Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6082/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 publik hüquqi şəxsinin Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 publik hüquqi şəxsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 345 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya 28 dekabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. İddiaçının Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən 24 yanvar 2023-cü il tarixli, 3-17-2/3-2162/2023 nömrəli əmrlə cavabdehə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsinə əsasən 1 yanvar 2023-cü il tarixindən etibarən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 345 manat vəsait nağdsız qaydada ödənilmişdir. İddiaçının qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması cavabdeh tərəfindən 28 dekabr 2022-ci il tarixli “ərizə-iltizam” imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 31 oktyabr 2023-cü il tarixli, 3-17-2/3- 3-627/2023 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 yanvar 2023-cü il tarixindən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq iddiaçıya bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi bir ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində cavabdehin mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin iddiaçıya könüllü surətdə geri qaytarılması ilə əlaqədar ididaçı tərəfindən 03 avqust 2023-cü il tarixli, 3-17- 2/2-T-49053/2023 və 10 yanvar 2024-cü il tarixli, 3-17-2/2-T-1225/2024 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun adında pay torpağının olması barədə onda dəqiq məlumat olmamışdır. Həmçinin o bilməyib ki, pay torpağının olması məşğulluq kimi qiymətləndirilir. İddiaçıya müraciət etdiyi zaman da ondan belə bir şey soruşulmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 24 yanvar 2023-cü il tarixli, 3-17-2/3- 2162/2023 nömrəli əmri ilə iddiaçıya 01 yanvar 2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 345 manat işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 31 oktyabr 2023-cü il tarixli, 3-17-2/3- 627/2023 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçıya işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 fevral 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı cavabdehə ünvanladığı məktublarda bildirmişdir ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 345 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada geri qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub ona təqdim olunduğu tarixdən 30 gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada geri qaytarmadığı təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Qeyd olunan məbləğin geri qaytarılması üçün bank rekvizitləri əlavə olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılmasını xahiş edir. Tərəflər arasında publik hüquqi münasibətlər olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, qanunvericiliyə əsasən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X1ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləğidir (2.0.7.). Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən (13.1.). Bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta ödənişi təyin olunur (13.2.3). İşdən göründüyü kimi cavabdeh işsizlikdən sığorta ödənişi almaq üçün iddiaçıya müraciət etmiş və ona “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.3.-cü maddəsinə əsasən sığorta ödənişi təyin edilmiş və cavabdehə 345 manat işsizlikdən sığorta ödənişi ödənilmişdir. Sonradan iddiaçı müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi var. Bu səbəbdən cavabdeh məşğul şəxs hesab edilir və ona işsizlikdən sığorta ödənişi təyin edilə bilməzdi. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “İşsizlikdən sığorta haqqında” Qanunun 18.0.1-ci maddəsinə əsasən şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə işsizlikdən sığorta ödənişi dayandırılır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 620 saylı Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda göstərilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda, həmin sənədlərin (məlumatların) təqdim edilməsinə dair MEİS vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir (5.1.). Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciəti “Məşğulluq” altsistemi (bundan sonra – MAS) tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişi alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc onun mobil telefon nömrəsinə göndərilir (2, 3, 4 və 5 nömrəli əlavələr) (5.2.). “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır (6.2.). Göründüyü kimi “İşsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda işsizlikdən sığorta ödənişi geri qaytarılır. 18-ci maddədə isə bu əsaslardan biri kimi “şəxsin məşğul şəxs hesab edilməsi” qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Qanunda nəzərdə tutulan “şəxsin məşğul şəxs hesab edilməsi” dedikdə şəxsin işsiz şəxs olmasına əsas olan halların sonradan aradan qalxmasına baxmayaraq onun bu barədə işsizlikdən sığorta ödənişini təyin edən orqana məlumat verməməsi nəzərdə tutulur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraatfiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunda həmçinin göstərilir ki, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi şəxslərin müraciət və şikayətlərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat aparılmalı və bununla bağlı müvafiq araşdırma aparılmalıdır. Hazırkı iş üzrə cavabdeh işsizlikdən sığorta ödənişinin verilməsi üçün tələblə iddiaçıya müraciət edərkən iddiaçı bununla bağlı müvafiq inzibati icraat apararaq cavabdehə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün faktiki halların mövcudluğunu öz xidməti vəzifəsinə görə araşdırmağa borclu idi. Belə ki, iddia tələbinin məzmunundan da görünür ki, iddiaçı cavabdeh adına torpaq sahəsinin sonradan ayrıldığını iddia etmir. O, həmin vaxt cavabdehin adında torpaq sahəsinin mövcud olduğunu, lakin cavabdehin bu barədə məlumat vermədiyini iddia edir. Cavabdeh isə qeyd edilən məsələ ilə bağlı məlumatlı olmadığını bildirir. Belə ki, işsizlikdən sığorta ödənişi təyin edildikdən sonra cavabdehin mülkiyyətinə hər hansı torpaq sahəsi keçmiş olsaydı, bu hal “İşsizlikdən sığorta haqqında” Qanunun 18.0.1-ci maddəsinin təsir dairəsinə düşə bilərdi. Həmçinin, qeyd olunmalıdır, ki məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış məktubunda əsasən cavabdehin adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 publik hüquqi şəxsinin Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6082/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6082/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver