üçüncü oxunuşu xx.xx.2007-ci ildə keçirilmişdir. Həmin iclasın 54 nömrəli protokolundan aydın olur ki, ikinci oxunuşun nəticələrinə əsasən Qanun layihəsinin 3.1-ci maddəsinə “cəza çəkməkdən azad edilmiş” sözlərindən sonra “və sosial adaptasiyaya ehtiyacı olan” sözləri əlavə edilmiş və layihə həmin redaksiyada səsə qoyularaq qəbul edilmişdir. Yəni dövlətin konkret iş üzrə sosial adaptasiya tədbirini tətbiq edə bilməsi üçün şəxsin bu tədbirə ehtiyacının olub-olmadığı və həmin ehtiyacın xarakteri müəyyən edilməlidir. Məsələn, Qanunun 11.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili o halda həyata keçirilir ki, həmin şəxsin sosial müdafiəyə xüsusi ehtiyacı olsun və işə düzəlməkdə çətinlik çəksin. Eləcə də Qanunun 12.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları o zaman realizə oluna bilər ki, onların tibbi yardıma ehtiyacı olsun. Eyni qaydada cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi yalnız o halda mümkündür ki, həmin şəxslərin tibbi və sosial yardıma ehtiyacı olsun. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1,58-ci yarımbəndinə əsasən Nazirliyin vəzifəsi öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirməkdir. İddiaçı tibbi və sosial yardıma ehtiyacı olması heç bir sənədlə sübut olunmur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(007)- 1039/2023 nömrəli qərarına əsasən məhkum İddiaçı üzərinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində narkomaniyadan məcburi müalicəsini davam etdirməsi vəzifəsi qoyulmuşdur, ki bu da dövlət hesabına həyata keçirilir. Tibbi yardıma ehtiyac şəxsin həyatda qala bilməsi üçün mütləq şəkildə qarşılanması vacib olan tələbatdır. Qeyd edilən müalicə isə məhkəmə qərarı ilə vəzifə kimi müəyyən edildiyindən ehtiyacdan deyil, zərurətdən irəli gəlir. İnzibati icraat materiallarından aydın olur ki, İddiaçı eyni tələblə Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə müraciət etmiş və Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 20643 nömrəli qərarı ilə ona 1200 AZN məbləğində birdəfəlik müavinət təyin edilmişdir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda Nazirliyin qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 1.0.3-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsində həyata keçirilən tədbirlərin məqsədi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin 1. Sosial mühitə uyğunlaşdırılması; 2. Hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması; 3. Bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasıdır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı Yasamal Rayon Məhkəməsinin həm xx.xx.2021-ci il, həm də xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinmiş və narkomaniyadan məcburi müalicə tətbiq olunmaqla məhkum edilmişdir. Adıçəkilən maddə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Bu cinayət yalnız qəsdən törədilə bilər. Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Sonuncu hökmə əsasən iddiaçının cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Deməli, iddiaçı ona birdəfəlik müavinət ödənildikdən cəmi 1 ay sonra eyni əməli təkrar törətmişdir. Bu da onu deməyə əsas verir ki, hazırkı iş üzrə sosial adaptasiya tədbiri kimi birdəfəlik pul müavinətinin verilməsi ilə həmin tədbirin məqsədinə nail olunmamış, əksinə iddiaçının həmin vəsaitdən təyinatı üzrə sosial mühitə uyğunlaşmaq məqsədilə deyil, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan yeni cinayətin törədilməsi üçün istifadə etməsi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Buna görə də İddiaçı cəmiyyətə adaptasiyası üçün yalnız ehtiyac olduğu halda Qanunun 6.1-ci maddəsində sadalanan dioər tədbirlər həyata keçirilə bilər. Bu kateqoriya işlər üzrə məhkəmənin araşdırmasının ilk mərhələsi cavabdehin gətirdiyi əsasların yararlılığını qiymətləndirməkdən ibarət olmalıdır, yəni cavabdeh dövlət qurumunun davranışının ümumi maraqlara xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır. Cavabdehin imtinası iddiaçı tərəfindən tələb edilən müavinət məbləği ilə törədil© biləcək yeni cinayətlərin ve iddiaçıya təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasına yönəlmişdir və bu səbəbdən qanuni məqsəd daşıyır. Araşdırmanın daha mühüm olan ikinci mərhələsində məhkəmə cavabdeh dövlət qurumunun mövqeyinin məqsədəuyğun olub-olmadığını qiymətləndirir. Bu qiymətləndirmə imtinanın zəruriliyinin və mütənasibliyinin qiymətləndirilməsini ehtiva edir. Bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin inzibati işlər üzrə sabit presedent yaratmış “Belçikada təhsildə dilin istifadəsi üzrə qanunların bəzi aspektləri haqqında” işi üzrə xx.xx.1968-ci il tarixli qərarında qeyd edilmiş “ədalətli balans” metodu tətbiq olunur. Buna əsasən məhkəmənin yekun qərarı müxtəlif faktorların birgə araşdırılmasının nəticəsində qəbul olunur. Həmin faktorlar bunlardır: işdəki ictimai maraqların əhəmiyyəti və dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları, qanunun aliliyi, araşdırılan hüququn mühümlüyü, üçüncü tərəflərin hüquqlarını qorumaq tələbi və s. Hazırkı işin halları iddiaçıya müavinətin təyin edilməsi nəticəsində güdülən məqsədlə sosial adaptasiya tədbiri arasında tarazlığın pozulacağını göstərir. Belə ki, ictimai maraqların qorunması öz hüququndan sui-istifadə etmiş iddiaçının hazırda tələb etdiyi hüquqdan daha mühümdür. Digər tərəfdən Qanunun 15.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadına əsasən digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlan ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Bu səbəbdən dövlətin hüquqa və haqq-ədalətə əsaslanmaq şərtilə sosial təminat hüququ sahəsində müəyyən mülahizə sərbəstliyi vardır. Hazırkı işdə tətbiq edilən hüquq normaları cavabdehə bu mülahizə sərbəstliyindən istifadə edərək ağlabatan və əsaslandırılmış qərar qəbul etməsinə imkan verir. Odur ki, iddiaçının sosial yardıma ehtiyacı da sübut olunmur, hətta ehtiyacı olsa belə, bu ehtiyacın adekvat qarşılığı ona müavinətin təyin edilməsi deyil. Cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib- seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan tibbi və sosial yardıma ehtiyac ilə bağlı şərtlər mövcud deyil. Qeyd olunan hallar İddiaçı birdəfəlik müavinətin təyinatına imkan verməmişdir. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya müavinətin təyinatından imtina etməkdə haqlıdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-35820/2024 №-li məktubu ilə İddiaçı (Yasamal, № 000551) müavinət ödənişinə dair təqdim olunmuş sənədlərdə olan: Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 20643 №-li Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində 1200 manat müavinət ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1039/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 il 09 ay həddində müəyyən edilmiş, cəzaçəkməsinin əvvəl; 18 iyun 2022-ci il tarixdən hesablanmış, cəzasının sonu 18 mart 2024-cü ilədəkdir. Qeyd olunan qərarla məhkum İddiaçı cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 12 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 161 №-li arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 2341-ci maddəsinə əsasən 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, o, xx.xx.2023-cü il tarixdə 1 saylı cəzaçəkmə müəssisəsindən Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, cəzanın çəkilməmiş 03 ay, 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı X2 1 saylı Bakı DOST Mərkəzi vasitəsilə cavabdeh inzibati orqana etdiyi müraciət vərəqəsindən müəyyən olunur ki, o, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi ona birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1- Ə-309519/2023 №-li Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 2022-ci ilin aprel ayında qeyd olunan müavinət növü üzrə ödəniş olunduğu və iki il ərzində təkrar müraciət edildiyi üçün birdəfəlik müavinətin ödənilməsi qanunauyğun hesab olunmaması əsası ilə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində müavinət ödənilməsindən imtina edilmişdir. İddiaçı hazırki tələblə bağlı Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-303007/2023 saylı cavab məktubunda bildirilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli 161 nömrəli A formalı arayışının surətinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzanın əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla siz xx.xx.2023-cü il tarixində Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzanın çəkilməmiş 3 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Qanunun 6.1.7-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Qeyd olunanlara əsasən ona xx.xx.2022-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün, xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. İV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Vİİİ. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. İX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi Maddə 177. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmiş şəxslər qanunvericiliyə uyğun olaraq əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququna malikdirlər. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun: ... Maddə 2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonracəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. ... Maddə 4. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının əsas prinsipləri Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. ... Maddə 6. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər. 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. ... Maddə 8. Sosial adaptasiya müddəti 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. ... Maddə 14. Cəza çəkməkdən azad edilmiş şəxslərə sosial, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. 14.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. Maddə 15. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi 15.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 15.2. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. ... Maddə 19. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. ... Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. ... Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda qeyd olunan normaların məzmununa görə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri kimi cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi nəzərdə tutulmuşdur. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin tələblərindən də göründüyü kimi sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxslərin müəyyən edilməsi və bu şəxslərin qeydiyyata götürülməsi, qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqlarının, sosial adaptasiya tədbirlərinin məzmununun və həyata keçirilməsi qaydasının izah olunması “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Bu baxımdan həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 7.1-ci, 7.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qanunvericiyin tələbləri baxımdan cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxsə tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir və həmin şəxslər üçün sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli Qərarı əsasında sonuncuya sosial adaptasiyası üçün 1200 manat miqdarında birdəfəlik müavinət ödənilmişdir. Daha sonra iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilənərək, 01 il 09 ay müddətinə azadlıqdan mərhum edilmişdir. Belə ki, iddiaçı vaxtından əvvəl cəzadan azad edilərkən sosial adaptasiya müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edirdi. Lakin, iddiaçı bu müddət ərzində yenidən qəsdən cinayət törədərək müəyyən müddətə azadlıqdan mərhum edilmiş və xx.xx.2023-cü il tarixdə isə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırki işin faktiki halları nəzərə alınmaqla iddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxsə tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətin verilməsində haqlı sayıla bilməz. Bununla yanaşı, məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya Qanunun 6.1.7 və 14.1-ci maddələrinə əsasən birdəfəlik pul müavinətinin verilə bilməsi üçün sosial adaptasiya məqsədilə onların ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılır və onlara birdəfəlik pul müavinəti verilir. İşdən müəyyən olunur ki, iddiaçı penitensiar müəssisədə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmişdir, o, cəza çəkməkdən azad edildikdən sonra da 3 ay ərzində və ümumiyyətlə qeydiyyata alınma məqsədilə cavabdehə ərizə ilə müraciət etməmişdir, başqa sözlə, Qanunun 7.2-ci maddəsilə imperativ qaydada tələb olunan üç aylıq müddət, ərizə ilə müraciət etmə və ən əsası, qeydiyyata alınma şərtlərinə onun tərəfindən əməl olunmur. Sonuncu tərəfindən qeydiyyata alınmamışdır. Odur ki, qeyd olunan qaydada qeydiyyata alınmayan şəxsin hazırkı faktiki əsaslarla iddiası təmin oluna bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar